BolgeXeber.Com » Müsahibə-Reportaj » Kreditə görə kompensasiyalar bu tarixdən veriləcək: vətəndaşlar nə etməlidir?

Kreditə görə kompensasiyalar bu tarixdən veriləcək: vətəndaşlar nə etməlidir?

5-03-2019, 10:43
Oxunub: 4 112 Kreditə görə kompensasiyalar bu tarixdən veriləcək: vətəndaşlar nə etməlidir?Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı fərman 800 mindən çox insanı əhatə edəcək

Vətəndaşlarda kompensasiya və güzəştlərin tətbiqi ilə bağlı bəzi suallar yaranıb.

Bolgexeber.com publika.az-a istinadən xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov fərmanla əlaqədar yaranan bir sıra suallara aydınlıq gətirib.



- Kompensasiyaların ödənilməsinə nə vaxtdan başlanılacaq?
- Fərmana əsasən, vətəndaşlara kompensasiyanın verilməsi ilə bağlı mexanizmin hazırlanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına 15 gün vaxt verilib. 45 gün ərzində Palata kompensasiya alacaq şəxslərin siyahısını, eyni zamanda məbləğləri hazırlayaraq Maliyyə Nazirliyinə təqdim etməlidir. Nazirlik həmin siyahını təsdiq etdikdən sonra vətəndaşlara kompensasiyanın ödənilməsi prosesinə başlanılacaq. Yəni ödənişlər aprel ayının ikinci yarısından mayın 28-dək davam edəcək.

- Vətəndaş özü banka müraciət etməlidir, yoxsa banklar onlara məlumat verməlidir?
- Kommersiya bankları özləri vətəndaşlarla əlaqə saxlayıb, onları kompensasiyanın verilməsi ilə bağlı banka dəvət edəcək. Əgər vətəndaşın kompensasiya almaq hüququ varsa, kommersiya bankı tərəfindən onunla əlaqə saxlanılmayıbsa, o zaman vətəndaş özü bankla əlaqə saxlaya bilər.

- Kompensasiya alacaq şəxs ödənişin həyata keçirildiyi vaxtda ölkədə olmazsa, o, bu hüququnu itirmiş olur?
- Əgər kompensasiyalar ödənildiyi vaxtda vətəndaş ölkədə olmazsa, bu zaman ödənişə fərdi müraciət kimi yanaşıla bilər. Həmin şəxs başqa birinə vəkalətnamə verə bilər. Bu zaman vətəndaşa ödənilməli olan vəsaiti vəkalət verilmiş şəxs ala biləcək. Lakin proses ödənişlərin həyata keçirilməsinə başlandığı vaxtda bank vətəndaşın mövcud əlaqə vasitələri ilə əlaqə saxlaya bilməzsə, bu zaman ona ödəniş edilməyəcək. Həmin dövrdə Azərbaycanda olmayacaq şəxslər vəkalətnamə verib, əlaqə nömrələrini düzgün göstərməklə hüquqlarından yararlana biləcək. Çünki burada əsas məsələ əlaqə vəsaitələrinin doğru olmasıdır.

- Vətəndaş kompensasiya ödənilərkən kommersiya bankları tərəfindən aldanılmamaq, ödəniləcək vəsaitin doğru hesablanması üçün nələr etməlidir?
- Öncəliklə qeyd edim ki, proses elektronlaşacaq. Vətəndaşların aldadılma faizi minimumdur. Maliyyə Bazarına Nəzarət Palatasının saytında vətəndaşlar üçün onlara ödəniləcək məbləği doğru hesablamaq üçün kalkulyator yerləşdirilib. Vətəndaş banka getmədən ona ödəniləcək vəsaiti hesablaya bilər, bununla da aldadılma ehtimalı aradan qalxar. Lakin bununla yanaşı bildirməliyəm ki, Maliyyə Bazarına Nəzarət Palatası fərmanın icrası ilə bağlı aktivdir. Hətta bazar günü palata əməkdaşları kalkulyator üzərində işləyib. Palatanın mövqeyi və prosesə yaxınlaşması müsbət haldır. Bu qurum prosesdə nəzarətçi olduğuna görə bankların vətəndaşları aldatmağa cəhd göstərməyəcəyi güman edilir. Bütün bunlarla yanaşı vətəndaş əvvəldən onlara ödəniləcək məbləğlə bağlı məlumatlı olmalıdır.