BolgeXeber.Com » Müsahibə-Reportaj » Deputatlar Zərdüşt Əlizadəni də məhkəməyə verir

Deputatlar Zərdüşt Əlizadəni də məhkəməyə verir

7-11-2012, 12:20
Oxunub: 4 636 REAL hərəkatının sədri İlqar Məmmədov deputatların onu məhkəməyə verməsindən narahat deyil

Bununla belə, o, deputatların bu addımını şərh etmək istəmədiyini bildirib. İ.Məmmədov “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, deputatlar onu məhkəməyə verdikdən sonra bu barədə danışacaq: “Hələ onlar məhkəməyə rəsmi şəkildə müraciət etməyiblər. Qoy etsinlər, bundan sonra şərh edəcəm”.

Qeyd edək ki, məhkəməyə müraciət etmək niyyətinə düşən 20 deputatın əksəriyyəti onu mətbuat səhifələrində təhqir edib.

Məhkəməyə müraciət edəcək deputatlardan biri Fəzail Ağamalı isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, deputatların qərarı düzgün addımdır və bu addımı dəstəkləyir. Həmçinin o, İ.Məmmədovu təhqir etməkdən də çəkinməyib: “Mən İlqar Məmmədovu zooparkda heyvanların yanında görməkdən çox böyük zövq alardım. Əgər məni qınamasaydılar, Avropa Şurasının sanksiyaları olmasaydı, çox böyük məmuniyyətlə İlqar Məmmədova orada sevmiş olduğu heyvanların yanında zəncirləyərdim. Ancaq nə etmək olar ki, bu imkanlar mənsə olsa da, müəyyən məqamlar bunu reallaşdırmağa imkan vermir. Məhkəməyə on deputat da, 20, lap yüz deputat da müraciət edə bilər. İmzanın sayının prinsipial fərqi yoxdur. Hər bir deputat onu yerində oturmaq üçün hüquqi əsaslara malikdir. Bu təşəbbüsü kim irəli sürübsə, düz edib. O, məhkəmə qarşısında cavab verməli olacaq”.


F.Ağamalı politoloq Zərdüşt Əlizadənin də məhkəməyə veriləcəyini qeyd edib: “İlqar Məmmədovun başqa tayı olan Zərdüşt Əlizadə də eyni vəziyyətdə hüquq-mühafizə orqanları qarşısında cavab verməli olacaq. Çünki o İlqar Məmmədovun sözünü təsdiq etməklə kifayətlənməyib. Eyni zamanda daha ağır ittihamlarla deputatları təhqir edib. Onların hər ikisi məhkəməyə, istintaqa cəlb olunmalıdır. Onlara tərbiyəli olmaq dərsi keçilməlidir. Deputatların bununla bağlı iradəsi ortalıqdadır, mən də o iradənin yanındayam”.

Qeyd edək ki, deputatların İ.Məmmədovla bağlı məhkəməyə hazırlaşmasına səbəb politoloqun deputatlar barədə şəxsiyyəti aşağılayan ifadələri olub. O, öz bloqunda parlamenti təhqir edən status yazıb: “ Mən Azərbaycan parlamentini bu yazı ilə təhqir edirəm. Yaxşı edirəm.

Çünki Azərbaycan parlamenti böyük əksəriyyəti fırıldaq olan adamların toplandığı bir zooparkdır. Orta əsrlərdə hər şah öz yanında bir zoopark saxlayarmış, bu da o növdəndir. Milli Məclis- onun təyin olunma qaydası, onun iş prinsipləri, onun danışdığı fikirlər, onun sürdüyü maşınlar, onun mindiyi eşşəklər- hamısı Azərbaycan adlı ölkə üçün bir təhqirdir. Özünü millətin adından danışan kimi göstərən bu zoopark, Azərbaycanda inqilab mahiyyətli dəyişikliklər nəticəsində həbs edilməlidir. Onun buraxılması haqda tələblər mənasızdır- zooparkın birini digərilə əvəz etməyin nə xeyiri, əgər ikisi də şahlıq sisteminə xidmət edəcəklərsə? Bu gün eşitdim ki, zooparkdakı bəzi ünsürlər geninə-boluna danışaraq özlərini təhqirdən qorumağı xahiş ediblər şahdan. Guya bunların şahından qorxan var. Zooparksınız ki, zoopark!”.