BolgeXeber.Com » Müsahibə-Reportaj » Efirdə imkanlı adam axtarıb evlənmək düz deyil

Efirdə imkanlı adam axtarıb evlənmək düz deyil

19-10-2012, 13:30
Oxunub: 5 651 Mehriban Zeynalova: "Ümumi fikrə görə, qadın döyülə də bilər, söyülə də bilər, günahı varsa hətta öldürülə də bilər”

"Televiziya ekranlarına çıxıb imkanlı namizəd axtarmaq, yaxud ərə getmək xatirinə kor-koranə ailə qurmaq düzgün deyil”

Azərbaycanda hazırkı vəziyyətin ümumi mənzərəsini öyrənmək məqsədilə Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə həmsöhbət olduq.
- Son vaxtlar belə bir tendensiya mövcuddur. Arvadını, bacısını, qızını, hətta anasını öldürən kişilər bunu namus üstündə etdiklərini deyirlər. Bu barədə nə deyə bilərsiniz?
- Bəzi hallarda ola bilsin ki, bu həqiqətdir. Amma çox vaxt kişilər özlərinə haqq qazandırmaq üçün qadınlara şər atırlar. Ümumiyyətlə, hansı səbəbdən olursa-olsun, insanı, hələ incə məxluq olan qadını öldürək və ya döymək, onu təhqir etmək yolverilməzdir. Təəssüf ki, əksər kişilər hələ də bunu başa düşmək istəmirlər.

Qızı atası, qardaşı, əmisi zorlayıb

- Sizcə cəmiyyətdə sağlam ailə modeli necə olmalıdır. Son vaxtlar azyaşlı qız uşaqlarına edilən təcavüzlər də artmaqdadır?


- Qız uşaqlarının zorlanması və onlara qarşı edilən digər zorakılıqlar heç bir şəkildə qəbul edilən deyil. Mən bu günlərdə feyzbukda öz statusumda yazdım ki, qadınlara qarşı zorakılıqla bağlı hansı qınaq üsullarından istifadə etmək olar. Yəni heç bir qınaq yoxdur. Bu yaxınlarda bir dəhşətli informasiya eşitdim. İnformasiyada bildirilirdi ki, 15 yaşlı qızı atası, qardaşı sonra isə əmisi zorlayıb. Bu çox dəhşətli faktdır və böyük faciədir. Buraya azyaşlı uşaqlara edilən təcavüzləri, şiddəti də qatmaq olar. Söhbət ondan gedir ki, ümumi cəmiyyətdə daha çox mövzular seks ətrafında aparılır. Qadın olaraq onun müqəddəsliyi, ana olması gündəmə gətirilmir. Əksinə, daha çox zorlanması faktları müzakirə olunur. İctimai sferalarda tam açıq olmasa da, arxa planda qadına yanaşma məhz bu cür formalaşmağa başlayıb. Bu isə böyük təhlükələrdən xəbər verir. Hesab edirəm ki, Azərbaycanda çox böyük qınaq kampaniyası keçirilməlidir və bu fikirləri yayan adamların qarşısı alınmalıdır. Qınaq cəzası olmadığından bu gün danışdığımız bu kimi hadisələr baş verir.

Eyni zamanda, bu, qloballaşma siyasətidir. Bu siyasətin əsas məqamlarından biri millətlərin, sərhədlərin yox olmasıdır. Biz özümüz də hiss etmədən qloballaşmanın təsiri altına düşürük. Bəziləri bunu belə əsaslandırır ki, hökumət ailənin qayğısına qalmır. Düşünürəm ki, bu belə deyil. Məsələ bundadır ki, dəyərlər sisteminin pozulmasına yönəlmiş siyasət qloballaşmanın siyasəti olmaqla insanların düşüncə tərzinin dəyişməsinə gətirib çıxarır. Bacısına ən alçaq gözlə baxan kişi heç bir dəyərə malik olmayan insandır. Bu kimi məsələlər çox ciddi məsələlərdir və müzakirə mövzusu olmalıdır.

İnsan alveri yalnız cinsi istismar deyil
- Çıxış yolunu nədə görürsünüz?


- Mən demirəm ki, biz keçmişin xoşagəlməyən adətlərinə qayıdaq. Hər halda, bu kimi hallara qarşı müqavimət göstərməliyik və bizim öz dəyərlər sistemimiz olmalıdır. Öz dəyərlərimiz olmayanda kişi arvadına əxlaqsız deyib, məhkəmədə üzünə dura bilir. Bəli, kişi arvadına əxlaqsız damğası vuraraq onu öldürə bilir. Hamı da ona bəraət verir ki, bəli, qadınlar hamısı əxlaqsızdır. Axı belə deyil. Bu gün öz övladından imtina edib, mənim uşağım deyil deyən və atalıq faktını müəyyən etmək üçün süründürülən nə qədər qadın var. Bütün bunlar dəyərlər sisteminə birbaşa zərbə, insanlarda tamamilə fərqli düşüncələr formalaşdıran qloballaşdırma siyasətinin nəticəsidir. Mən bunun tam əleyhinəyəm.

- İnsan alveri qurbanları barədə nə deyə bilərsiniz. Onların reabilitasiyası yönümündə hansı işlər görülür?

- İnsan alveri qurbanları ilə bağlı həqiqətən də ciddi tədbirlər görülür. Daxili İşlər Nazirliyi tərəfindən problemlə əlaqədar mübarizə kompleks şəkildə aparılır. Respublikada 15 nazirlik bu məsələyə qoşulub. Bu yöndə qanunvericilik aktları təkmilləşdirilib. Azərbaycanda iqtisadi imkanların genişlənməsi, iş yerlərinin əvvəlki illərlə müqayisədə artması bu problemin müəyyən qədər qarşısını alır. Lakin insan alveri yalnız cinsi istismar deyil. Onun müxtəlif formaları var. Bu o demək deyil ki, bu gün Azərbaycanda insan alveri ilə mübarizə dayandırılmalıdır. Buna ehtiyac yoxdur. Hazırda orqanların transplantasiyası problemi var. Uşaq alveri, əməyin istismarı, məcburi əmək problemi bütün dünyanı narahat edir. Bu baxımdan ölkədə insan alveri azalıb deyə, bir fikir formalaşdırmaq da olmaz.

- İnsan alveri qurbanlarının sığınacaqları var. Orada reabilitasiya keçirlər.

Sığınacağa düşmək və orda yaşayış şərtləri necə tənzimlənir?


- Bəli, sığınacaqlar fəaliyyət göstərir, reabilitasiya genişlənib. Sığınacaqların sayı artırılmaqdadır. Belə sığınacaqlar yalnız DİN nəzdində deyil, QHT-lərin nəzdində də formalaşdırılmağa başlayıb. Kişilər üçün Azərbaycan Miqrasiya Mərkəzində, uşaqlar üçün Azərbaycan Uşaqlar Birliyi nəzdində, o cümlədən, "Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində belə sığınacaqlar var. Bu sığınacaqlarda da insan alveri qurbanlarına potensial yardımlar göstərilir.

Qadın öz ayağı üstə durmağı bacarmalıdır

- Televiziyaların evlənmə proqramlarına münasibətiniz necədir, bu, mənəvi dəyərlərə necə təsir göstərir?


- Belə proqramlar ictimai qınağa məruz qalır. Çoxları efir məkanında yer alan evlənmə proqramları ilə bağlı etiraz səslərini də qaldırır və bağlanmasını istəyirlər. Bilirsiniz, bu məsələyə birmənalı baxmaq olmaz. Belə proqramların tamamilə bağlanmasını da düzgün saymıram. Burada xeyirli məqamlar da var. Belə ki, evlənmək, evlənəcəyi insanla tanış olmaq imkanları məhdud olan yüzlərlə insan var. Əlillər, evdən kənara çıxa bilməyən insanlar var. Bu proqramlar onlara gözəl imkanlar yaradır.

- Elə insanlar var ki, 3-4 dəfə evlənib və ya ərə gedib. Lakin yenə evlənmək istəyir. 70 yaşlı bir qadın bir neçə dəfə o proqramda evlənib. Yəni boşanır və sonra da proqrama çıxıb "talib” gözləyir. Ola bilməzmi ki, bu proqramlar fiziki məhdudiyyətli, yaşı keçmiş subay insanların üzərində qurulsun?

- Bəli, bəzi insanlar özlərini auksion kimi ortalığa çıxaranda və ya nəzarət olmayanda evlənənlərin sonrakı həyatı monitorinq edilməyəndə mənfi hallara gətirib çıxarır. Təəssüflər olsun ki, bizim qızlar verilişlərə çıxaraq özlərinə ər axtarmaq məcburiyyətində qalırlar. Mən onun əleyhinəyəm ki, bizim qadınların düşüncə tərzi yalnız ərə getməklə məhdudlaşdırılır. İstər sağlam olsun, istərsə də xəstə, qadın öz ayağı üstə durmağı bacarmalıdır, öz karyerası, iqtisadi imkanlarının genişlənməsi barədə də düşünməlidir. Bu olarsa, seçim imkanları da genişlənər, ailəyə ciddi yanaşma da olar. Ailə qurmaq vacibdir və müqəddəsdir. Qızlar onun müqəddəsliyini, dəyərini başa düşəndən sonra ailə qurmalıdırlar. Televiziya ekranlarına çıxıb imkanlı namizəd axtarmaq üçün və ya ərə getmək xatirinə kor-koranə ailə qurmaq düzgün deyil. Qızların hələ uşaqkən beyninə "ərə getməlisən!” fikrini salmaq da səhvdir. Yaşlı bir qadın efirdə özünə ər axtaranda ictimai qınağa tuş gəlir. 70 yaşlı qadın öz ağbirçəkliyini, böyüklüyünü qorumalıdır. Bu qadınlar gəlib belə bir ənənə nümayiş etdirirsə, milli mənəvi dəyərlərimiz məhv olur.

azadqadın.az