BolgeXeber.Com » Müsahibə-Reportaj » “Azərbaycanda devriləsi dövlət başçısı yoxdur”

“Azərbaycanda devriləsi dövlət başçısı yoxdur”

6-03-2011, 23:00
Oxunub: 5 743
Fəzail Ağamalı: “Hansı məmur tamahından əl çəkmək istəmirsə, həbsxanada özünə çarpayı sifariş etməli olacaq”

Son parlament seçkilərindən sonra bölgələrdə və ümumiyyətlə Azərbaycan cəmiyyətində bir qədər hərəkətlənmə hiss olunur. Müxalifətin İctimai Palata ilə gündəmə gəlməsi Azərbaycan cəmiyyətində birmənalı qarşılanmadı. Bundan başqa, son zamanlar ən aktual mövzulardan biri kimi rüşvətxorluq və korrupsiya hallarına qarşı irimiqyaslı tədbirlərin həyata keçirilməsi həm sadə vətəndaşların, həm də mətbuatın diqqət mərkəzində saxlanılır. Və təbii ki, bu məsələlərlə bağlı bir çox suallar da ortaya çıxır. Bu və digər suallara aydınlıq gətirmək məqsədi ilə, bolgexeber.com saytı olaraq, Azərbaycan Milli Məclisinin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə həmsöhbət olduq.

- Fəzail bəy, parlament seçkiləri indiyə qədər ki dövrü necə xarakrezə edərdiniz?

- Bir qayda olaraq seçkilərdən sonra siyasi sakitlik dövrü yaranır.Və həmin dövrdə seçkidən qalib kimi çıxanlar uğurlarının sevinci ilə yaşayır. Uduzanlar isə ən yaxşı halda alternativlərini təbrik edir və məğlubiyyəti ilə barışırlar. Azərbaycan müxalifətində isə bəzi qruplar siyasi mədəniyyət göstərmək və qalibləri təbrik etmək əvəzinə müxtəlif yolarla seçkilərin nəticələrinə kölgə salmaq istəyirlər. Xüsusi olaraq parlament seckilərində ciddi məğlubiyyətə uğrayan və özünü müxalifətin radikal qanadı kimi təqdim edən qüvvələr seçkinin nəticələrini şübhə altına almağa çalışırlar. Fakta-arqumentə söykənməyən ən müxtəlif fikir və ifadələrlə seckilərin nəticələrinə şübhə toxumu səpməyə cəhdlər edirlər.
Ancaq etiraf olunmalıdır ki, seçkilər azad və ədalətli keçirildi. Ən azı siz də bir jurnalist olaraq bu proseslərdə yaxından iştirak etdiniz. Lakin xalq öz iradəsini ortaya qoydu və seçkilərdə dəstəklədiklərinə səs verdilər. Məncə Azərbaycan seçiciləri siyasi mədəniyyəti olan, xalq üçün çalışan namizədlərə səs verdilər. Bir faktı da müşahidə etdim ki, seçicilərin əksəriyyəti prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyən, müdafiə edən, şəxslərə səs verdilər. Bu gün ki qüvvələr nisbətində müxalifətin mövqeyi, kifayət qədər zəifdir. Və seçkidən sonra həmin insanlar, hansı ki müxalifət adı ilə özlərini təqdim edib, onlar İctimai Palata adlı bir qurum yaratdılar. Və onların fəaliyyətləri göz qabağındadır.
Həmin İctimai palataya daxil olanlar ictimayyətə təsir etməyəcək qədər zəifdirlər. Hətta bu yaxınlarda İctimai Palataya üzv toplamaqda belə problem yaranıb. Və belə görünür ki, İctimai Palata tarixin arxivinə gedəcək. Müxalifətin radikal qanadı demək olar ki, son günlərini yaşamaqdadır. Müxalifətin liberal, konustriktiv qanadı isə Milli Məclisdə təmsil olunur və onlar yaxın gələcəkdə ictimayyətdə nüfuzlu yer tuta bilərlər. Təbii ki, partiyalarında təşkilatlanma işlərini apara bilsələr. Bütovlükdə parlament seçkilərindən sonra burulqanlar olmadı. Və ümidvaram ki, bundan sonra parlament üzərinə düşən vəzifəni yerinə yetirəcək, lazimı qərarlar qəbul edəcəkdir.

- Sizcə hazırkı parlament seçkilərində mantad qazanmış millət vəkilləri seçicilərinə verdikləri vədlərin bir qismini də olsa belə yerinə yetiribmi? Məsələn siz seçicilərlərin problemlərini hansısa aidiyyatı olan qurumlar qarşısında qaldırmısınızmı? Və ya seçicilərlə seçkidən sonra görüşünüz olubmu?

- Əslində mən o zaman seçicilərlə görüşdə də, KİV-ə verdiyim müsahibələrim zamanı da bildirmişdim ki, deputat qaz xətti və ya yol çəkən deyil, su kanallarını təmizləyən, elektrik dirəklərini dəyişən deyil. Və ya kiminsə problemini şəxsən həll etməməlidir. Bütün bunlarla İcra strukturları məşğul olurlar. Lakin qeyri-müəyyən səbəblər ucbatından icra strukturuları problemlə maraqlanmırsa, o zaman vətəndaşlar öz problemləri ilə bağlı millət vəkilinə müraciət etməli olurlar. Bəli, millət vəkili seçicilərini narahat edən problemləri dinləməlidir və onların aradan qaldırması üçün müəyyən dövlət qurumları qarşısında məsələnin həllinə çalışmalıdır. Təəssüf ki, bir çoxları elə düşünür ki, qanunverici orqana seçdikləri şəxslərin borcu-vəzifəsi yerli icra strukturlarının etməli olduğunu etməkdir. Bir daha təkrar edirəm millət vəkili onların aid qurumlara etdikləri müraciətləri cavabsız qaldıqda məsələyə müdaxilə edə və müvafiq məsələni müvafiq qurum qarşısında qaldıra bilər.

Məsələn, Salyan-Neftçala seçki dairəsində əsasən qaz problemi mövcuddur. Baxmayaraq ki, bu məsələ 2007-ci ildə Dövlət Proqramına salınıbdır, lakin hələ də o proqramın həyəta keçirilməsində ləngimələr var. Məktəblər, uşaq baxçaları, kəndlər arasında yolların təmiri ilə bağlı məsələlər qaldırılmışdı.
Artıq Salyanda bir neçə görüş keçirmişəm. Son görüşüm 24-25 fevral tarixində oldu və bununla bağlı mətbuata da məlumat vermişdik. Orda 4 inzibati ərazidə-Yenikənd, Xələc, Qarabağlı, Həsənlidə görüşüm oldu. Kənd ağsaqqaları və ziyalıların iştirakı ilə keçirilən görüşdə bu məsələlərə təkrarən toxunduq. Və mənimlə bərabər rayonun müfaviq strukturları bu görüşdə iştirak etdilər. Mümkün olan məsələləri elə yerindəcə həll etdik. Xüsusi olaraq kollektorların və kanalların təmizlənməsi ilə bağlı olan məsələ öz həllini tapdı. Qazlaşma ilə bağlı məsələni isə hökumətin Milli Məclisdəki hesabatıda qaldıracam.
Mən əminəm ki, mənimlə bərabər digər millət vəkilləri də seçicilərin qarşısında götürdüyü öhdəliklərlə bağlı məsəslələrə diqqətlə yanaşacaq. Çünki, millət vəkili olaraq, xalq və konstitusiya qarşısında bizim vəzifəmiz var. Çox istərdim ki, icra strukturları da məsuliyyəti dərk edərək daha fəal işləsinlər, vətəndaşları narahat edən problemləri vaxtında aradan qaldırsınlar. Əgər bu işlər vaxtında görülsə, onda millət vəkilləri səlahiyyətinə daxil olmayan məsələlərə müdaxilə etməz, qanunvericilik işləri ilə məşğul olar, işçi qrupları ilə ölkənin problemləri ilə məşğul olar və sairə.

- Fəzail bəy, cari ilin ilk rübündə korrupsiya və rüşvəxorluğa qarşı mübarizə mövzusu çox aktuallaşıb. Ölkə rəhbərliyinin bu çağrışına sizcə məmurlar əməl edirlərmi?

- İlk öncə onu qeyd edim ki, korrupsiya dövlət büdcəsindən ayrı-ayrı məmurların oğurladıqları, götürdükləri puldur. Rüşvətxorluq isə məmularla vətəndaş arasında vətəndaşların üzləşdiyi problemlərin müqabilində aldıqları qeyri qanuni puldur. Bu gün çox təəssüf ki hər ikisi var. Və ölkə prezidenti 2003-cü ildə prezident seçildikdən sonra keçid dövrünü yaşayan bütün ölkələr üçün xarakterik olan bu eybəcərliyə qarşı ardıcıl mübarizənin əsasını qoydu. Bununla bağlı dövlət proqramları qəbul edildi, həm respublikanın, həm regionların sosial-iqtisadi inkişafı ilə bağlı, həm ayrı-ayrı sahələr üzrə Dövlət proqramları qəbul olundu. Əmək haqlarının artırılması, iqtisadiyyatın inkişafı, sosial vəziyyətin gücləndirilməsi, beləliklə bütün bunlar ölkədə doğuran amillərin aradan qaldırılmasına xidmət edən tədbirlər idi.
Bu həm də korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə cəmiyyətin, dayanıqlılığını, müqavimət imkanlarını və gücünü artırdı. Birmənalı şəkildə demək olar ki, 2003-cü ildən keçən zaman kəsiyində cəmiyyətin müqaviməti artıb. Və əhalinin yaşayış sahəsində əvvəlki illərə nisbətən xeyli yaxşılaşma müşahidə olunur. Bax belə bir vəziyyətdə ölkə prezidenti korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin son mərhələsinə start verdi. Ötən ilin dekabır ayında millət vəkilləri qarşısındakı çıxışında prezident Milli Məclisdə onun həyata keçirəcəyi islahatlara dəstək verəcəyini önə çəkdi. Yanvar ayının 14-də ölkə prezidentinin rəhbərliyi altında kecirilən 2010-cu ilin yekunları haqqındakı hökumətin hesabatında İlham Əliyev bütün sahələrə toxunmaqla bərabər eyni zamanda cəmiyyətin bu eybərcərliyini də önə çəkdi. Rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizənin vacibliyini, məmurların özbaşnalığa son qoymasını, sahibkar sahələrə müdaxiləyə tamamilə son qoyulmasını xüsusi olaraq diqqətə çatdırdı.
Az sonra PA-nın rəhbəri Ramiz Mehdiyev səviyyəsində geniş müşavirə keçirildi və ölkə prezidentinin tapşırıqlarına müvafiq olaraq daha ciddi tapşırıqlar verildi. Və nəhayət Biznes mərkəzinində bütün icra struktarlarının, nazirlərin və komitə sədrlərinin iştirakı ilə keçirilən tədbirdə də ölkə prezidenti birmənalı olaraq daha kəskin şəkildə bu amilin aradan qaldırılmasının vacibliyini vurğuladı. Bir daha qəti şəkildə tapşırıq verdi ki, ölkədə korrupsiya və rüşvətxorluğa hallarının aradan qaldırılmmasına qarşı qətiyyətli mübarizə aparılmalıdır.
Artıq bu prosesə cəmiyyət bütövlükdə cəlb olunub. Bütün vətəndaşlar bu prosesin içində, KİV-lər də bu sahədə yaxından iştirak edirlər, siyasətçilər, ictimai xadimlər, ziyalılar da bununla bağlı fikirlərini qəti şəkildə deyirlər və sairə. Kompaniya deyil, düşünülmüş, ardıcıl sistemli xarakter daşıyan proses son mərhələyə daxil olub. Və əminəm ki bu proses ozünün müsbət məntiqi nəticəsini verəcəkdir. Əgər hansısa məmur deyilənlərdən nəticə çıxarmasa, tamahından əl çəkmək istəmirsə, həbsxanada özünə çarpayı sifariş etməli olacaqdır.

- Bəy, sizcə Azərbaycanda islahatlara ehtiyac varmı?

- Əslində köklü islahatlara mərhum prezidentimiz Heydər Əliyev zamanında başlanmışdır. Ölkədə 1995-ci ildə Konsititutsiya qəbul olunandan sonra konustutusiyaya müfaviq olaraq cəmiyyətin bütün sahələrində köklü islahatların aparılması üçün qanunverici bazanın yaradılması prosesi başladı və demək olar ki, əsrin sonuna kimi qanunverici baza tam mənada yaradıldı. Və buna söykənərək ölkədə siyasi, iqtisadi, hüquqi, sosial, inzibati islahatlar keçirildi, ölkədə inzibati idarəetmə islahatları keçirildi, ayrı-ayrı komitələr birləşdirildi, yeni komitələr və nazirliklər yarandı. Sosial sahədə ciddi qanunvericilik bazası yaradıldı və islahatlar keçirildi. Hüquqi sahədə məhkəmə sistemində kifayət qədər nailiyyətlər əldə olundu. Gömrük və vergi sistemində də fundamental islahatlar keçirildi. İndi bizim qanunverici bazamızın təkmilləşdirilməsi baxımından ayrı-ayrı qanunlara əlavə dəyişikliklər olunur.
Bu əlavə və dəyişikliklər əlbətdəki cəmiyyətin inkişaf səviyyəsi ilə səciyyələnir və bundan sonra da bu proseslər davam edəcək.

- Ərəb ölkələrindən başlayan inqilab dalğasının Azərbaycana gəlib çatma ehtimalı varml?

-Ərəb dünyasında inqilab dalğasını doğuran amillər Azərbaycanda yoxdur. Digər KİV-ə verdiyim açıqlamalarda bu fikri söyləmişəm və yenə o fikirdəyəm. Mənim gəldiyim qənaət budur. Məncə bu Qərb gücləri tərəfindən hazırlanan və zəncirvari xarakter daşıyan bir layihədir ki, internetlə, ayrı-ayrı sosial şəbəkələr vasitəsi ilə həmin ölkələrə ötürüldü və həmin ölkələrdə inqilab dalğası başladı. Və bu inqilablar ayrı-ayrı ölkələrdə zəif nöqtələri hərəkətə gətirə bildi. Elə hazırlanmış bu layihənin də mahiyyətində o dururdu ki, zəif nöqtələr hərəkətə gətirilsin.

İstənilən cəmiyyətdə zəif nöqtələr var. Ərəb dünyasının müqavimət imkanları zəif olduğu üçün sosial şəbəkə vasitəsi ilə göndərilmiş virusa qarşı dayanıqlı ola bilmədi. Bu baxımdan Azərbaycan bu tipli viruslara qarşı kifayət qədər immuniteti və müqaviməti güclü olan, dayanıqlığını təmin edə bilən dövlətdir. Bu gün Azərbaycanın Ərəb dünyasını kopyalaması, onun təkrarlaması mümkün deyil. Azərbaycanda devriləsi dövlət başçısı yoxdur.

Unutmayaq ki, Azərbaycanda islahatları aparmağa qadir olan dövlət başçısı var. İnanıram ki, o, xalqı narahat edən problemləri tədricən aradan qaldıracaq və ölkəmiz dünyanın ən inkişaf etmiş dövlətlərdən biri olacaqdır. Bizim vəzifəmiz isə dövlətimizin möhkəmliyini sarsıldan mənfi hallara, şəxslərə və ya qruplara qarşı sırf dövlətçilik baxımından mübarizə aparmaqdır. Elə etməliyik ki, Azərbaycan xaotik qarşıdurmalarla deyil, templi və ardıcıl islahatlarla inkişafa nail olsun. Müharibə şəraitində olan bir dövlət üçün xaos və qarşıdurma daha böyük fəlakətlər gətirə bilər.
Bolgexeber.com