BolgeXeber.Com » Müsahibə-Reportaj » “İnternet, ”İnstagram“ bazarımızı öldürüb...“

“İnternet, ”İnstagram“ bazarımızı öldürüb...“

4-11-2019, 09:18
Oxunub: 6 675 “İnternet, ”İnstagram“ bazarımızı öldürüb...“Artıq bir neçə gündür Məhərrəmlik başa çatıb. Bu, o deməkdir ki, yenidən toy mövsümünə, el şənliklərinə start verilib

Toyu isə restoransız, gəlin-bəy maşınsız, bəzək-düzəksiz təsəvvür etmək mümkün deyil. Beləliklə, toy mövsümü başlayandan şəhərin müxtəlif yerlərində dəbdəbəli, müxtəlif cür bəzədilmiş “gəlin-bəy maşınları” ilə rastlaşırıq.
Bəs hazırda “gəlin-bəy maşını bazarı”nda vəziyyət necədir? Paytaxt sakinləri daha çox hansı “gəlin-bəy maşınları”na üstünlük verir?
Suallara cavab tapmaq üçün metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında gəlin maşınları kirayə verilən ərazidə olduq. Əraziyə çatdıqda bir neçə maşın toya hazırlanırdı. Maşın sifarişi qəbul edən Amin Məmmədova yaxınlaşmaq istəyirdik ki, bir neçə sifarişin gəldiyinin şahidi olduq. Söhbətdən belə anladıq ki, rayonlardan belə sifariş üçün paytaxta üz tutanlar var. Bir sifarişçi Göyçaya iki günlük maşın istədiyini bildirdi. Məlum oldu ki, bəzədilmiş “Kio Optima” maşınının rayon üçün bir günlük sifarişi 100 manatdır.
Amin Məmmədovun dediyinə görə, xanımlar indi maşının daha çox bəzədilməsini istəyir: “Maşınların qızılgül, zanbaq və ya bahalı pion gülü ilə bəzədilməsini istəyirlər. Ümumiyyətlə, son vaxtlar xanımların seçimi çoxalıb, amma camaatda pul yoxdur. Gəlinlər internetdən şəkil tapıb, göndərirlər ki, ”həmin formada istəyirik, bunu yığın", əksər bəylərin isə bunu imkanı çatmır.
- Pion gülünün qiyməti neçəyədir?
- Bahadır, dənəsi 14-15 manatadır. Hazırda qızılgül sifarişi edənlərin sayı azalıb. Sanki camaat qızılgüldən bezib. Pion gülü qədər indi zanbağa da maraq artıb. Məsələn, əvvəllər “101 gül” əsasən qızılgüllərdən sifariş olunurdusa, indi əksəriyyət zanbaqla yığdırır. Bunun də qiyməti təxminən 120-150 manata başa gəlir. İndi gördüyünüz kimi zanbaq gülü yığıram. Onu da yığmaq o qədər çətindir ki. Çox zərif güldür. İndi bunun mövsümü deyil, Hollandiyadan gəlir. Qiyməti də bahalıdır, buketi 50 manatdır.
- Deyəsən indi xanımlar incə buketə üstünlük verirlər?
- Bəli, əvvəllər buketlərin böyük olmasını istəyirdilər. İndi isə avropasayağı incə buketlərə üstünlük verilir.
“Gəlin-bəy maşınları”nın sifariş qiymətləri ilə də maraqlandıq. Amin Məmmədovun sözlərinə görə, qiymət 60 manatdan başlayır, hansı ki, ötən illərdə ən ucuz maşın 80 manatdan sifariş edilirdi:
- Camaatda indi imkan aşağıdır. Biz də çalışırıq ki, uyğun qiymətə verək ki, camaat toyunu edə bilsin. Qiyməti baha saxlamaqla onsuz da heç nə əldə etmək olmur.
- Ən çox hansı maşınlar sifariş olunur?
- Hazırda ən çox dəbdə olan “S Class”lardır ki, onların da qiyməti ki, 250-300 manatdır.
- Bəs ən bahalı maşınlar hansılardır?
- “Rose Royce”, “Bentley”in sonuncu modelləri bahalıdır. Bu maşınların günlüyü 500-600-a olur. Lakin çox az adam bu maşınlardan sifariş edir.

- Bəy özü maşını sürmək istədikdə qiymətdə dəyişiklik olur?
- Bəli, bəy özü sürmək istəsə 20 manat əlavə ödəniş edir. Amma əsasən maşını bizim öz sürücümüz idarə edir. Belə daha etibarlı olur.
- Olubmu ki, maşına zərər dəysin? Bu zaman ziyanı hansı tərəf ödəyir?
- Yox, çox nadir hallarda belə hadisə ilə rastlaşırıq. Lakin maşına zərər dəyəndə, onu elə özümüz təmir etdiririk.
- Toy mövsümü başlayandan gün ərzində neçə sifariş alırsınız?
- Təxminən 4-5 sifariş alırıq. Hələ ki, sifariş məsələsindən narazı deyilik, vəziyyət normaldır.
- Bəs bu mövsüm maşınların bəzək-düzəyində hansısa dəyişiklər varmı?
- İndi cütlüklər istəyirlər ki, maşının üzərində adlarının baş hərfləri də olsun. Həmçinin bildiyiniz kimi, indi ev bəzəkləri də əlavə olunur. Məsələn, gəlin və bəyin evinin, daha doğrusu evdən çıxanda ki, evin kandarı bəzədilir, həmin sifarişləri də alırıq".
Müsahibimiz söhbətində internet vasitəsi ilə sifarişlərin artmasından xeyli gileyləndi: “İnternet çıxandan bizim işimiz dəhşət ”ölüb". İnternetlə sifariş götürənlər bizim kimi icarə pulu, vergi ödəmir, buna görə də nisbətən ucuz qiymətə sifariş götürür.
- Belə çıxır ki, onlar sifarişləri evdə hazırlayır?
- Bəli. Məsələn, internetdən axtarış edib xüsusi formalar öyrənirlər, yaxud da bizim paylaşımlarımızdan ideyalarımızı oğurlayıb, sifarişlər hazırlayırlar. Xanımlar ya da bəylər baxırlar ki, İnstagramda sifarişlər daha ucuzdur, üz tuturlar onlara. Halbuki biz öz işimizin peşəkarıyıq. Hansı gülün hansı xarakterdə olduğunu, necə qorumalı lazım olduğunu biz yaxşı bilirik. Məsələn, ailəmiz 1972-ci ildən gül işi ilə məşğuldur. Hazırda qardaşlarım, əmilərim Rusiyada, xalaoğlanlarım Kiyevdə, Qazaxıstanda bu işlə məşğuldur. Yəni hamımız gül işinə baxırıq. Amma çəkdiyimiz əziyyət hədər gedir. Tutaq ki, bir sifarişi 60-70 manata qoyuruq, onlar isə internet üzərindən sifarişi 55 manata təklif edir.
Və yaxud ev dekoru ilə bağlı sifarişdə bəy və yaxud gəlin evindən çıxarkən qapını, kandarı bəzəyirlər. Bu zaman “101 gül” düzülür. Biz bunu 150 manata hazırlayırıq, internet üzərindən isə 100 manata təklif edirlər. Camaat da gəlib deyir ki, “internetdə 100 manatdır, siz də bu qiymətə razılaşın”. Daha anlada bilmirik ki, biz arenda pulu verir, vergi ödəyirik, üstəlik işimiz peşəkarcasına olur. Amma deyim ki, çox zaman internet üzərindən sifariş edənlər nəticədən narazı qalır. Çünki çox zaman sifariş şəkildə göstərilən kimi olmur. Təkcə gül, bəzək sifarişi deyil, hamıya məlumdur ki, internet üzərindən istənilən məhsul sifariş edəndə əksər halda məhsul şəkildə olduğu kimi gəlmir, insanlar aldadılır".
“Yeni Müsavat”