Şeyxin qudasından milyarderlərə ittiham
25-02-2013, 02:15
Oxunub: 5 603
Kremlin nəzarətində olan ləzgi təşkilatı - Rusiya Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə qarşı ittihamlarla çıxış edib. Təşkilat Şeyxin regiondakı fəaliyyətinə son qoyulmasına çağırıb, onun Bakının “siyasi alətinə” çevrildiyini bildirir. Maraqlısı budur ki, təşkilatın rəhbəri az öncə prezident Putinlə məhdud çərçivədə görüş də keçirib. Şeyxə qarşı ittihamlara onun özünün münasibətini öyrənmək istəyimiz baş tutmadığından onun qudası, Milli Məclisin deputatı Hacı Qalib Salahzadəyə müraciət etdik.
- Hacı, Şeyxə qarşı Rusiyadan gələn son ittihamları necə qarşılayırsınız?
- Bu, dövlətin ittihamları deyil, ayrı-ayrı adamların fikridir. Bunu Rusiya dövlətinin mövqeyi hesab etmirəm. Azərbaycanda da hansısa din adamı deyə bilər ki, filan ölkədəki filankəsdən xoşum gəlmir. Ləzgilərin də içində kimlərsə var və belə münasibət ortaya qoyur.
- Ancaq bu təşkilat Rusiya dövlətinə bağlıdır və Moskvanın iradəsinə qarşı çıxması real görünmür...
- Mən inanmıram ki, Rusiya dövləti bu mövqedə dayansın. Şahidiyəm ki, Rusiyanın respublikalarından necə hörmətli din xadimləri bütün Qafqazın Şeyxinin yanına gəliblər. Bu təşkilatın mövqeyi həmin hörmətli adamların mövqeyi demək deyil. Mən gördüyüm başqa şeydir. Mən görmüşəm ki, Kabardin-Balkar, Çeçenistan, Dağıstandan öz yerlərində necə nüfuzlu adamlar gəlib Şeyxlə görüşüblər.
- Ancaq bu da var ki, sözügedən ləzgi təşkilatının rəhbəri Putinlə qapalı çevrədə bir araya gəlib...
- Bunlar hamısı boş şeylərdir. Putinin işi-gücü yoxdurmu ki, gəlib Şeyxin məsələsinə qarışsın. Mən bunlara inanmıram.
- Bundan əvvəl Gürcüstanda da Şeyxin səlahiyyətli nümayəndəsinə qarşı çıxışlar oldu. Güman olunur ki, bütün bunlar Şeyxin Qafqazdan vurulub çıxarılmasına hesablanıb...
- Şeyxi Qafqazdan çıxartmaq söhbəti yoxdur. Qafqazın nüfuzlu adamları Şeyxin hörmətini saxlayırlar, onunla vaxtaşırı görüşürlər. Mən həmin nüfuzlu şəxsləri tədbirlərdə Rusiya prezidentinin yanında da görmüşəm. İndi belə yazılar xırda məsələlərdir və mənasız məsələlərdir. Kimlərinsə nəsə məqsədi var.
- Necə bilirsiniz, həmin qüvvələr kimlərdir və məqsəd-məram nədir?
- Şeyxin ki, dünyada nüfuzu artır, o da Azərbaycan vətəndaşıdır, deməli, həm də Azərbaycanın nüfuzu artır. Möhtərəm prezidentimiz İlham Əliyevin ona olan çox isti münasibəti də başqa ölkələrin nümayəndələrinə, dini qurumların rəhbərlərinə pis təsir edir. Yəni Şeyxə qarşı paxıllıq edirlər, başqa şey yoxdur. Bu gün prezidentimiz İlham Əliyev cənabları Azərbaycanın nüfuzunu göylərə qaldırıb. Ona görə də Azərbaycana, onun rəhbərliyinə, Şeyxinə qarşı belə çıxışlar olur, paxıllıq edirlər ki, bu da təbiidir.
- İddia var ki, Şeyx bu statusu Qafqazda çeçen lideri Cövhər Dudayevin sayəsində 90-cı illərdə qazanıb.
- Elə deyil. Şeyxin yanvar hadisələrindən sonra Qorbaçova sərt bəyanat verməsi yadınızdan çıxıb? Niyə biz kiminsə hesabına hansısa status almalıyıq? O vaxt ümummilli liderimiz Heydər Əliyevdən sonra sərt bəyanatla çıxış edən ikinci şəxs Allahşükür Paşazadə olub. Bunu unutmaq olmaz. Digər tərəfdən din elə məsələdir ki, heç kəsin hesabına dini rəhbər seçilmək olmaz. Bütöv Qafqazın Şeyxini bir çeçenlər seçməyib. Burada kabardin-balkarlar, inquşlar, dağıstanlılar, digərləri, dini rəhbərləri var. Dudayev tək Çeçenistana cavabdeh idi. Şeyxin Ramzan Kadırovla çox isti münasibətləri var. Hətta Çeçenistan prezidenti Bakıya gələndə Allahşükür Paşazadəyə “On moy dyadya” - “o, mənim əmimdir” dedi. Bunlar hamısı bizim şeyximizin nüfuzunun göstəricisidir. İlham Əliyev cənablarının başçılığı ilə Azərbaycan inkişaf etdikcə belə paxıllıqlar olacaq.
- Şeyx özü belə yazılara necə reaksiya verir?
- Mən özüm cavanlıqda belə yazılara çox çılğın reaksiya verirdim. Amma yaşa dolduqca belə yazıları oxuyan kimi bilirəm ki, təxribatdır. Şeyx özü də olduqca sakit, təmkinli yanaşır. Bir də ki, nə desin?
- Bu yaxınlarda Dağıstan rəhbərliyinə göndərilən Ramazan Abdulatipovu tanıyırsınızmı?
- Əlbəttə, uzun müddət Rusiya Dumasında işləyib, avardır, siyasi xadimdir. Onu kim tanımır ki? Ancaq şəxsi tanışlığım yoxdur.
- Ləzgi təşkilatlarının fəallaşması onun Dağıstana gəlməsindən sonra müşahidə olunur...
- Ramazan Abdulatipov böyük siyasətçi olmaqla bərabər həm də müsəlmandır. Mən belə şeylərə inanmıram ki, Ramazan Abdulatipov Azərbaycan xalqına qarşı nəsə bir pis hərəkətə yol versin. Belə şey ola bilməz.
- Ancaq onun “Milyarderlər ittifaqı”nın üzvü olması bəzi çevrələrdə fərqli yozumlara rəvac verir.
- Vallahi ki, bu “Milyarderlər ittifaqı” heç özü bilmir nə istəyir, nəinki biz.
- Bəyan edirlər ki, Rusiyadakı azərbaycanlılar üçün faydalı işlər görə bilərlər...
- Ona qalsa, çox adam belə hesab edir. Azərbaycan xalqı üçün bu gün yalnız və yalnız möhtərəm prezidentimiz iş görür və görülən işlər də göz qabağındadır. Kiminsə arzusu varsa ki, Azərbaycan xalqı üçün iş görsün, gəlsin, əlini salsın cibinə, bir, iki, üç milyard xərcləsin, bir rayonu düzəltsin, desin mən “Milyarderlər ittifaqı”nın üzvü filankəsov filankəs Azərbaycan xalqı üçün filan qədər xərclədim, bu işi gördüm. Yoxsa oturub orda, deyir ki, məni gətirin Azərbaycana baş nazir qoyun, görün Azərbaycan üçün neyləyərəm. Bunlar boş söhbətdir.
- Siz də o fikirdəsinizmi ki, milyarderlər seçki ilində Azərbaycanda siyasi iddia ilə çıxış edəcəklər?
- Bunlar hamısı görür ki, möhtərəm prezidentimiz yenidən prezident seçiləcək. Ona görə də bu işlərə soyuqluq qatmaq istəyirlər. Azərbaycan xalqına yaxşılıq etmək istəyən adam gəlsin mərdi-mərdanə, desin ki, bilirsən nə var, mən milyarderəm, 3-5 adam birləşdik, Azərbaycan xalqı üçün 1 milyard gətirdik ki, camaat üçün bu işi görək. Bu, olardı konkret iş. Yoxsa əlini qoy qulağının dibinə, bağışlayın məni, gic-gic danış, bu, iş deyil axı. Əlini sal cibinə, xalq üçün pul xərclə də. Camaata da de ki, möhtərəm prezidentimizin rəhbərliyi ilə bu işi görmək istəyirəm. Pul gətirib bu xalqa xərcləmək istəsələr, kim onlara mane olacaq ki?
Elşad PAŞASOY
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər