BolgeXeber.Com » Müsahibə-Reportaj » MTN vəkili kiminlə səhv salıb?

MTN vəkili kiminlə səhv salıb?

12-01-2013, 13:20
Oxunub: 5 075 Elçin Namazov isə bunun həqiqət olmadığını deyir

«Məsələni ictimailəşdirdiyimizdən fikri yayındırmaq üçün belə edirlər»

Hüquq və Azadlıqların Müdafiəsi Institutunun (HAMI) rəhbəri Elçin Namazovun təhlükəyə üzləşməsi ilə bağlı məlumat verilib. Xatırladaq ki, E.Namazov bir neçə gün əvvəl Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev barədə Baş Prokurorluğa müraciət haqda mətbuatda məlumat verdikdən sonra Milli Təhlükəsizlik Nazirliyi onun barəsində əməliyyata başlayıb.

HAMI üzvlərindən biri ilə görüş keçirən MTN əməkdaşları ona E.Namazova qarşı hazırlanan əməliyyatda iştirak təklif edib. Lakin həmin şəxs bundan imtina edib. E.Namazov isə əməliyyatı icra edən şəxsin kimliyinin ona məlum olduğunu və onun icra başçılarından birinin qardaşı oğlu, həmçinin nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu olduğunu deyib.

Hüquq müdafiəçisinin Ramiz Mehdiyelə bağlı müraciətdən sonra MTN tərəfindən hədəfə alınmasının pərdəarxası məqamları olduğu istisna edilmir. Çünki MTN rəhbərliyinin PA rəhbəri arasında münasibətlərin yaxşı olmadığı bəllidir. Bu halda MTN-in bu addımı PA rəhbərini müdafiə etməkdən çox onun vəziyyətini ağırlaşdıra bilər.

Bəs Elçin Namazov özü bu barədə nə düşünür və baş verənlərlə bağlı hansı addımlar atmaq niyyətindədir?

Hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətində olmadığını bildirən vəkil bunun heç bir effekt verməyəcəyini deyir. Bu səbəbdən də yalnız qeyri-hökumət təşkilatlarını, o cümlədən də beynəlxalq təşkilatları məlumatlandırmaq istiqamətində iş aparılır. Lakin bununla belə hüquq-mühafizə orqanlarına müraciət ehtiyat variantı kimi qalır.

E.Namazov baş verənlərlə bağlı mətbuata məlumat verəndən sonra MTN əməkdaşı ilə yenidən görüşün baş tutduğunu da bildirdi: “Görüşdə həmin şəxslər bildiriblər ki, guya səhv ediblər, yanlışlığa yol veriblər. Guya əslində rüşvətlə ilişdirib həbs etmək məsələsi mənə aid deyilmiş, başqa adam üçün planlaşdırılan iş imiş, sadəcə yanlışlıqla mənim adım çəkilib. Amma hesab edirəm ki, həqiqət belə deyil. Yəni məsələni ictimailəşdirdiyimizdən fikri yayındırmaq üçün belə edirlər”.

Ramiz Mehdiyevlə bağlı məsələyə gəldikdə, vəkil danışıqları aparan şəxsin qohumunun da PA rəhbəri ilə münasibətlərinin gərgin olduğunu qeyd etdi: “Danışıqları aparan MTN əməkdaşı icra başçılarından birinin qardaşı oğludur. Həmin şəxsin özünün də Ramiz Mehdiyevlə münasibətləri çox pisdir. Ona görə istisna etmirik, bu, qəsdən edilmiş bir hərəkət də ola bilər. Təbii ki, mənin mətbuata açıqlama verəcəyim nəzərə alınıb. Ola bilsin bir-biri ilə mübarizə aparan qüvvələr bundan istifadə edirlər. Ramiz Mehdiyevlə münasibəti olmayan qüvvələr qəsdən onun adını səsləndiriblər ki, bu hədə-qorxu söhbətləri onun adı ilə ictimailəşsin. Hər variant mümkündür”.