BolgeXeber.Com » Müsahibə-Reportaj » Azərbaycanlılara Rusiyada it kimi zəncirə bağladılar

Azərbaycanlılara Rusiyada it kimi zəncirə bağladılar

19-12-2012, 08:55
Oxunub: 4 847 "İşdən sonra birimizi it damına, birimizi zirzəmiyə, o birimizi maşın qarajındakı çalaya salıb bağlayırdılar ki, qaçmayaq"

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan vətəndaşlarının Rusiyada məcburi əməyə cəlb etməkdə təqsirli bilinən Səid İlyasovun cinayət işi üzrə məhkəmə başlayıb.
İttihama görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, Qaradağ rayonu, Səngəçal qəsəbəsində pasport qeydiyyatında olan 46 yaşlı Səid İlyasov həbs edilib. Onun bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşlarını Rusiyanın Samara şəhərində məcburi əməyə cəlb etməsi faktı müəyyən edilib.
İstintaq müəyyən edib ki, Səid, Rzabala və Əvəz İlyasov qardaşları insan alveri ilə pul qazanmaq qərarına gəliblər. Onlar kasıb ailədən olan azərbaycanlılara tikinti sektorunda iş təklif ediblər, onlar üçün xarici pasport və qatara bilet alıblar, 2011-ci il dekabrın 10-da isə həmyerlilərimizi Samaraya aparıblar. Dəstədə hərənin öz vəzifəsi olub.
Məsələn, Oleq adlı bir nəfər ötən il noyabrın 23-də Ə. İlyasovu kölə gətirməsi üçün Rusiyadan Azərbaycana göndərib. Bir aydan sonra Əvəz Bakıya gəlib və Binəqədi rayonu Biləcəri qəsəbəsində və Nəsimi rayonunda “3-cü mikrorayon” ərazisi kimi tanınan “qul bazarı” adlandırılan yerə yollanıb.
Ə.İlyasov orada 14 nəfəri taparaq onlara 500 ABŞ dolları məbləğində əmək haqqı və Samara vilayətinin Alekseyevka qəsəbəsində iş, həmçinin yaxşı həyat şəraiti vəd edib.
Dekabrın 10-da aldadılan azərbaycanlılar Alekseyevkaya gəliblər. Burada onları digər qardaş - Rzabala qarşılayıb və pasportlarını alıb. S. İlyasov fəhlələrə nəzarətçi kimi təqdim olunub.
Daha sonra həmyerlilərimiz kiçik bir otağa yerbəyer ediliblər və onlara qonşularla münasibət qurmaq qəti qadağan olunub. Elə həmin gündən 14 nəfər donuz ferması təmizləməyə və heyvanlara baxmağa başlayıblar.
Səidlə cinayət əlaqəsinə girən qardaşların - Rzabala və Əvəzin Azərbaycanın hüdudlarından kənarda olduğu üçün həbs edilmələri mümkün olmayıb. Hazırda hər iki şəxsin barəsində İnterpol vasitəsilə axtarış elan olunub.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində deyib ki, Azərbaycan vətəndaşlarını Rusiyada məcburi əməyə cəlb etmək məsələsindən xəbəri olmayıb. Onun sözlərinə görə, həmin şəxsləri qardaşları - Rzabala və Əvəz Rusiyaya aparıb.
Qeyd edək ki, bir müddət əvvəl Ucar rayon sakinləri - Zamin Kərimov və Şahin Fətəliyev də bir qrup Azərbaycan vətəndaşını eyni üsulla aldadıb. Zərərçəkənlərə Samara şəhərində yüksək maaşla tikintidə işləməyi təklif edərək sənəd düzəldilməsində köməklik də göstəriblər. Zərərçəkmişlər məhkəmənin nəzərinə çatdırıblar ki, Samara şəhərində Şahin Fətəliyevin qardaşı Aris Fətəliyevin evində yerləşdiriliblər. Bir müddət tikintidə işlədikdən sonra başa düşüblər ki, onlara işlədiklərinə görə pul verilməyəcək və Ucara qayıtmaq qərarına gəliblər. Lakin Ş. Fətəliyev, Z. Kərimov və sonuncuların Samarada yaşayan tanışları onların sənədlərini əllərindən alıb. Vəziyyəti belə görən fəhlələr qaçmaq məcburiyyətində qalıblar.
Zərərçəkən Ramil Əsgərov məhkəmə iclasında Rusiyada başına gələnləri danışıb: “Tikintidə işləyərkən Mahmudəli, Emil, mən və bir nəfər də başqa fəhlə sözü bir yerə qoyduq ki, qaçaq. Samaranın Kinel qəsəbəsinə gəldik, orada yaşayan Ruslan adlı azərbaycanlının evində gecələdik ki, səhər başımıza çarə tapaq. Ancaq imkan tapmadıq, çünki Şahin Fətəliyevgil yerimizi müəyyənləşdirmişdilər. Şahin Fətəliyev on nəfər qohumu ilə gəldi, bizi döyə-döyə Şahinin qardaşının evinə apardılar. Həmin gündən bizi nəzarət altında işlədirdilər. İşdən sonra birimizi it damına, birimizi zirzəmiyə, o birimizi maşın qarajındakı çalaya salıb bağlayırdılar ki, qaçmayaq. Ölümlə hədələyirdilər”.
Digər zərərçəkənlər də məhkəmədə eyni məzmunlu ifadələr veriblər. Hadisənin üstünün açılmasına səbəb fəhlələrdən birinin sənədini əldə edərək Azərbaycana qayıtması olub. Həmin fəhlənin şikayətlərindən sonra Azərbaycanın hüquq-mühafizə orqanları işə qarışıb. Fəhlələr girovluqdan azad edilib, onlara işgəncə verənlərdən ikisi - Ş. Fətəliyev və Z. Kərimov həbs olunaraq Azərbaycana gətirilib.
Hər ikisi məhkəmə ifadələrində təqsirlərini etiraf ediblər. Şahin ifadəsində göstərib ki, onun qardaşları Fəzail, Rahis və Aris 20 ildən artıqdır Samara şəhərində yaşayırlar. Qardaşı Fəzail Samarada “Blaqo” tikinti şirkətinin rəhbəridir. O, fəhlələri döymələrini və sənədlərini əllərindən almalarını məhkəməyə belə izah edib: “Tikintidən qaçmışdılar, biz də onları yaxınlıqdakı qəsəbələrdən birindən tapıb geri qaytardıq”.
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, fəhlələri tapandan sonra qardaşının evində əvvəlcə onları döyüblər, sonra isə maşın çalasına salıblar. Emil adlı fəhləni isə döyəndən sonra həyətdəki quyuya salıblar. Məhkəmənin hökmü ilə Z. Kərimov 3 il 2 ay, Ş. Fətəliyev isə 4 il müddətinə azadlıqdan məhrum edilib.