BolgeXeber.Com » Müsahibə-Reportaj » Afət Fərmanqızından bu dəfə dini kəbin qalmaqalı: Kəbini kəsən mollanı nə gözləyir?

Afət Fərmanqızından bu dəfə dini kəbin qalmaqalı: Kəbini kəsən mollanı nə gözləyir?

30-07-2019, 09:38
Oxunub: 5 582 Afət Fərmanqızından bu dəfə dini kəbin qalmaqalı: Kəbini kəsən mollanı nə gözləyir?Nəsiminin sözlərinə yazılmış “Pəncü-şeş” mahnısıyla qalmaqallara səbəb olmuş müğənni Afət Fərmanqızı Ramal adlı şəxslə dini nikah kəsdirib

Sənətçi onunla çəkdirdiyi fotonu və kəbin kağızını "Səni sevirəm, hacı" yazaraq paylaşıb.
Bildirək ki, Azərbaycanda bütün məscidlərdə dini kəbin kəsdirən şəxslərdən Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVAQ) şöbələrinin verdiyi rəsmi nikah şəhadətnaməsi tələb olunur.
Maraqlıdır, rəsmi nikah olmadan Afət Fərmanqızı və “hacı” adlandırdığı şəxs dini kəbini necə kəsdirib?
Cebhe.info bu suallara cavab almaq üçün müğənni ilə əlaqə saxlayıb. Ancaq görünür ki, mövzu müğənninin xoşuna gəlməyib. Özümüz təqdim etdikdən sonra mövzu ətrafında dialoqu olduğu kimi oxucuların diqqətinə çatdırırıq:
- Afət xanım, salam. Bilmək olar, siz dini nikaha harada girmisiz?
- Məsciddə.
- Hansı məsciddir, deyə bilərsiniz?
- Neynirsiz ki, prokurorsuz?
- Xeyr, jurnalistəm, sadəcə evliliyinizlə bağlı açıqlama almaq istəyirəm.
- Mən onu lazım olsa, yazardım ki, filan məsciddə kəbin kəsdirmişik, yazmamışamsa, deməli lazım deyil. Bu gün nə yediyimizi də deyək?
- Necə?
- Nə yediyimizi də bilmək istəmirsiz?
- Biz sadəcə açıqlama almaq istəyirik, bu tipli reaksiyalara ehtiyac görmürük.
- Mən bir şey bilmək istəyirəm, o sual nə əhəmiyyət kəsb edir ki?
- Sual o əhəmiyyəti kəsb edir ki, rəsmi nikah olmadan Azərbaycanda dini kəbin kəsdirməyə icazə yoxdur. Siz isə rəsmi nikahla bağlı bir şey paylaşmamısınız. Əgər rəsmi nikah yoxdursa, dini kəbin kəsən məscidin hansı məscid olduğunu bilmək istəyirik.
- Rəsmi nikahın olub-olmaması məndə qalsın.
- Axı rəsmi nikah olmadan kəbin kəsmək olmur. Buna aydınlıq gətirmək lazımdır.
- Azərbaycan Konistitusiyasının hansı maddəsində bununla bağlı məlumat verilib? Maddə deyilsin.
- Afət xanım, Konistitusiyada bu öz əksini tapmaya bilər, amma Azərbaycanda buna icazə yoxdur.
- Azərbaycan qanunvericiliyində rəsmi nikah olmadan, kəbin kəsilməməsi ilə bağlı maddə yoxdur. Onu mollalar özlərindən yazırlar. Mənə mollaların fikri maraqlı deyil.
- Yaxşı, maraqlı olmasa belə, sizin rəsmi nikahınız var?
- Mən rəsmi nikahımın olub-olmadığını bildirmək istəmirəm.
Diqqətə çatdıraq ki, 2017-ci ilin iyununda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Azərbaycanda rəsmi nikah olmadan dini kəbinin bağlanması qanunsuzdur. Bunu edən din xadimi cəzalandırılacaq" , - deyə bildirib. Komitə sədri qeyd edib ki, Azərbaycan dünyəvi ölkədir, nikah münasibətləri ilə bağlı müvafiq dövlət qurumu var:
"Dini nikaha o zaman girmək olar ki, bu nikahı müvafiq dövlət qurumu təsdiqləmiş olsun. Bu qurumun təsdiqləmədiyi nikahı bağlayan din xadimi rəsmi təyin olunubsa, cəzalandırılacaq, tutduğu vəzifədən azad olunacaq. Əgər bunu edən din xadimi qeyri-rəsmi fəaliyyətlə məşğuldursa, hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb ediləcək".