BolgeXeber.Com » Müsahibə-Reportaj » Süleyman Mikayılov məhkəmə qarşısında

Süleyman Mikayılov məhkəmə qarşısında

19-01-2011, 12:30
Oxunub: 6 868
Qaradağın icra başçısı sahibkara 678 min manat ziyan vurduğu üçün cavab verməli olacaq

Artıq xeyli vaxtdır Qaradağ rayonunda baş verən özbaşınalıqlarla bağlı xeyli sayda şikayətlər daxil olmaqdadır. Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun qeyri-qanuni əməllərindən şikayətçi düşənlər baş verənlərdən cana yığılaraq, icra başçısını məhkəməyə vermək qərarına gəliblər. Bolgexeber.com-a bildirir ki, onlardan biri də Qaradağ rayon, Lök-Batan qəsəbəsi, Massiv 4, keçid 9, ev 14-də yaşayan Ağayev Kənan Ağahüseyn oğludur.

Bolgexeber.com-a müraciət edən K.Ağayev başına gələnləri və əmlakının dağıdılması ilə bağlı faktları açıqlayıb. Şikayətçi deyir ki, onun Lök-Batan qəsəbəsi, S.Orucov küçəsi 20 ünvanında 692,8 kadratmetr sahəsi olan mağazası olub. «1 saylı mağaza üzərində mənim mülkiyyət hüququm vardı. Və bu barədə mənə Dövlət Əmlakını İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 001105 nömrəli şəhadətnamə verilib. Həmin şəhadətnaməyə əsasən mənim 1 saylı mağaza üzərində mülkiyyət hüququma dair 4 saylı Reyster Kitabının 87-ci səhifəsində 29.01.2007-ci ildə qeyd aparılıb».

K.Ağayev deyir ki, göstərilən mağazanın bir hissəsi 2010-cu ilin iyul ayında, bir hissəsi isə 2010-cu ilin 27 noyabr tarixində Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun göstərişi ilə sökülüb. «Belə bir göstəriş üçün heç bir qərar və məhkəmə qətnaməsi mövcud deyil. Sökülmüş sahənin tikinti altında olan hissəsi 309 kvadratmetrdir. Mən həmin sahədə yenidənqurma işləri apararaq, 40,4 kvdarat metr sahəsi olan soyuducu anbarı tikdirmişdim. 80 kv.m olan hissədə isə plastik qapı-pəncərə sexi açmışdım ki, həmin sex də fəaliyyət göstərirdi».

Şikayətçi Bolgexeber.com-a onu da bildirib ki, yuxarıda göstərilən söküntülərdən sonra 07.12.2010-cu ildə heç bir xəbərdarlıq edilmədən «Bakıelektrikşəbəkə» ASC-nin əməkdaşları tərəfindən mağazanın elektrik enerjisi kabelləri kəsilib, elektrik dirəyi isə yerindən çıxarılıb. «Rayon İşıq İdarəsinin rəhbəri mənə bildirdi ki, bütün bunlar Qaradağ rayon icra başçısının göstərişi ilə edilib».

K.Ağayev deyir ki, mağazanın tikinti altında olan 309 kv.m hissəsinin sökülməsi nəticəsində ona 618 min manat məbləğində (309 kv.m x 2000 manat), elektrik kabelinin kəsilməsi və dirəyin yerindən çıxarılması nəticəsində isə 10 min manat ziyan vurulub. «Göründüyü kimi, mənim mülkiyyətimə qəsd edilib və mülkiyyət hüquqlarım pozulub. Mən də hüquqlarımı müdafiə etmək məqsədi ilə məhkəməyə müraciət etmişəm».

Şikayətçi onu da vurğulayıb ki, mülkiyyətin edilən qəsd nəticəsində ona mənəvi ziyan da vurulub. «Həmin ziyanı 50 min manat dəyərində dəyərləndirirəm. Belə ki, baş verən hadisələr, yəni heç bir qanuni əsas olmadan əmlakımın böyük hissəsinin sökülməsi nəticəsində mən əsəb sarsıntısı keçirmiş və stress vəziyyətinə düşmüşəm. Xeyli vaxtdır ki, psixoloji gərginlik içindəyəm. Mənə dəyən ümumi zərərin miqdarı isə 678 min manatdır və onun mənə ödənilməsini tələb edirəm».