BolgeXeber.Com » Müsahibə-Reportaj » Dializ xəstəsindən rüşvət istəyirlər

Dializ xəstəsindən rüşvət istəyirlər

22-01-2013, 10:05
Oxunub: 4 475 Vüqar Feyzullanın yaxınları ictimaiyyətə səsləndi, özü isə Səhiyyə Nazirliyini ittiham etdi

Paytaxt sakini Vüqar Feyzulla böyrək çatışmazlığından əziyyət çəkir. Yaxınlarının musavat.com-a verdiyi məlumata görə, gənc dializ olunmaq üçün dövlət xəstəxanalarına üz tutsa da kömək edilməyib.

Onların sözlərinə görə, dövlət xəstəxanaları V.Feyzulladan bunun üçün rüşvət istəyir. Bu səbəbdən o, özəl xəstəxanalarda dializ olunmaqdadır ki, bu da onun imkanı xaricindədir. Həftədə üç dializ keçməli olan V.Feyzulla dializə minlərlə manat xərcləyib. Özəl klinikalarda dializin bir dəfə üçün qiyməti 80 manatdır.

“O, ayda 240 manat dializə verməlidir, buna isə imkanı yoxdur. ”Semaşko" xəstəxanası onu pulsuz dializdən məhrum edib. Dövlət xəstəxanasının rəhbərliyi insanlığa qarşı cinayət törədib" - deyə xəstənin yaxınları bildirir.

Onlar məsələ ilə bağlı aidiyyəti qurumlara, həmçinin iki dəfə dövlət başçısına müraciət etdiklərini, lakin heç bir cavab almadıqlarını bildirir. Onlar məsələnin ictimailəşməsini və bu yolla V.Feyzullaya yardım edilməsini istəyirlər.

Vüqar Feyzulla özü isə əməkdaşımıza bildirib ki, ölkə xaricində əməliyyat olunduğu müddətdə adını dializ siyahısından çıxarıblar: “4 il qabaq həkimlərin səhvi ucbatından ölümcül vəziyyətə düşdüm. İran həkimlərinin səyi nəticəsində sağlamlığımı bərpa edə bildim. 2011-ci ilin iyununda isə xəstəliyimin yenidən aktivləşməsi nəticəsində böyrək çatışmazlığı ilə üzləşdim. Dövlət hesabına Elmi Cərrahiyyə Mərkəzində dializ almağa başladım. Deyim ki, bu mərkəz ən korrupsiyalaşmış səhiyyə ocağıdır. Pulsuz xidmət olmasına baxmayaraq hər dəfə pul tələb edirdilər. Bir müddət sonra isə bədənimə orada mikrob düşdü və mən yenidən İrana getməli oldum. Geri döndüyümdə isə həmin mərkəzdə mənə bildirdilər ki, səni siyahıdan çıxarmışıq. Xatırladım ki, dövlət hesabına dializ müddətsizdir və bu hərəkət qanunsuz idi. İndi mən həftədə üç dəfə hər biri 80 manat olmaqla, dializ almaq məcburiyyətindəyəm. Nazirlik isə mənim heç bir müraciətimə cavab vermir. Dünyanın heç bir ölkəsində dializ xəstələri bunun üçün pul ödəmir. Nazirlik isə bir şəxsi pulsuz dializə keçirmək üçün ondan 2000- 3000 manat pul tələb edir. Məni siyahıdan çıxardan dializ komissiyasının sədri Fariz Babayevin, yalandan epikrizə guya öz istəyimlə siyahıdan çıxarıldığımı yazan Günay Cavadovanın, eləcə də Barat Yusifov və baş həkim Zamanovun cəzalandırılmasını istəyirəm”.

Məsələni diqqətdə saxlayacağıq.