BolgeXeber.Com » Müsahibə-Reportaj » Elnur Məmmədli: "Həkimlərimiz yazıq deyil?" - MÜSAHİBƏ

Elnur Məmmədli: "Həkimlərimiz yazıq deyil?" - MÜSAHİBƏ

29-06-2020, 18:20
Oxunub: 2 792 Bu gün 32 yaşı tamamlanan Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya və ikiqat Avropa çempionu Elnur Məmmədlinin "Report"a müsahibəsi
- İlk növbədə, sizi doğum günü münasibətilə təbrik edirik. Hazırkı dönəmdə, pandemiya şəraitində belə bir əlamətdar günü necə qeyd edirsiniz?
- Doğum günümdə evdəyəm. Mənim üçün hər gün ad günüdür, hər günüm şaddır. Çünki insan o qədər pozitiv olmalıdır. Hər günümüzə şükür etməliyik ki, sağlamıq, salamatıq. Doğum günümü heç bir yerdə qeyd etmirəm. Evimdəyəm və işlərimi də davam etdirirəm. Keçən ildə də belə idi, ondan əvvəlki ildə də. Hər il doğum günümü öz evimdə qeyd edirəm, hər zaman ailəmizlə birlikdə oluruq. 
- İdmançı karyeranızı erkən, amma titullarla bitirmisiniz. Daha hansı uğurların hələ irəlidə olduğunuzu düşünürsünüz?
- Mən iki dəfə - 2006 və 2011-ci illərdə Avropa çempionu olmuşam və 2017-ci il dünya çempionatının finalında çıxış etmişəm. Finalda da cənubi koreyalı cüdoçuya haqsızlığa görə uduzmuşdum. İdmançı üçün ən böyük zirvə olimpiya çempionluğudur. Dəfələrlə beynəlxalq yarışların qalibi olmuşam. Təbii ki, özüm-özümlə fəxr edirəm ki, ölkə üçün, məmləkət üçün nə isə etmişəm. Bu gün Elnur Məmmədli deyəndə, kiçikdən böyüyədək hamı məni yaxşı mənada tanıyır. Bu, mənim üçün böyük qürurdur. Sizin kimi, əzizlərim doğmalarım zəng vurur və məni təbrik edirlər. İnanın mənə, həqiqətən sevincimin həddi, hüdudu yoxdur, çox sevinirəm, Azərbaycan Respublikasının əsgəriyəm. İnanıram ki, birincilərdən olacağam. Ali Baş Komandanın əmrini gözləyirik ki, müharibə olsa, gedib vuruşanların önündə gedənlərdən biri mən olacağam. Arzu edirəm ki, ilk növbədə, bu bəladan qurtaraq. Torpaqlarımızı azad edək, Şuşada, Laçında bayrağımızı sancaq. Bayrağı sancanlardan biri də mən olacağam. Həmin yerlərdə də bizim mötəbər yarışlarımız keçirilsin. İnanıram ki, bu, olacaq, gec-tezi var. Çünki bizim müdrik ölkə başçımız var, o, çox güclü siyasətçidir. Bütün xalq ölkə başçısının yanındadır, birlikdəyik. Birinci vitse-prezidenti Mehriban Əliyava müdrik xanımdır. Bu gün biz xoşbəxt millətik ki, ölkəmizin belə prezidenti var.

- 2008-ci il Pekin Yay Olimpiya Oyunlarını necə xatırlayırsınız?
- Pekində mənim üçün ikiqat qələbə oldu. Həm olimpiadanın qalibi oldum, həm də qızıl medalı mənə Ali Baş Komandan, Prezident İlham Əliyev təqdim etdi. Avqustun 11-i idi. Bir də Pekin Yay Olimpiya Oyunlarının başlanış mərasimini heç vaxt unutmayacağam. Olimpiadanı 3 idmançı fəth etmişdi. Böyük tabloda məşhur atlet Useyn Bolt, üzgüçü Maykl Felps və mənim şəklimi vurmuşdular. Üçümüz olimpiadada rekorda imza atan idmançılar idik. Bizim üçün belə gözəl anlar olmuşdu.
- Olimpiadada qızıl medal qazanacağınıza nə dərəcədə inanırdınız?
-İnanaraq yarışa yollanmışdım. Çünki mən Avropa çempionu idim və dünya çempionatında gümüş medal qazanmışdım. Dünya reytinqində də ilk sırada idim. Olimpiadaya ancaq qızıl medal üçün getmişdim.
- Hazırda hansı dövlət orqanında çalışırsınız?
- Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşıyam. Məxfi olduğu üçün vəzifəmi deyə bilməyəcəyəm. Bizim rəisimiz general-leytinant Əli Nağıyevdir, müdrik və vətənpərvər insandır.
- Cüdoçuların hazırkı durumu sizi qane edirmi?
- Bu gün federasiya prezidenti Rövnəq Abdullayevin idmana və idmançılara böyük qayğısı var. Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin də idmana böyük diqqəti sayəsində cüdoçularımızın durumu yüksək səviyyədədir. İstər maaş, istərsə də təlim-məşq toplanışları baxımından hər şeylə təmin olunurlar. Bu gün cüdoda heç problem yoxdur. Ümumi nəticələr də göz qabağındadır. Bir neçə cüdoçumuz dünya reytinqdə ilk pillələrdədir. Beynəlxalq Cüdo Federasiyası Azərbaycan idmançılarını barmaqla göstərir. Bu, həqiqətdir. Müəyyən idmançılar var ki, onların adlarını çəkmək istəmirəm.

- Kimi özünüzün davamçısı kimi görürsünüz: Azərbaycana növbəti olimpiya qızılını hansı cüdoçu gətirə bilər?
- Bu gün cüdo Azərbaycanda sürətlə inkişaf edir. Təkcə Bakıda yox, bölgələrimizdə də... Sumqayıt, Abşeron, Gəncə və Naxçıvan kimi yerlərdə yaxşı şərait yaradılıb. Federasiya tərəfindən bütün regionlara tatami paylanılıb. Məşqçilər həmin yerlərdə master-klass göstərirlər. Azərbaycanda cüdo analoqu olmayan sürətlə inkişaf edir və Elnur Məmmədli kimi idmançılar yetişir. Elnur Məmmədlilər 2015-ci ildən, yeni federasiyamız gələndən sonra cüdoda sürətlə inkişaf gedir. Azərbaycan dünya çempionatı kimi yarışa 2018-ci ildə ev sahibliyi etdi. Bu, onun nəticəsidir ki, bizim Elnur Məmmədli, Rüstəm Orucov, Elmar Qasımov, Orxan Səfərov, Hidayət Heydərov və Kəramət Hüseynov və s. kimi cüdoçular var. Onların sayəsində dünya çempionatına Azərbaycan ev sahibliyi etdi. Bu gün ilk dünya çempionumuz Elxan Məmmədov kimi məşqçimiz var. Cüdo bu gün möhkəm əlllərdədir. Bu il məlum səbəbdən, Tokio Yay Olimpiya Oyunları keçirilmədi. Buna baxmayaraq, cüdoçularımız hər an yarışa hazırdırlar və olmalıdırlar. Mən hazırda federasiyanın vitse-prezidentiyəm və öz bildiklərimi idmançılardan əsigəmirəm.
- Gənc idmançılara əsas tövsiyəniz nədir?
- Gənclərə tövsiyə edirəm ki, narkomaniyadan və pis əməllərdən uzaq olsunlar. İdmanla daim məşğul olsunlar. Çünki idman sağlamlıqdır. Ümumilli lider Heydər Əliyevin dahi bir sözü var: "Sağlam bədəndə sağlam ruh olar". Biz müharibə şəraitində yaşayırıq, mən də gənclərimizlə birlikdə çiyin-çiyinə verib torpaqlarımızı azad etmək üçün hazır olmalıyıq. 
- Bəs karantin dönəmində Azərbaycan xalqına hansı məsləhətləri vermək istərdiniz?
- Azərbaycan xalqından, xahiş və rica edirəm ki, özlərini qorusunlar. Bu, doğrudan da ciddi məsələdir, böyük bəladır. Hər kəs özünü, yaxınlarını, ailəsini qorumalıdır. Tibbi maskasız evdən çıxmasınlar. Ehtiyac olmadığı təqdirdə, kiminsə evdə ürəyi sıxılır deyə, harasa getməsin. Hörmətli prezidentimizin gözəl bir sözü var: "Biz birlikdə güclüyük". Nə qədər birlikdə olsaq, bir yerə yumruq vursaq, bəladan tezliklə qurtaracağıq. İnsanlar bu bəlaya məsuliyyətsiz və qeyri-ciddi yanaşsalar, xəstəliyi ciddiyə almasalar, nəticəsi pis olacaq. KİV-ə baxıram və izləyirəm, xəstəlik gündən-günə çoxalır. Bu da ondan irəli gəlir ki, insanlar koronavirusu ciddi qəbul etmirlər. Bəlaya düçar olanda, xəstələnəndə ağılları başlarına gəlir. Maksimum dərəcədə evimizdə oturmalı və ailəmizi qorumalıyıq. Həkimlərimiz yazıq deyil? İnsanlar evdə otursalar, onların və hüquq mühafizə orqanlarının işləri asan olar. Bütün Azərbaycan xalqından xahiş edirəm, evlərində otursunlar. Bəladan qorunmağın yeganə yolu budur.