BolgeXeber.Com » Müsahibə-Reportaj » "Seçicilər etimad göstərərsə, öz rayonumun inkişafına töhfə verərəm" — Bələdiyyə üzvlüyünə gənc namizəd

"Seçicilər etimad göstərərsə, öz rayonumun inkişafına töhfə verərəm" — Bələdiyyə üzvlüyünə gənc namizəd

7-12-2019, 10:23
Oxunub: 4 515 "Seçicilər etimad göstərərsə, öz rayonumun inkişafına töhfə verərəm" — Bələdiyyə üzvlüyünə gənc namizəd "Düşündük ki, birinci mərhələdə sosial şəbəkələr və media üzərindən təbliğatımızı həyata keçirək"

22 saylı Nəsimi ikinci seçki dairəsindən bələdiyyə üzvlüyünə namizəd, jurnalist, İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlının “Report”a müsahibəsi:

- Necə oldu ki, bələdiyyə seçkilərinə qatılmaq qərarına gəldiniz?

- Son bir ildə cənab Prezident tərəfindən ölkəmizdə aparılan islahatlar daha da dərinləşdirilib. Bu islahatlar cəmiyyətin bütün sahələrini, hakimiyyətin bütün qollarını tamamilə əhatə edib. Ölkəmizdə artıq müasir dövrün çağırışlarına cavab verən işgüzar, bacarıqlı və hazırlıqlı gənclər dövlət idarəçiliyində önə çəkilir. Cənab Prezident də çıxışlarında bildirib ki, Azərbaycanda dövlət idarəçiliyinə yeni model gətirilməlidir. Çevik, mobil və dövrün çağırışlarına cavab verən gənclər önə çəkilməlidir. Bu çağırışları nəzərə alaraq bir gənc kimi hesab etdim ki, ölkəmizdə baş tutacaq bələdiyyə seçkilərində iştirak edim. Düşünürəm ki, Azərbaycanda baş verən islahatların fonunda bələdiyyələr də islahatlar kursuna uyğun formalaşmalıdır. Ona görə də doğulduğum, yaşadığım Nəsimi rayonundan namizədliyimi irəli sürdüm. Düşündüm ki, seçicilər etimad göstərərsə, öz rayonumun inkişafına töhfə verərəm.

- Təşviqat mərhələsi necə gedir?

- Təşviqat mərhələsini bir neçə istiqamətdə aparırıq. Düşündük ki, birinci mərhələdə sosial şəbəkələr və media üzərindən təbliğatımızı həyata keçirək. Xüsusi posterlərimiz, namizəd olaraq haqqımızda məlumatlar hazırlandı. Sosial şəbəkələrin imkanından istifadə etməklə bunu seçicilər arasında yaydıq. Tanınmış ictimaiyyət nümayəndələri, sənətçilər, siyasətçilər və jurnalistlər bu prosesdə bizə yaxından dəstək oldular. Bunun nəticəsi olaraq, hesab edirəm ki, internet-mediada namizəd kimi populyarlıq qazana bildik. Dünəndən etibarən isə seçicilərlə görüşlərə başlamışıq. Müxtəlif sosial təbəqə nümayəndələri ilə tək-tək görüşlər keçiririk. Bu seçki strategiyamızın ikinci əsəs mərhələsidir. Sonuncu mərhələdə isə fikirləşirik ki, çeçki təbliğatı üçün nəzərdə tutulmuş yerdə görüş və konsert proqramı təşkil edək. Bu konsertdə həm gənc sənətçilər, həm də vətəndaşlar iştirak etsinlər. Hesab edirəm ki, bundan əvvəl bələdiyyə seçkilərinə olan münasibət dəyişib. İndi insanlarda daha çox maraq var. Bu həm ölkədə gedən istlahatlarla, həm də bələdiyyə seçkilərinə gənclərin, fəalların qoşulması ilə bağlıdır.
- Jurnalist fəaliyyətiniz bələdiyyə seçkilərində namizəd olmaqda nə dərəcədə rol oynayıb?

- Mən düşündüm ki, həm jurnalist kimi, həm də gənc fəal kimi əlimizdə olan imkanlardan faydalanmaqla bələdiyyəyə üzv kimi yaşadığım rayonun inkişafına xidmət etmək olar. Bu, mənim üçün mühüm detal oldu. Jurnalist həmkarlarımdan da çox böyük dəstək gördüm. Onların dəstəyinin nəticəsidir ki, qısa zamanda rayon əhalisi mənim namizədliyimdən xəbərdardır və dəstəkləyirlər. Bundan sonra aparacağımız təbliğatın yekununda da jurnalist həmkarlarımın və fəal gənclərin dəstəyi çox həlledici olacaq.

- Qalib gəlsəniz, hansı işlərin görülməsini təxirəsalınmaz hesab edəcəksiniz?

- Özüm də burada yaşadığım üçün bilirəm ki, Nəsimi rayonu ərazisində çox problemlər var. Görüşlərdə də insanlardan təkliflər gəlir. Xüsusilə məhəllə yollarında vəziyyət yaxşı deyil. Mənim şəxsən yaşadığım məhəllənin yollarında xeyli nöqsanlar var. Düzdür, mərkəzi yollar yaxşıdır, amma bunu məhəllələrin arasındakı yollara aid etmək olmaz. Daha sonra gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün idman güşələri yaradılsın. Heç olmasa, kiçik idman qurğuları olsun ki, insanlar açıq havada idman edə bilsinlər. Dünən təklif də gəldi ki, məhəllələrin birində 15-ə yaxın taksi var və onların durması üçün imkan yoxdur. Biz də ya İcra Hakimiyyəti qarşısında, ya da müvafiq orqanların qarşısında dayanacağın qurulması məsələsini qaldıracağıq. Yəni bələdiyyə olaraq öz səlahiyyətimizdə olan və olmayan məsələləri digər qurumlar qarşısında qaldıracağıq və problemlərin həllinə çalışacağıq. Həmçinin bələdiyyənin gəlirlərinin artırılması üçün müəyyən addımlar ataq. Burada bəzi şəxslər var ki, 58 yaşı var, heç yerdə işləmir, təqaüd də almır. Biz belə insanlar üçün kiçik müəssisələrin açılmasını düşünürük. Bu həm gəlirlərin artması, həm də məşğulluğun həllinə kömək edər. Mən özüm xaricdə təhsil almışam. Orada bələdiyyə sistemində gördüyüm bir sıra ənənələr var ki, onları da qanunvericilik daxilində tətbiq etməyi düşünürəm. Əgər insanlar etimad göstərərsə, mərhələli formada bunların həllinə çalışacağıq.

- Gələcəkdə deputatlığa namizəd olmaq fikriniz varmı?

- Hələlik bu barədə qərar verməmişəm. Çünki Azərbaycanda parlament seçkilərinin vaxtı da elan edilməyib. Amma ola bilər ki, parlament seçkilərində də iştirak edək, amma buna qərar verməmişəm. Çünki düşünürəm ki, parlament seçkiləri daha ağırdır. Ətrafımızda olan insanlarla müzakirə apararaq real gücümüzü hesablayaraq sonra qərar verə bilərik.