BolgeXeber.Com » Müsahibə-Reportaj » Çingiz Qənizadə: "Bu, arzularımdan biri idi" - MÜSAHİBƏ

Çingiz Qənizadə: "Bu, arzularımdan biri idi" - MÜSAHİBƏ

1-05-2019, 14:21
Oxunub: 4 386 Çingiz Qənizadə: "Bu, arzularımdan biri idi" - MÜSAHİBƏCəmiyyət inkişaf etdikcə qanunlarda boşluqlar əmələ gələcək...

"Sual-Cavab" layihəsinin qonağı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadədir. O həmçinin ictimai-siyasi fəaliyyətinə görə prezident İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif olunan şəxslərdən biridir.

Bolgexeber.com sonxeber.az-a istinadən millət vəkili Çingiz Qənizadənin müsahibəsini təqdim edir:

- Çingiz müəllim, geriyə dönüb yaşadığınız ömrü necə dəyərləndirirsiniz?
- Çox normal... hesab edirəm ki, keçdiyim bu həyat yolunda mənə utanc verici heç bir məqam yoxdur. Çalışmışam ki, işlədiyim yerlərdə, hərbi xidmətdə belə olanda vətənə layiqli və nümunəvi vətəndaş olum. O baxımdan keçdiyim həyat yolu mənim üçün baş ucalığı gətirən illərlə doludur və buna görə də həyatımdan çox razıyam.

Cəmiyyət inkişaf etdikcə qanunlarda boşluqlar əmələ gələcək...

- Uzun illərdir ki, hüquq sahəsində fəaliyyət göstərirsiniz. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüsünüz. Qanunlarda vacib boşluqlar nələrdir və ya hansı boşluqlar görürsünüz?
- Cəmiyyət inkişaf etdikcə qanunlarda boşluqlar əmələ gələcək. Cəmiyyət bunu özü tələb edəcək ki, hansısa qanunlar qüvvəyə minsin və ya müəyyən bəndlər qüvvədən ensin. Ola bilər ki, hansısa bir qanun on il əvvəl lazım idi, amma bu gün ona ehtiyac yoxdur. Cənab prezidentin cəzaların humanistləşdirilməsi ilə bağlı vermiş olduğu sərəncama uyğun olaraq, biz cinayət məcəlləsində yüzlərlə humanist addımlar atdıq. Yəni cəmiyyət artıq bunu tələb edir. Eyni zamanda bəzi qanunlarda sərtlik tətbiq etməklə nəticəyə nail olmaq istəyirik. Bütün bunları cəmiyyət diktə edir və bizdə buna uyğun olaraq tənzimləməyə çalışırıq.

Çingiz Qənizadə: "Bu, arzularımdan biri idi" - MÜSAHİBƏ- Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra insan hüquqlarının qorunması sahəsində hansı adımları atıb?
- Artıq dövlət müstəqilliyimizin 25 ilini arxada qoymuşuq. Bu illər ərzində baş verən proseslərdə çətin dövrlər yaşamışıq və eyni zamanda müəyyən iqtisadi, siyasi uğurlara da imza ata bilmişik. Azərbaycan artıq Avropa Şurasının üzvüdür. Vətəndaşlarımızın Avropa məhkəməsinə çıxışı reallaşıb və bu hüququdan hər bir vətəndaş istifadə edə bilər. Bu, ölkə daxilində ədalətin bərpa olunmamasından narazı qalanların Avropa məhkəməsinə çıxışıdır. Bu da hüquq və insan azadlıqlarının daha geniş təmin olunmasının bir nümunəsidir. Eyni zamanda ölkədə insan hüququ və azadlıqları ilə bağlı çox saylı sərəncamlar imzalanıb, qərarlar qəbul olunub. Artıq müstəqillik dövründən sonra ölkədə Prezidentlik İnstitutu bərqərar olub. Konstitusiyanın prezidentə verdiyi hüquqlardan biri də əfvlərin verilməsi, sonra qanunvericilik orqanı tərəfindən amnistiya aktının verilməsidir. Bu sahədə də çox böyük uğurlar var. Prezident hər il bir dəfə, bəzən də iki dəfə əfv sərəncamı imzalayır və bir neçə ildən bir amnistiya aktları verilir. Ölkədə insan hüquq və azadlıqlarının təminatçısı kimi Ombudsman Aparatı fəaliyyət göstərir. Belə hesab edirəm ki, bu sahədə bizim əldə etdiyimiz uğurlar inkişaf etmiş Avropa ölkələrindəki səviyyə həddindədir. Son olaraq cənab prezidentin məhkəmə-hüquq sahəsində islahatların dərinləşməsi ilə bağlı 3 aprel tarixində vermiş olduğu fərman Azərbaycanda insan hüququ və azadlıqlarının təmin olunmasının daha da inkişafına xidmət edir. Hesab edirəm ki, bu sahədə görülən işlər qənaətbaxş edir.
Çingiz Qənizadə: "Bu, arzularımdan biri idi" - MÜSAHİBƏ

Azərbaycan dünyanın ən stabil ölkələrindən biridir...

- Hazırda ölkənin siyasi durumunu necə xarakterzə edirsiniz?
- Çox müsbət. Ölkədə ictimai-siyasi sabitlik var və bu sabitliyin bərqərar olunmasında Hüquq Mühafizə orqanlarının, polisin, prokurorluğun, Təhlükəsizlik Xidmətinin rolunu kifayət qədər müsbət dəyərləndirirəm. Bu qrumların işi müsbət olmasa, ölkədəki ictimai-siyasi sabitlik tam bərqərar ola bilməz. Eyni zamanda cənab prezidentin atdığı addımlar, xalqın sosial rifahına köklənmiş məlum fərman və sərəncamlar, baş vermiş qəzalar zamanı zərər çəkmiş insanların kompensasiyasının dövlət üzərinə götürülməsi və bu kimi digər faktlar ictimai-siyasi sabitliyə xidmət edən məqamlardan biridir. Dünyada və bir çox Avropa ölkələrində terror hadisələrini, partlayışların törədilməsini və bu kimi digər faktların baş verdiyini bilirik. Bu olanlara baxıb görürük ki, bu gün Azərbaycan dünyanın ən sakit, ən stabil ölkələrindən biridir.

Çingiz Qənizadə: "Bu, arzularımdan biri idi" - MÜSAHİBƏ- Ermənistanda siyasi gərginlik Qarabağ münaqişəsinin həllində dəyişikliyə səbəb ola bilər?
- Paşinyan müxtəlif ziddiyyətli fikirlər, bəyanatlar irəli sürür. O bəzən Qarabağ probleminin sülh yolu ilə həll olunmasını istədiyini bildirir, bəzən də onun ətrafındakı vəzifəli şəxslər sərsəm bəyanatlar, açıqlamalar verir. Paşinyan siyasətçi kimi mənim üçün çox qaranlıq bir adamdır. Bəlkə də o, nə etdiyini bilir. Belə ikibaşlı manevrlər etməklə həm Ermənistan cəmiyyətini, həm də beynəlxalq təşkilatları aldatmağa çalışır. Amma bu siyasət uzun çəkə bilməz. Bu səbəbdən də o, konkret olaraq nə istədiyini ortaya qoymalıdır. Əgər Ermənistan cəmiyyətini sülhə hazırlayırsa, bu istiqamətdə işlər görülməlidir və beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yolunda addımlar atmalıdır. Biz bu məsələnin sülh yolu ilə həll olunmasına hazırıq. Bu gün Azərbaycan ordusu kifayət qədər güclüdür. Maddi və texniki bazası Ermənistan ordusundan qat-qat yüksəkdir. Ermənistan hakimiyyətinin hər hansı bir yalnış addım atdığı təqdirdə, biz işğal edilmiş torpaqlarımızı hərb yolu ilə azad etməyə qadirik. Amma biz beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin tövsiyyəsini rəhbər tutaraq hələlik müharibə variantını ikinci planda saxlayırıq.

Jurnalist dostlarımız bolşevizm təfəkküründən istifadə edərək...

- Son zamanlar sosial şəbəkələrdə millət vəkilləri qınaq obyektinə çevrilib. Fikrinizcə, bu nədən qaynaqlanır?
- Biz xalqın seçdiyi insanlarıq və daha çox xalqın arasında oluruq. Bu baxımdan cəmiyyətin bizə müəyyən məsələlərdə müraciətini, münasibətini, bəzən də qınaq obyektinə çevirmək üçün əllərində olan haqlı və ya haqsız əsaslarını normal qarşılamalıyıq. Əlbətdə ki, cəmiyyətdə hər bir məmura və ya siyasi xadimə qarşı münasibət birmənalı ola bilməz. Bilirik ki, sosial şəbəkələrdə yazılanların hamısı həqiqət deyil. Bəzən jurnalist dostlarımız bolşevizm təfəkküründən istifadə edərək millət vəkilləri haqqında hansısa bir fikir formalaşdırmağa çalışırlar. Əsaslı və ya əsassız tənqid edirlər. Mən deyərdim ki, cəmiyyətdə inkişafın olması üçün tənqid olmalıdır. Bu tənqidlərə normal baxıram və hesab edirəm ki, hər bir tənqidin arxasında azacıq da olsa, həqiqət varsa məmur dərhal bundan nəticə çıxarmalıdır.

Çingiz Qənizadə: "Bu, arzularımdan biri idi" - MÜSAHİBƏ- Son zamanlar bir sıra cinayətlərdə artım müşahidə olunur, xüsusilə də uşaqlara və qadınlara qarşı törədilən ağır cinayət hadisələri. Bu kimi baş vermiş cinayətlərdə ölüm hökmünün bərpası gözlənilir?
- Xeyir, ölüm hökmü bərpa edilə bilməz. Biz Avropa Birliyinə üzv olan ölkələr sırasındayıq. Bu gün ölüm hökmünün tətbiqi Azərbaycanda real deyil. Ölüm cəzasını bərpa etməklə cinayətkarlığın azalmasına nail olmaq mümkün deyil. Baxmayaraq ki, ölkəmizdə sabitlik var, ancaq bu gün cəmiyyətin müəyyən üzvləri arasında stress yaşanır. Sanki, başqalarına qarşı aqressiya hiss olunur. Bu kimi hadisələrin tək-tək baş verməsi bizi düşündürür ki, cəmiyyətdə bir qism insanlar arasında görünməyən bir stres yaşanır. İntiharlar artıb. Bunların üzərində düşünmək lazımdır ki, baş verənlər nədən qaynaqlanır. Nələr olarsa bu intiharların sayı azalar. Mütəxəssislər bu barədə düşünməli, araşdırma aparmalıdırlar. Cəmiyyətdə cinayətkarlıq halları artıb. Cinayətkarlığın artım balansı növbəti illərdən fərqli deyil və onun açılma faizi də eynidir. Hüquq və mühafizə orqanları bu istiqamətdə öz operativliyi ilə baş verən cinayət hadisələrini isti-isti açmaq imkanındadırlar. Cinayətkarlığın deyil, intihar hallarının artması və cəmiyyətdə ayrı-ayrı insanlara bir aqressiyanın nümayiş olunmasının şahidiyəm. Hansısa bir şəxsdən nəsə yazırlarsa, dərhal sosial şəbəkələrdə onun əleyhinə müəyyən xoşagəlməz təbliğatlar aparırlar. Mən bunu başa düşə bilmirəm. Bununla bağlı televiziya kanallarında mütləq marifləndirici təbliğatlar aparılmalıdır.

O zamanlar cinayətkarlıq da çox idi...

- Bildiyim qədər, Siz prokuror vəzifəsində çalışmısınız. O dövrdə cinayətlər geniş yayılmışdı, yoxsa?
- O zamanlar cinayətkarlıq da çox idi, lakin onun açılma faizi indikindən az idi. Çünki ölkədə stabillik, indiki maddi və texniki təminat yox idi. Sırf insan faktrına arxayın olaraq cinayətkarlığa qarşı mübarizə aparılırdı. Amma indiki maddi-texniki təminat imkan verir ki, cinayətkarlığın üstünün açılması daha tez və asan başa gəlsin. Bu baxımdan indi peşəkarlıq faizi daha yüksəkdir.

Çingiz Qənizadə: "Bu, arzularımdan biri idi" - MÜSAHİBƏ- Çingiz müəllim, müsahibələrinizin birində çox şanslı insan olduğunuzu demişdiniz.
- Orta məktəbdə oxuduğum zaman hüququşünas olmaq istəyirdim və bu istiqamətdə mübarizə aparırdım. Atam məni başqa sahədə görmək istəyirdi. Əlaçı idim, orta məktəbi fərqlənmə ilə bitirdim. O zamanlar tələblər çox idi və mən bu mərhələləri keçərək hüquqşünas, sonra isə prokuror oldum. Müstəqillik illərində bir neçə dəfə deputatlığa namizədliyimi irəli sürdüm. Uzun illər mübarizədən sonra artıq bu səsi qazandım və bu gün Milli Məclisin deputatıyam.

- Deputat olmaq da arzunuz idi?
- Bəli... bu da sonradan qazandığım arzulardan biri idi. Cənab prezident tərəfindən "Şöhrət" ordeni verilmiş şəxslərdən biriyəm. Hüquq üzrə fəlsəfə doktoruyam və belə hesab edirəm ki, fəaliyyətim insanlara fayda vermək, onların hüququnu qorumaq üzərində qurulub. İnsanlar tərəfindən mənə edilən dualar, xoş sözlər, alqışlar sanki mənim həyatımı və sağlamlığımı təmin edir.

Etimadları doğrultmaq...

- Şanslı insanın gələcək hədəfi nələrdir?
- Gələcək hədəfim sağlam yaşamaq və övladlarımın toyunu görmək. Eyni zamanda ömrümün axırına qədər mənə göstərilən bütün etimadları doğrultmaqdır.

Gülnarə Eynullaqızı