BolgeXeber.Com » Müsahibə-Reportaj » Dekabrda vicdan məhbuslarinin əfvi gözlənilir

Dekabrda vicdan məhbuslarinin əfvi gözlənilir

22-11-2012, 10:25
Oxunub: 4 357 Səidə Qocamanlı: “Yanvarda Ştrasserin AŞ PA-da hesabatı olacaq, onadək siyasi məhbusların sayını azaltmalıyıq”

“Biz uzun müddət onların azadlığa buraxılmasına çalışmışıq. Bu barədəki istəyimizi ölkə rəhbərliyinə də bildirmişik. Hər iki məhbusun sənədləri artıq hazırlanıb və ömürlükdə olduqları üçün onların işi məhkəməyə gedəcək. Ən arzuolunanı budur. Və inanıram ki, onlar dekabr ayına qədər azadlıqda olacaqlar”.

Bu sözləri “Yeni Müsavat”a hüquq müdafiəçisi Novella Cəfəroğlu 1995-ci ildə həbs olunmuş keçmiş OMON-çular Səfa Poladov və Arif Kazımovun azadlığa çıxacağına dair məsələni şərh edərkən deyib.

Səfa Poladovla Arif Kazımov 16 ildir Qobustan qapalı həbsxanasında ömürlük cəza çəkirlər. Onların adı ABŞ Dövlət Departamentinin, Avropa Şurasının ilk siyasi məhbuslar siyahısında olub. Lakin son əfv fərmanı onlara şamil olunmadı. Baxmayaraq ki, hər iki məhbus və valideynləri dəfələrlə ölkə başçısına əfvlə bağlı müraciətlər ediblər.

Hüquq müdafiəçisi N.Cəfəroğlunun onların dekabrda azadlığa çıxacağını anons etməsi bir məsələni yenidən aktuallaşdırdı. Görəsən, dekabrda əfv fərmanı olacaqmı? Əfv siyahısında vicdan məhbuslarının, siyasi məhbusların adlarını görə biləcəyikmi?

Bu mövzuda bizimlə söhbətləşən hüquq müdafiəçisi Səidə Qocamanlı dedi ki, prinsipcə dekabrda əfv gözlənilir: “Hər il həm yeni təqvim, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə əfv fərmanı imzalanır. O cümlədən bu il də əfv gözləyirik. Heydər Əliyevin vaxtında da belə olub, indi də əfv verilir. Ancaq bizi narahat edən başqa məsələdir. Bilirsiniz ki, yanvarda AŞ PA-nın siyasi məhbuslar üzrə həmməruzəçisi Krostefer Ştrasserin Azərbaycanla bağlı hesabatı olacaq. Avropa Şurasının iclasında bu hesabat təqdim olunacaq. Biz çalışırıq ki, Ştrasserin hesabatına qədər Azərbaycanda siyasi məhbusların sayının azaldılmasına nail olaq. Dekabrda əfv fərmanında siyasi məhbusların adlarının olmasına səy göstəririk. Əgər buna nail olsaq, yanvarda AŞ PA-nın iclasında cənab Ştrasserin hesabatında xeyli irəliləyiş olacaq. Bu mənada bizə qınaqlar nisbətən səngiyəcək, haradasa ölkəmizə münasibət dəyişəcək”.

S.Qocamanlı hesab edir ki, siyahıda vicdan məhbusları da olacaq: “Ona görə də gözləyirik ki, Ştrasserin hesabatına qədər əfv olsun və siyasi məhbusların sayı azalsın. Biz buna ümid edirik. Arzu edirik ki, Vidadi İsgəndərli, Şahin Həsənli, Taleh Xasməmmədov və başqa siyasi məhbuslar azadlığa buraxılsın. Amma kimlərsə bizi qərəzli şəkildə ittiham edir. Axı biz təkcə siyasi məhbusların işi ilə məşğul olmuruq. Digər hüquq pozuntuları, yüzlərlə haqqı tapdanan insan bizə müraciət edir. Bu gün Ucarda tutulan Fuad Hüseynovun işi ilə maraqlanırıq. Taleh Xasməmmədov onun hüquqlarının müdafiəçisi olub. Fuad günahsız tutulub və məhkəmədə dövlət ittihamçısı ona 6 il yarım iş istəyib. Yəni təkcə siyasi məhbuslar məsələsi deyil. Biz ümid edirik ki, keçmiş OMON-çular da azadlığa çıxacaq. Artıq onlar kifayət qədər cəza çəkiblər. Biz ölkə rəhbərinə də müraciət etmişik. Onların cəzalarının xeyli dövrünü çəkməsini və səhhətini nəzərə alıb əfv imzalasın”.

S.Qocamanlı həbsdə olan “Səid Dadaşbəylinin dəstəsi” üzvlərinin Ştrasserin siyahısına salınmasına da münasibət bildirdi: “Bu işlə bağlı bizə haqsız təzyiqlər var. Bu məsələyə dəfələrlə münasibət bildirmişik. Onlar bizi günahlandırır ki, niyə Səidin qrupunu siyasi məhbus hesab etmirik. Biz də tələb edirik ki, açıq məhkəmə keçirilsin, monitorinq aparaq, onların niyə həbs olunduğunu aydınlaşdıraq. Məhkəmədə iştirak edək və tutulanların ifadəsini dinləyək. Bilək ki, bunlar nə səbəbə həbs olunub. Ancaq məhkəmə qapalı keçirilib və bir sıra qanun pozuntuları qeydə alınıb. Hazırda iş Avropa Məhkəməsindədir. Tövsiyəmiz budur ki, açıq məhkəmə olsun və ondan sonra rəy verək”.

Emil SALAMOĞLU