BolgeXeber.Com » Müsahibə-Reportaj » Deputatlar bayramı harda və necə keçirəcəklər?

Deputatlar bayramı harda və necə keçirəcəklər?

26-12-2012, 09:20
Oxunub: 5 764 Millət vəkillərinini özəl proqramı yoxdur, onlar yeni il gecəsi ailələri ilə birlikdə olacaqlar

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik gününə artıq 5 gün qalıb. Çoxları bayram gecəsini necə və harada keçirəcəkləri barədə planlar qurur, restoranlarda yerlər sifariş edirlər. Bəs Milli Məclisin üzvləri Yeni il gecəsini harada keçirməyi düşünür?
Əli Məsimli Yeni ili həmişə evdə, ailəsi ilə birlikdə keçirəcəyini bildirib. “İnşallah bu dəfə də eyni ssenari üzrə keçirəcəyik. Çoxsaylı təbriklər olacaq. Mən də yaşlı insanları və universitet, əsgərlik yoldaşlarımı, hərəkat dövründən bir neçə dostlarımı təbrik edəcəyəm. Ola bilsin, bizi təbrik etməyə qonağımız da gələ bilər. Amma bir qayda olaraq, Yeni ildə yox, Novruz bayramında təntənəli süfrə açır, daha güclü bayram keçiririk”.
Çingiz Qənizadə hər il bayram öncəsi anasını rayondan gətirdiyini deyib. Onun sözlərinə görə, Yeni ili həmişə olduğu kimi ailəsi ilə birgə, evində qeyd edəcək.
“Mən heç vaxt Yeni ili başqa yerdə qeyd etmirəm. Milli bayramlar da daxil olmaqla həm orucluq, həm Novruz bayramında və eləcə də Yeni ili də evimdə, ailə üzvlərimlə birlikdə qeyd edəcəm. Hər il bayramda anamı rayondan gətirirəm. Qardaşım, bacımgil bizə gəlirlər, təbrik edirlər. Amma bayram gecəsi evdə oluram. Bu il də inşallah qismət olsa, elə olacaq”.
Millət vəkili bildirib ki, biz sorğu keçirən an evdə yolka bəzəmək üçün hazırlıqlar gedir. “Elə indi evimizdə yolka qurulur. Dünən axşam xanımım yolkanı düşürüb və nahardan sonra yolkanın qurulma prosesi olacaq. Nəvələrim bu il artıq yeriməyə başlayıblar. Yolkaları normal qaydada dayanmağa qoymayacaqlar, dartıb qıracaqlar, ona görə də təhlükəsizlik tədbirləri haqqında düşünürük”.
Aqiyə Naxçıvanlı da bayramı ailə üzvləri ilə birgə qeyd edən deputatlardandır. “Bayramla bağlı heç bir xüsusi planım yoxdur. Çünki uşaqlarımla, ailə üzvlərimlə, nəvələrimlə birgə olacam. Ola bilsin ki, Oğuz rayonunda valideynlərimi ziyarət edim. Yəni ancaq bu ola bilər. Başqa heç bir yerə getməyəcəyəm, Azərbaycanda olacağam”.
Millət vəkili bildirib ki, bayramı şadlıq saraylarında keçirməyi sevmir: “Evimdə bayram axşamı aş asacağam, özüm bəzi salatlar hazırlayacağam və ailə üzvlərimi başıma yığacağam”.
Fazil Mustafa bildirib ki, xüsusi tədbirlər olmayacaq. O, “mən 31 dekabrı Yeni il bayramı kimi yox, həmrəylik günü kimi qeyd edirəm. Bayramda uşaqlarımla kiçik bir yolka bəzəmişik, uşaqlarımın da bundan zövq aldığını bilirəm. Uşaqlarım üçün də müəyyən tədbirlər düşünürəm. Yəqin ki, onları şəhərdə olan əyləncələrə apararam. Amma hələ ki, konkret bir fikrim yoxdur”, –deyə vurğulayıb.
F.Mustafa bayramları evdə keçirməyə üstünlük verdiyini, xaricə getməkdə məna görmədiyini söyləyib.
Aydın Mirzəzadənin sözlərinə görə, bayramla bağlı planları yoxdur. O bildirib ki, bayramı evində, ailəsi ilə birgə qarşılayacaq. “Biz Yeni ili evdə öz süfrəmizin arxasında qarşılamağı xoşlayırıq. Eyni zamanda dostlarımızı, yaxınlarımız təbrik edəcəyik. Telekanalları izləyəcəyik. Mümkündür ki, şəhərə çıxaq. Bir sözlə, həm təbrik edəcəyik, həm də təbrikləri qəbul edəcəyik. Mümkündür ki, tətil günlərinin birində, rayonların birinə 1-2 günlüyə gedək”.
Millət vəkili bayramları restoranda keçirmədiyini bildirib. “Amma gedənlərə də məsləhət vermək istəməzdim. Onların öz seçimidir. Düşünürəm ki, istirahət üçün nə qədər çox variant olsa, o qədər yaxşıdır. Hər kəs imkanına və marağına uyğun olaraq, bu seçimləri etsin. Mən isə ailə mühitində bayramı qeyd etməyi daha çox sevirəm. Hesab edirəm ki, Yeni il qapını döyəndə evdə mütləq kimsə olmalıdır. Yeni ilin rəmzi olan yolkanı da almışam. Şəhərdə xoşum gələn hazır yolka aldım. O ailənin yığışdığı otaqda televizorun yanındadır və Yeni ilin gəlməsini yadımıza salır”.
Musa Qasımlı Yeni ili evdə, ailəsi ilə birgə qeyd edəcək: “Heç bir xarici ölkəyə və ölkə daxilində digər bir yerə getməyi planlaşdırmıram. Ümumiyyətlə, həmişə Yeni ili öz evimdə ailəmlə birgə qeyd etmişəm, bu il də bu ənənə davam edəcək”.
Tahir Rzayev bayramda Azərbaycanda olacağını söyləyib. “Yeni ili Bakıda keçirəcəm. Yeni ildən sonra isə rayona gedəcəyəm. Rayonda qohum-əqrəbalarla birlikdə olacağam”.
Deputat bildirib ki, Yeni il gecəsində evdə, övladları ilə birgə olacaq. “Amma ola bilsin ki, kimsə harasa dəvət etsin, bunu da öncədən bilmək olmaz. Amma hər il mən öz uşaqlarımla ailəmlə, nəvələrimlə birgə Yeni ili qeyd edirəm”.