BolgeXeber.Com » Müsahibə-Reportaj » Vahid Əhmədov: Ölkədə sığorta bazarı həddindən artıq zəifdir

Vahid Əhmədov: Ölkədə sığorta bazarı həddindən artıq zəifdir

13-04-2019, 12:26
Oxunub: 4 895 Vahid Əhmədov: Ölkədə sığorta bazarı həddindən artıq zəifdirAzərbaycanda sığorta məsələləri ilə bağlı kifayət qədər qanunvericilik bazası var.

Yəni, istənilən obyektin - evdir, maşındır, əmlakdır və sair sığortalanması üçün qanunvericilik hər cür imkan yaradır.

Çox təəssüflər olsun ki, bu qədər deyilir, danışılır, amma əksər ticarət obyektləri və digər obyektlər sığorta etdirilmirlər. Sahibkarlar, iş adamları bunda maraqlı görünmürlər.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, çünki ortada böyük pullardan söhbət gedir:

“Bir var ki, maşını sığorta etdirirsən, bu da ildə təxminən 100-150 manat edir.

Bir də var ki, böyük bir obyekti sığorta etdirirsən, artıq orada sığorta haqqı böyükdür. Məsələn, “Diqlas”la bağlı məsələdə məsuliyyəti dövlət öz üzərinə götürdü.

Dövlət başçısı vəsait ayırdı ki, insanlar əziyyət çəkməsinlər. Düzdür, ikinci bir qərar da verildi ki, sahibkarlar vəsaiti geri qaytarmalıdırlar, amma hesab edirəm ki, bu da tamamilə düzdür.

Axı, dövlət büdcəsindən buna niyə vəsait ayrılmalıdır ki?!

Ona görə də bütün obyektlər, əmlaklar, mülklər və sair, hamısı sığorta olunmalıdır”.

Millət vəkili bu yerdə xüsusilə, “Kənd təsərrüfatı əmlakının sığortalanması haqqında” qanun layihəsinin qəbuluna ciddi ehtiyac duyulduğunu söyləyib:

“Biz artıq həmin sənədin müzakirələrə gəlməsini gözləyirik. Buna ciddi ehtiyac var. Bu gün ölkədə kənd təsərrüfatının inkişafına diqqət böyükdür. Dövlət başçısı bu sahənin inkişafına ciddi diqqət yetirir, bu istiqamətdə bütün addımları atır.

Amma kənd təsərrüfatına aid əmlaklar hələ də sığorta olunmur və nəticə etibarı ilə də insanlar əziyyət çəkirlər.

Ona bu məsələsi ilə bağlı qanunvericilik aktının müzakirəsi və qəbul sürətləndirilməlidir.

Eyni zamanda, bütün ticarət obyektləri hamısı sığorta olumalı və yalnız sığortalanandan sonra həmin obyektlər istifadəyə verməlidir.

Sabah hansısa bir hadisə baş verəndə, fors-major situasiyalar yarananda onlar əlavə əziyyət çəkməsinlər, sığorta şirkətləri onlara kömək etsinlər”.

Sığorta bazarının durumuna gəlincə, millət vəkili burada da xeyli problemlərin yaşandığını söyləyib:

“Bir zamanlar vəziyyət lap pis idi. Sığorta deyəndə fikirləşirlər ki, yalnız maşınların sığortasından söhbət gedir. Amma sonradan biz “İcbari sığorta haqqında” qanuna dəyişiklik etdik. Həmçinin, əlavə qanun-mənzillərin sığortası ilə də bağlı qanunvericilik aktı qəbul etdik.

Amma bu gün də hesab edirəm ki, bizdə sığorta bazarı çox zəifdir. Məsuliyyət hissi olmalıdır, əhali ilə işləmək lazımdır. Bu bazarda problemlər olduğu üçün də bəzən bütün məsuliyyəti dövlət öz üzərinə götürür.

Axı, dövlət nə vaxta qədər məsuliyyəti öz üzərinə götürməlidir?

Hesab edirəm ki, bu, düzgün deyil və sığorta bazarı canlanmalı, güclənməlidir”.