BolgeXeber.Com » Müsahibə-Reportaj » Həkim Qalib İsgəndərov şairi kor edib

Həkim Qalib İsgəndərov şairi kor edib

25-01-2013, 11:05
Oxunub: 27 696 Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadovsa günahı özgəsində axtarır

Bəzi mətbuat orqanlarında “Respublika Klinik Xəstəxanasında şairi kor ediblər - Həkim Qalib İsgəndərovun günahını həkim Telman İbadaov yuyub” sərlövhəli tənqidi material dərc olunmuşdu. Redaksiyamıza ərizə ilə müraciət etmiş şair-publisist, tarixçi-yazıçı Sövdəyar Muradov (Sövdəyar Zəngilanlı) bildirmişdi ki, Respublika Mərkəzi Xəstəxanasında onunla son dərəcə xoşagəlməz bir insident baş vermişdir. Dərc olunmuş materiala müvafiq təşkilatlar tərəfindən reaksiya verilmədiyini nəzərə alaraq bugünkü sayımızda, baş verən hadisələri zərərçəkmişin özünün verdiyi izahatdan müəyyən çıxarışlarla yenidən diqqətinizə təqdim edirik. Beləliklə, Sövdəyar Muradov oz ərizəsində bildirir ki, 2012-ci ilin 6 aprel tarixində o, M.B.Qasımov adına Respublika Mərkəzi Xəstəxanasının göz xəstəlikləri şöbəsində, həkim Qalib İsgəndərov tərəfindən sağ gözündə əməliyyat olunmuşdur.

SM.: - 2012-ci ilin martında Respublika xəstəxanasının göz şöbəsinin müdiri Qalib İsgəndərova sağ gözümün müalicə və ya əməliyyat olunmasına görə müracəit etdim. Baxdı və məni analiz verməyə göndərdi. Analizləri verdim, məndə şəkər göstərdi və mənə məsləhət gördülər ki, xəstəxananın 1-ci korpusunun 5-ci mərtəbəsində Babək adlı həkimə müraciət edim. Onun yanına getdim, növbəm çatdı. Məni qəbul etdi, suallara cavab verdim və gözümün əməliyyat olacağını ona bildirdim. Mənə dərmanlar yazdı - 75 manat dəyərində. Müxtəlif apteklərdən aldım, qısa müddətdə şəkər öz qaydasına düşdü. Babək həkimə vəziyyəti danışdım, o məni Qalib həkimin yanına göndərdi. Onlar da dedilər göndəriş lazımdır. Getdim 19 saylı poliklinikaya, bizim əraziyə xidmət edir, onlar da dedilər ki, biz verə bilmərik, ona görə ki, Nazirin əmri var, Bakı şəhərində daimi qeydiyyatı olanları Respublika xəstəxanasında əməliyyat etməyə icazə verilmir. Bu əmr haqda onlara bildirdim. Mənə şöbədə dedilər sizin işiniz olmasın, biz bunu təşkil edəcəyik. Beləliklə vaxt təyin olundu - 2012-ci il aprel ayının 6-na.

Əməliyyat günü səhər saat 9-da oldum şöbədə. Axşam saat 16-00 qədər dəfələrlə dedim ki, əgər vaxtınız yoxdursa, mən gedim, sonra gələrəm. Dedilər yox, gözlə. Beləliklə cərrahiyədən qabaq gözə qayda üzrə iynə vurulmalı idi. Bir səriştəsiz xanıma bu iynəni vurmağı tapşırdılar. Xanım bir neçə dəfə iynəni gözümə soxub-çıxartdı. Mənə çox mənəvi əziyyət verdi. Mən o xanımı kənarlaşdırdım, bir ortaboylu canlı bir nəfər kişi saniyə çəkmədi ki, iynəni çox rahat vurdu, iynənin vaxtı çatanda məni apardılar əməliyyat otağına. Əməliyyat qurtardı məni apardılar bir otağa, bir qədər uzanandan sonra soruşdum ki, evə getmək olar? Dedilər istəsən gedərsən, istəsən gecəni də qalarsan. Mən getməyi qərarlaşdırdım...

Əməliyyatdan bir gün sonra, sarğılar açılarkən məlum olub ki, əməliyyat olunan göz görmür. Sövdəyar müəllim bu barədə həkimin köməkçisi olan Nərgiz xanıma deyib. Lakin, tibb işçisi bunun müvəqqəti hal olduğunu bildirərək xəstəni arxayınlaşdırıb. Növbəti on beş gün ərzində, yəni aprel ayının 21-nə qədər Qalib həkimin rəhbərliyi ilə intensiv müalicə kursu keçilir. Lakin istifadə olunan inyeksiya və damcılar da heç bir nəticə vermir.

S.M.: - Beləliklə ayın 8-də gözümün sarığısını açdılar. Həmin an dedim ki, Nərgiz xanım, görmürəm. Nərgiz xanım dedi, gözləmək lazımdır, hər şey yaxşı olacaq. Aprelin 8-dən 21-ə qədər hər gün gözümə iki iynə vurub dərman tökürdülər, bu ağrılara dözmədim, gözümün alt hissəsində şiş əmələ gəldi, ora getməkdən imtina etdim. May ayına qədər bir yaxşılıq hiss etmədim, gedib BDU-nin poliklinikasında yoxlatdım 2% göstərdi. Sonra Yasamal r-n 19 saylı poliklinikasında yoxlatdım 2% dedilər. May ayının sonunda Zərifə Əliyeva adına Göz İnstitutuna gedib 301-ci otaqda yoxlatdım. O da 2% dedi. Yenə də gözləmək qərarına gəldim. Artıq noyabrda gördüm ki, gözüm günü-gündən pisləşir. Səhiyyə Nazirliyinə müraciət etdim. Nazirlikdən Poladov adlı bir nəfərlə məktubu Respublika Xəstəxanasının baş həkimi Telman İbadova göndərdim. Telman İbadov mənə cavab yazıb, mən başa düşmürəm o həkimdir yoxsa nədir? Telman İbadov məktubunda yazır ki, guya mən 3 saylı poliklinikada müalicə almışam və oranın göndərişi ilə Respublika xəstəxanasına göndəriblər. 3 saylı poliklinikanın harada yerləşdiyini heç bilmirəm. Bu saxta sənədi gətirib işin içinə qoymaq nəyə lazımdır? Bunun özü cinayət işidir. Müəyyən müddətə azadlıqdan məhrum oluna bilər. Qalib həkimin şöbəsində işləyən bu adamlar bu formada saxta işlərlə məşğul olublar. Mən Nazirlikdə Ceyhun adlı bir nəfərlə telefon əlaqəsi saxladım və nə laxımdırsa ona hamısını izah etdim. O mənə zəng etməyi vəd vermişdir, hələlik gözləyirəm...

Bu gün isə bütün bu haqsızlıqlardan cana doymuş Sövdəyar Muradov artıq zərərçəkmiş qismində ona dəyən maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Sövdəyar müəllim ümid edir ki, həmin pula xarici ölkələrn birində gözünün görmə qabiliyyətini bərpa etdirə bilər.

S.M.: - Mən tarixçiyəm, yazıçıyam, şairəm. «Qızıl qələm» mükayfatçısıyam. Mənim 5-6 kitabım var. 150-dən çox məqalələrin, 500-dən yuxarı şeirlərin müəllifiyəm. Mən bunları davam etməsəm çox mənəvi əziyyət çəkərəm. Mənim əlimdə bir neçə yazılası əsərlərim var ki, gözüm imkan vermir bunları sona çatdıram. Qalib həkim məni dünya işığına həsrət qoyub, mənim dünyamı əlimdən alıb, məni şikəst edib ki, indi mən mənəvi əziyyətlər çəkirəm.

Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibbi müəssisəsində müalicə zamanı (cərahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda 3 noyabr 2008-ci il tarixli qərarında göstərilir ki, zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Nəticədə məhkəməyə müraciət edəcəyəm ki, haqq-ədalət öz yerini tutsun. Mənim tələbim budur ki, mənə dəyən mənəvi zərəri ödəsin, başqa bir ölkədə gözümü əməliyyat etdirim.

Sonda bir məqamı da qeyd etmək istəyirik ki, baş verənlərə dair, materialda adı çəkilən tibb işçilərindən heç biri hər hansı açıqlama vermək istəməmişdir.