BolgeXeber.Com » Müsahibə-Reportaj » Mirzə Sakit Əli Kərimlini yenə ittiham etdi

Mirzə Sakit Əli Kərimlini yenə ittiham etdi

16-11-2012, 14:30
Oxunub: 5 143 Hazırda Belçikada mühacir həyatı yaşayan tanınmış satirik şair Mirzə Sakit Gunxeber.com saytına müsahibə verib.

Müsahibəni olduğu kimi oxuculara təqdim edirik.

- Mirzə, necəsiniz?
- Sağ olun, hələki salamatam, yaşamaq uğrunda mubarizə aparıram. Hərdən də alınır.

- Deyəsən “Facebook”dan başqa çap olunmağa yer qalmayıb?
- Facebook bir dünyadır, bu ən böyük tribuna hesab olunur. Buna görə də facebookun ölənlərinə qəşəng bir rəhmət düşür. Ürəyimiz nə istəyirsə, necə istəyirsə burda yazırıq.

- Etiraf edirsiz ki, əvvəllər daha çox şair-yazar kimi diqqət mərkəzində idiniz?
- Mən elə deməzdim. Əksinə indi daha çox oxucular qazanmışam, amma onu da etiraf edim ki, bəli, qəzetdə dərc olunmaq bir başqa önəm. Deyim ki, müasir dünyada internet məkanı nə qədər çox inkişaf etsə də qəzet öz populyarlığını itirmir. Əlbəttə qəzetdə dərc olunmağımı çox istəyərdim. Amma neyləmək olar ki, indi azad mətbuat qıtlığındayıq.

- Sizdən “Azadlıq”ınızı kimlər aldı?
- Əgər Azadlıq qəzetini nəzərdə tutursunuzsa, mənim Azadlıq qəzetindən uzaqlaşdırılmam birmənalı şəkildə Əli Kərimlinin göstərişi ilə oldu. Bunu etiraf etməsələr də bu belədir. Etiraf etmək üçün insanın içərisində bir özəllik olmalıdır, bu özəlliyin də onlarda olması mümkün deyil. Başqa AZADLIQdan söhbət gedirsə, onu məndən heç Allah da ala bilməz, nəinki insanlar. Mən ruhən tam azad bir insanam.

- Bəlkə, Qənimət Zahidə müraciət edib yenidən “Azadlıq”a yazasız?!
- Yuxarıda dediyim kimi Qənimət Zahid bu məsələdə buluna bilməz. Çünki qəzetin sahibi o deyil, Qənimət Zahidlə mənim dədəm eyni kişidir, lakin biz başqa fikirli insanlarıq.
Mən dədəmə daha çox oxşayıram. Dədəm həddindən artıq müstəqil bir insan idi.

- Hazırda mühacirətdəsiz. Amma bildiyim qədər mühacir statusu ala bilmirsiz. Səbəb?
- Noyabr ayının 5-də Belçika hökuməti mənə Belçikada yaşamaq üçün rəsmi şəkildə status verdi. Artıq mən bu ölkədə yaşamaq hüququna malikəm. Burada azərbaycanlı muhacirlərin çox olmasına baxmayaraq, çoxlarına bu status verilmir. Çünki Belçika hökuməti hər bir muhacirin işini dərindən yoxladıqdan sonra bu statusu verir. Mənim burada yaşamaq statusu almağım üçün çox da problem yaşanmadı. Bunun üçün kifayət qədər subutlar və dəlillər var.

- Ümumiyyətlə, azərbaycanlı mühacirlərin orada vəziyyəti necədir?
- Azərbaycanlı muhacirlər burada öz adi həyatlarını yaşayırlar. Amma çox istəyərdim ki, bura gələnlər bu gün Azərbaycan hakimiyyətinə qarşı burada böyük bir təşkilat və yaxud bir partiya yaradalar. Təəssüf edirəm ki, bu məsələdə onlar çox tənbəllik göstərirlər. Bəlkə də laqeydlik göstərirlər. Əksəriyyətinin içində bir qorxu hökm sürür. Sanki bu insanlar gecə-gündüz öz təhlükələrinin girovluqundadırlar. Mən istəməzdim ki, bizim xalqımızın nümayəndələri öz vətəninə və vətəndaşlarına qarşı bu qədər biganə olsunlar. Burada bu insanların bəzilərini Azərbaycan hakimiyyəti müxtəlif təşkilatlar gölgəsində ələ ala bilir. Bu yaxınlarda biz Avropada yaşayan azərbaycanlılardan ibarət bir partiya ya da bir təşkilat yaratmaq fikrindəyik. Artıq bu haqda çox ciddi iş gedir. Hesab edirəm ki, çox yaxın zamanda biz bu məqsədimizi elan edəcəyik. Tam əminliklə deyə bilərəm ki, Avropada yaşayan və pərən-pərən olmuş azərbaycanlılar yaradacağımız təşkilata üzv olmaqla birləşəcəklər. Əsas məqsədimiz və məramımız isə xalqa xidmət və Azərbaycanı bu dəhşətli Avtoritar sistemdən azad etmək olacaq.

- Azərbaycana qayıtmaq planınız varmı?
- Hazırda mən hətta istəsəm də belə Azərbaycana qayıda bilmərəm. Buna hüquqi baximdan da mümkün deyil. Amma hardasa 4-5 ildən sonra mən bu hüququmu bərpa edə biləcəm. Çox istəyərdim ki, doğmalarımla, dostlarımla görüşəm. Ən çox narahat olduğum məsələ isə anamla bağlıdır. Ona bir şey olsa mən Azərbaycana gələ bilməyəcəm, bu da çox ağrılıdır. Amma hərdən anamla skaypda danışırıq. Adəti üzrə dediyi söz bu olur : «Qadoyalım, ağıllı ol ». Necə ağıllı olmağımı isə hələ də dərk edə bilmirəm. Əgər bu yaşımda anam mənim ağıllı olmağımı arzulayırsa, demək məndə ağıl deyilən nəsə yoxdur. Hər halda anam məndəm çox bilir ki, bu sözü deyir.

- Elşad Abdullayevlə necə görüşmək imkanınız olubmu?
- Açığı deyim ki, Elşad Abdullayevlə görüşmək həvəsində də deyiləm. Əgər o adamın ictimaiyyətə təqdim etdiyi videoları necə əldə etməyini anlayıramsa, deməli, nəsə bilirəm. O videolar MTN məhsuluna daha çox oxşayır. Vaxtilə Elşad müəllimin o qurumla bağlılığı o videolarda öz əksini tapır. Amma burdan ona demək istəyirəm ki, ehtiyatlı olsun və Litvinenkonu yadına salsın. KQB belə « zarafatlar »ı xoşlamır nə də bağışlamır.

- Necə hesab edirsiz, həmin video hakimiyyəti zərbə altına qoya bildimi yoxsa bu vəziyyətdən də çıxa bildilər?
- Diqqətlə baxsanız hər işığın içində qara nöqtələr görərsiniz, eyni zamanda hər qaranlıqda da bir işartının olmasına şahidlik edərsiniz. O videolar xalqımıza heç də xoşbəxtlik gətirmir. Necə deyərlər, meymunun yüz oyunu bir armudun başındadır. 2005-ci ildə Hacı Məmmədov olayından sonra bu hakimiyyət süquta uğramalı idi. Lakin göründüyü kimi o olaydan sonra hakimiyyət xalqa qarşı daha da aqressivləşdi və qanunlar daha da mənasızlaşdı. Buna « Milyarderlər İttifaqı »nı da misal gətirə bilərəm. Bu « İttifaq » da « Ayı oyunu »na daha çox bənzəyir. Putinin qulağına “LAPŞA » asmaq Məmədnəsirlik deyil.

- Müxalifətin parlamentin buraxılması tələbi ilə keçirdiyi aksiyaları necə qiymətləndirirsiz?
- Bu aksiyalarda iştirak edən insanlar məni bağışlasınlar. Deyim ki, bu aksiyalar cocuğların taxta tapanca ilə oynadıqları « dava-dava » oyununa daha çox bənzəyir. Sizə bir misal çəkim. Bəzən mən sosial şəbəkələrdə yazıram ki, filan insanları özümə dost hesab edirəm. Deyək ki, Mirmahmud Mirəlioğlunu, İsa Qəmbəri, İqbal Ağazadəni və başqalarını…Bir dəfə cəbhəçi dostlardan biri mənə yazdı ki, a bəy, İqbal Ağazadə bu hakimiyyətlə danışığa getdiyinə görə ona deputat mandatı veriblər, yoxsa bu hakimiyyət elə-belə yerə heç kimə mandat verməz. Həmin o cəbhəçi dosta yazıb dedim ki, şəkililər demiş, a səən gözuu yeem, bəs vaxtı ilə Cəmil Həsənli, Nizami Quliyev, Əli Kərimli deputat olanda o zaman Prezident bəyəm Məmməd Əmin Rəsulzadə idi ? Onda da prezident Heydər Əliyev idi daa. Bəs nə əcəb onlara mandat verildi ?
YAP hakimiyyətinin proqramı bir-neçə dönəmdən ibarətdir.
O zaman Heydər Əliyev hakimiyyətindəki proqramının birinci dönəmi başlamışdı. Hal-hazırda isə o proqramın üçüncü dönəmindəyik. Hakimiyyətin ideoloqları Prezident Administrasiyasında əyləşib ağ və qara siçanlar kimi gecə-gündüz plan cızırlar ki, bu xalqı daha hansı formada çox didşdirə bilsinlər. Parlamentin buraxılması tələbi qışqırmaqla həll olunmur. Onun bircə yolu var, o yolda isə hələ görünən bir kimsə yoxdur. Yol bom-boş qalıb. Gerçək yol….Uzun həm də incə bir yol…..