BolgeXeber.Com » Müsahibə-Reportaj » «Xəqani» Ticarət Mərkəzində nə baş verir?

«Xəqani» Ticarət Mərkəzində nə baş verir?

30-04-2011, 11:30
Oxunub: 7 324
Bir neçə fars iş adamı Azərbaycan dövlətini saya salmırlar, Xəqaninin heykəli isə zibilxanada saxlanılır

Bir zamanlar Bakının mərkəzi küçələrindən birində, «Torqovı»da Xəqani Şirvaninin heykəli vardı. Rəssamların rəsm əsərlərini sərgilədiyi küçənin lap başında balaca park sonradan yoxa çıxdı. Yerində isə «Xəqani» adlı ticarət mərkəzi inşa olundu. Bunun nələr qarşılığında və niyə inşa edildiyi isə elə də böyük sirr deyil. Çünki mərkəzi tikən İrandan gəlmiş bir neçə fars iş adamı olmaqla yanaşı, binanın inşasına icazə verən isə Bakı meri Hacıbala Abutalıbov idi.

Heykəl hara yoxa çıxdı?

Bildirək ki, Xəqaninin heykəli indiki Ticarət Mərkəzinin yerləşdiyi ərazidəydi. Sovet dövründən qalma, müstəqil Azərbaycanın yarandığı ilk günlərdən bir çoxlarının gəzib, dolaşdığı və yekunda istirahət etdiyi yerin aqibətinin belə sonuclanması təbii ki, kimlərinsə alış-verişi səbəbindən baş verib. Amma bizim üçün maraqlı olan məsələ odur ki, bir iki fars iş adamına Azərbaycanın böyük bir şairi üçün ucaldılmış heykəlin qurban verilməsinin nə adı var?

Bir başqa məsələ də ondan ibarətdir ki, dahi Azərbaycan şairi Xəqaninin heykəlinin aqibəti barədə heç kim heç nə bilmir. Hətta BŞİH-dən belə bu barədə məlumat almaq olmur. Ancaq bolgexeber.com bununla bağlı araşdırma apararaq, bəzi məlumatlar əldə etməyi bacarıb. Məlum olub ki, Xəqaninin heykəli hal hazırda «Xəqani» Ticarət Mərkəzinin rəhbərlərinin göstərişi əsasında anbara yerləşdirilib. Anbar deyəndə ki, bunu zibilxana adlandırmaq daha doğru olardı. Çünki mərkəzin saxlanc yeri bərbad gündədir və oraya zibilxanadan başqa heç bir ad verilmir.

Aldığımız bəzi məlumatlarda o da vurğulanır ki, Xəqani heykəlinin qeyd olunan ərazidən götürülməsi təsadüfi yox, məqsədli şəkil daşıyıb. Çünki İran həmişə Azərbaycan şairlərini öz adına çıxaraq, onları özünküləşdirməyə çalışıb. Xəqani Şirvanidən başqa, Nizami Gəncəvi və Məhəmməd Fizuliyə də iddia edən farsların Bakıda bir heykəli sıradan çıxarması isə o deməkdir ki, proses hələ də davam edir.

Digər tərəfdən, ölkə qanunvericiliyinə görə, hər hansı bir heykəlin yerinin dəyişdirilməsi və götürülməsi üçün konkret sərəncam verilməlidir. Məsələn, Nəriman Nərimanovun heykəlinin götürülməsi üçün atılan addımlar məhz sərəncam olmadığı üçün həyata keçirilə bilmir. Amma Xəqani kimi, böyük Azərbaycan şairinin şəhərin düz mərkəzindəki heykəli iki-üç farsın maddi və dövlətinin maraqlarına qurban verilib.

İndi sual vermək lazımdır ki, Ticarət Mərkəzinin rəhbərilərinə belə bir addımı atmağa kim icazə verib? Sərəncam olmadan heykəli oradan kim götürüb? Tikintiyə BŞİH icazə veribsə də, heykəlin götürülməsinə onların razılıq verdiyinə dair heç bir dəlil-sübut yoxdur. Belə çıxır ki, Bakıda pul qazanmaq adı altında hər işlə məşğul olan bu Ticarət Mərkəzinin rəhbərləri özbaşına hərəkət ediblər. Amma bunun da tək onlarla bağlı bir iş olduğunu düşünmək yersiz olardı.

Arxitekturaya zidd Ticarət Mərkəzi

«Xəqani» Ticarət Mərkəzinin yerləşdiyi ərazinin şəhərin mərkəzi olduğu bəllidir. Ümumiyyətlə, qanunlara görə, qədim və arxitekturalı binaların yaxınlığında yenilərinin inşası o zaman mümkün ola bilər ki, yeni inşa edilən bina həmin ansambılı pozmasın. Amma «Xəqani» Ticarət Mərkəzinin kənardan görünüşü «Torqovı» ilə qəti uzlaşmır.

Söhbət etdiyimiz arxitekturlar da deyirlər ki, iranlıların inşa etdiyi Ticarət Mərkəzinin xarici görünüşü Bakının planına uyğun deyil. Onların bildirdiyinə görə, bu bina daha çox İran mədəniyyət nümunələri üslubunda tikilib ki, onun da bizim arxitekturaya qətiyyən aidiyyatı yoxdur. Memarlar onu da deyirlər ki, «Xəqani» Ticarət Mərkəzi qədim küçənin qədimliyini bir kənara qoymaqla yanaşı, həm də oradakı parkın da tamamilə sıradan çıxmasına şərait yaradıb. Bununla bağlı dəfələrlə edilən şikayətlərə isə baxan olmayıb. Güman etmək olar ki, bu susmanın səbəbi hansısa maddi qarşılıqdır.

Apardığımız araşdırma nəticəsində o da məlum olub ki, bu mərkəzin tikintisini xarici arxitekturlar həyata keçiriblər. Xarici deyəndə ki, İrandan gələn memarlar reallaşdırıblar. «Torqovı»nın qədimliyi ilə qəti şəkildə uzlaşmayan «Xəqani»nin deyilənə görə, bu vəziyyətdə inşası məqsədli şəkildə həyata keçirilib.

Gizli məkan, yoxsa, ticarət obyekti?

Qeyd edək ki, «Xəqani» Ticarət Mərkəzinin adı bir sıra qalmaqallı məsələlərdə hallanıb. Hələ xeyli əvvəldən bu yerlə bağlı deyirdi ki, Ticarət Mərkəzinin rəhbərlərinin İran xüsusi xidmət orqanları ilə müəyyən bağlılığı olub. Belə ki, mərkəzdəki ofislərdən birinin xüsusi otaq olaraq saxlanılması haqqında deyilənlərə görə, ora iranlı cəsuslar yığışaraq, planlar müzakirə edirmişlər.

Şübhəsiz, biz bu məlumatları nə təsdiq, nə də təkzib etmək gücündəyik. Amma belə bir şeyin ola biləcəyini də istisna etmək mümkün deyil. Çünki İran həmişə Azərbaycana qarşı düşmən mövqedə dayanıb və bu kimi işlərlə də həmişə ölkəmizə zərbə vurmaqdan çəkinməyib.

Digər tərəfdən, bu Ticarət Mərkəzində alverin aşağı səviyyədə olmasını orada çalışanlar da təsdiq edirlər. Buna baxmayaraq, dükanların qiymətlərinin baha olması və işləyən dükanların sayının azlığı bəzi maraqlı məqamları üzə çıxarır.

Bildirək ki, «Xəqani» Ticarət Mərkəzinin təkcə aylıq elektrik xərci minlərlə manat hesab olunur. Bundan başqa, vergi və digər xərcləri də buraya əlavə edərsək, durumun nə qədər fərqli olduğunu görə bilərik. Bunun qarşılığında, Ticarət Mərkəzinin renatbeli olmamasına rəğmən, hələ də fəaliyyət göstərməsi başadüşülən deyil. Görünür, ortada başqa maraqlar var və həmin maraqlar da tamamilə hansısa dövlətin istəklərinə xidmət edir.

Ticarət Mərkəzində vergidən yayınma var

Bu əsnada əlimizdə olan bir başqa məlumatda isə vurğulanır ki, «Xəqani» Ticarət Mərkəzinin rəhbərliyi vergidən yayınmaq üçün müxtəlif vasitələrə də baş vurur. Hələlik tam dəqiqləşdirmə aparmadığımızdan bu yayınmanın hansı formada olması haqqında geniş bilgi verə bilmirik.

Məlumatı verən şəxslər isə deyirlər ki, alış-verişin zəif olduğu bu Ticarət Mərkəzinin rəhbərliyi xeyli vaxtdır vergi ödəmir. Vergi müfəttişləri ilə görüşlər əsnasında isə bir qədər fərqli vasitələrdən istifadə olunur. Belə ki, onları razı salmaq üçün qanundan kənar vasitələrdən yararlanılır.

Müəmmalı aviakassa

Nəzərinizə çatdıraq ki, «Xəqani» Ticarət Mərkəzində «İran Air» şirkətinin nümayəndəliyi və onun aviakassası fəaliyyət göstərir. Bakıdan İran şəhərləri arasında yalnız Tehrana həftədə bir dəfə uçuşun olduğunu nəzərə alsaq, bu aviakassanın böyük işlər görə biləcəyini düşünməmək mümkündür. Bundan başqa, həmin aviakassanın da tam gücü ilə işləmədiyi hər kəsə bəllidir. Orada nə bilet satışı həyata keçirilir, nə də başqa reyslər üzrə bilet satışı var. O zaman ortaya belə bir məntiq çıxır: Bu aviakassa kimə və nəyə lazımdır?

Təbii ki, hansısa maraqlar var. Həmin maraqların nələrdən ibarət olduğunu demək elə də çətin olmaya da bilər. Amma məsələ belədir ki, bunu iddia etmək üçün ciddi əsaslar lazımdır. Sadəcə, məntiqi papalel aparıldığı təqdirdə anlaşılan odur ki, yuxarıda qeyd etdiyimiz kimi, xüsusi ofis məsələsi ilə aviakassa işi üst-üstə düşür və eyni profil üzrə fəaliyyət göstərdikləri anlaşılır. Çünki indiki məqamda heç bir fəaliyyət göstərməyən kassanın işini davam etdirməsinin məntiqi bir açıqlaması da yoxdur.

Sökülmə ilə bağlı qərar niyə icra edilmir?

Bildirək ki, «Xəqani» Ticarət Mərkəzinin sökülməsi ilə bağlı bir müddət əvvəl sərəncam verilib. Etibarlı mənbələrdən TİA.AZ-a verilən məlumatlarda deyilir ki, bununla bağlı bir müddət əvvəl sərəncam olub və indiyə qədən onun icrası həyata keçirilməyib. Sərəncamın verilməsinə səbəb isə mərkəzin arxitektura qaydalarına uyğun inşa edilməməsi, böyük bir parkın ərazisini zəbt etməsi və digər səbəblər göstərilib.

Lakin bütün bunlara rəğmən xeyli vaxtdan bəri «Xəqani» Ticarət Mərkəzinin sökülməməsi müəmma olaraq qalır. Bunun necə və hansı şəkildə edildiyi də elə müəmmalar sırasındadır. Bizdə olan məlumata görə, ticarət mərkəzinin rəhbərliyi həmin sənədə əsasın obyektləri boşaltmalı və orada ticarətlə məşğul olanlara bununla bağlı xəbər verməlidir. Ki, onlar da satışa çıxardıqları mallarını toplayıb, başqa bir yerdə dükan kirayələyə bilsinlər. Amma bununla bağlı onlara nə xəbərdarlıq edilib, nə də hər hansı bir daşınma var.

Məlumatlarda deyilir ki, məsələdən xəbər tutan sahibkarlardan bir neçəsi təcili olaraq mərkəzin rəhbərliyi ilə görüşərək, baş verənlərlə bağlı izahat tələb edib. Bir çoxları isə təcili olaraq aldıqları obyektlərin pullarını geri qaytarmağı tələb ediblər. Amma «Xəqani»nin başında dayananlar bunu inkar etməyə çalışmaqla bərabər, həmin pulu da ödəməkdən imtina edirlər.

Baş verənlərdən belə anlaşılır ki, Ticarət Mərkəzinin rəhbərliyi həm sahibkarları aldadır, həm də onlara hədə-qorxu gəlməklə arxasında böyük güclərin dayandığını nümayiş etdirmək istəyir. Əks təqdirdə, onlar özlərində bu qədər cürət taparaq, binanın sökülməsini yubatmağa çalışmaz və «biz bu ölkənin ağasıyıq» fikrini işlətməzdilər. Şübhəsiz ki, onların bu cür danışmalarına rəvac verənlər var və bu səbəbdən də sökülmə prosesi yubanır. Amma bütün bunlar heç də o demək deyil ki, bir neçə fars iş adamının Bakıda istədiyi şəkildə hərəkət etməsi uzun çəkə bilər. Hər halda bura Azərbaycandır. Yəni, bizdə hər şey mümkündür, amma bir yerə qədər.