BolgeXeber.Com » Müsahibə-Reportaj » “Talış dili ana dilimdir, siz mənə deyirsiniz ki, Azərbaycan dilində danış”

“Talış dili ana dilimdir, siz mənə deyirsiniz ki, Azərbaycan dilində danış”

23-11-2012, 13:10
Oxunub: 9 460 Mehdi Səfərov: “Talışam, biz Azərbaycan dilini dövlət dili sayırıq, ancaq öz evimizdə”

Ötən günlərdə bir qurup şəxs tərəfindən yaradılan Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin sədri Mehdi Səfərov “Ədalət” qəzetinə müsahibə verib. Bolgexeber.com həmin müsahibəni təqdim edir:

- Mehdi müəllim, Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi adlı qurum yaratmısınız. Buna nə ehtiyac var idi? Talışların hüquqlarının pozulması ilə bağlı sizə müraciət edən olub?
- Öncə onu deyim ki, “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovla bağlı ortaya atılan ittihamları biz qəbul etmirik. Bu faktlar uydurma faktlardır. Mən və Eldəniz Quliyev Hilal Məmmədovun Hüquqlarının Müdafiə Komitəsinin üzvləriyik. Biz H.Məmmədovun həbs olunmasını qeyri-qanuni sayırıq. Onun cibinə narkotika atııb, sonra vətənə xəyanətdə ittiham edirlər. Bu faktlar bir-birini təkzib edir. Dünyanın heç bir yerində olmayan bir seydir ki, norkoman getsin agent olsun. Bunlar talışların hüquqlarının pozulması ilə bağlı faktların öz təsdiqini tapmasına rəvac verir. Həm Bakıda, həm də talış regionunda olan ziyalılarla bunu müzakirə elədik, talışların adından xaricdə, və ya başqa yerdə danışan təşkilatlar var. Onlar bizə düşmən olan dövlətin ərazisində bizim adımızdan danışırlar. Bu isə bizə pis gəlir. Baxmayarq ki, onlar bizim problemlərimizi dilə gətirirlər. Biz onlara bu hüququ verməmişik ki, bizim adımızdan danışsınlar. Ona görə də, biz belə bir təşkilat yaratmaq qərarına gəldik. Öz dövlətimizin içində konstitusiyamızın təsbit etdiyi qanunlar əsasında öz dilimizi, mədəniyyətimizi, folklorumuzu, adət-ənənəmizi hiss etmək, onu qoruyub saxlamaq istəyirik. Bu işə oktaybr ayından başlanılıb. Biz regionlarda olmuşuq. Ziyalılarla, din xadimləri ilə məsləhətlər aparmışıq. Bizim üzvlərimiz, regionlarda nümayəndəliklərimiz var. Proses 2 ay olar ki gedir. İndi isə sənədlərimizi Ədliyyə Nazirliyinə təqdim etmişik.

- Müvafiq qanunvericilikdə etnik azlıqların hüquq və azadlıqları qorunur. Daha nə istəyirsiniz?
- Bilirsiniz, bir şəxs özlüyündə hər hansı tədbiri keçirə bilmir. Biz cəmiyyət olaraq birləşmişik ki, həm dilimizi, adət-ənənəmizi həm də hüquqlarımızı qorumaq baxımdan ortada olan problemlərimizi profosional şəkildə həll edə bilək. Alimləri, ziyalıları prosesə cəlb etmişik. Bu gün talış dilini tədris edən İnstitut, texnikum yoxdur. Demək olar ki, talışlar öz doğma dillərini unudurlar. Bizim isə məqsədimiz, dediyim kimi, bu dilin gələcək nəsillərə ötürülməsi, daha da inkişaf etdirilməsidir. Biz burda cəmləşməklə öz dilimizi, ədəbiyyatımızı mühafizə edəcəyik.

- İndiyə qədər talışların hüquqlarının pozulması ilə bağlı mətbuatda hər hansı fakta rast gəlməmişik. Sizdəki ajiotajı analamaq istərdik?
- Əslində, biz dövlətçiliyimizə yardım edirik ki, cənubda yaşayan etnik quruplar, talışlar özünü bərabər hüquqlu xalq saysın.

- Sizcə indiyənə kimi talışlar özlərini bərabər hüquqlu xalq saymırdılar?
– Xeyir. İndiyənə kimi biz bəzi məsələlərdə öz hüquqlarımızı pozulmuş sayırıq. Mən deyirəm sizə ki, Lənkəranda televiziya var. Televiziyada 10 dəqiqə belə olsun talış dilində verliş yoxdur. Siz buna necə baxırsınız? Ədalətli baxırsınız?

- Azərbaycan dili bizim ana dilimizdir. Ölkə vətəndaşları, o cümlədən talışlar və bütün azsaylı millətlərin nümayəndələri bu dili başa düşürsə daha Mehdi Səfərovun arzuladığı televiziyaya nə ehtiyac var? Sizin məntiqinizdən belə çıxır ki, ləzgi, tat, udin də bu kimi təkliflə çıxış edə bilər. Sizcə bu düzgündür?
- Xeyir. Mənim ləzgilərlə işim yoxdur. Bizim yanaşmamız etnik azlıqlar tərəfindən belə təkliflərin ortaya atılmasına rəvac vermir. Əksinə, televiziyada bizim dilimizdə verliş olarsa, onda biz modernləşəcəyik, bizim ən böyük problemimiz olan Dağlıq Qarabağ problemi ətrafında birləşəcəyik, o torpaq uğrunda canımızı verməyə hazır olacağıq. Mən talışam. Talış dili mənim ana dilimdir. Siz mənə deyirsiniz ki, Azərbaycan dilində danışın. Bəli mən iki ana dilliyəm. Həm Azərbaycan dili türkcəsi, həm də talış dilini bilirəm. Ona görə də, sizin bu cür deməyiniz mənə təsir edir. Siz mənə deyirsiniz ki, öz dilində danışma. Biz Azərbaycan dilini dövlət dili sayırıq. Ancaq öz evimizdə. Öz aramızda öz ana dilimizi itirmək fikrində deyilik. Televiziyada talış dilində verilişlərin açılması dövlətçiliyə xeyirdir. İnsanlar özlərini müdafiə olunmuş hesab edəcəklər.

- Belə bir informasiyalar da dolaşır ki, sizin arxanızda Rusiya dayanır.
- Mənim Rusiya ilə heç bir əlaqəm yoxdur. Düşünürəm ki, bizim ölkədə bir sıra problemlərin yaranmasında Rusiyanın əli var. Bir başa əli var. Biz öz problemlərimizi öz daxilimizdə həll etmək istəyirik. Biz hər hansı xarici dövlətin əli ilə bunu etmək istəmirik. Bu, yolverilməzdir. Belə olarsa biz özümüzü təhqir olunmuş hesab edərik.

- Deyirsiniz ki, talışların hüququ pozulur. Bu məsələləri beynəlxalq hüquq müstəvisinə çıxarmaq fikriniz varmı?
- Biz inanmırıq ki, bizim nizamnaməmiz qeydiyyatdan keçməsin. Çünki sənədlərimiz müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanıb. Buna səbəb yoxdur. Əgər dövlət qeydiyyatından keçməsək belə, nizamnamə əsasında öz məqsədlərimizi həyata keçirəcəyik. Sadəcə olaraq dövlətimizə bəyan eləmişik ki, bizim belə bir məramnaməmiz var. Problemlərin həlli ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmək yönündə düşünməmişik ki, onlar bizim hüquqlarımızı bərpa etmək üçün bizə kömək etsin. Biz öz dövlətimizin müvafiq orqanlarından tələb edəcəyik. Biz əvvəl o instansiyaları keçəcəyik. Biz çalışacağıq ki, heç məhkəmə instansiyalarına qədər gedib çıxmayaq.

- Yeri gəlmişkən Azərbaycan Milli Birlik Partiyasının sədri, professor Hacıbaba Əzimov sizlərin seperatçı Əlikram Hümbətovun adamı olduğunuzu iddia edir.
- O bizə hər zaman qara yaxır. Bunlar böhtan xarakterli fikirlərdir. Bizim Əlikram Hümbətovla heç bir əlaqəmiz yoxdur. Əlikramla bizim nə işimiz ola bilər ki? Biz onun ideologiyasını qəbul eləmirik.

– Ancaq talışların birliyi, Talış Muxtar Respublikası ideyasını Əlikram Hümbətov ortaya atmışdı. Sizin yaratdığınız təşkilatın məramnaməsindən də bu sezilir.
- Bizim proqramımızda belə bir şey yoxdur. Biz hətta talışların öz daxilində belə terror, dövlət çevrilişinə cəhd, eyni zamanda Azərbaycan dövlətçiliyinə qarşı hər hansı addım sezsək, bu işə özümüz müdaxilə edəcəyik. Onlar qarşılarında bizi görəcəklər. Onların əleyhinə çıxacağıq.