BolgeXeber.Com » Müsahibə-Reportaj » "Elşad dedi ki, Mahir 10 milyon dollar və brilliantlar aparıb"

"Elşad dedi ki, Mahir 10 milyon dollar və brilliantlar aparıb"

22-06-2013, 14:00
Oxunub: 8 276 Arzu Kazımov məhkəmədə sensasiyalı açıqlamalar verdi
Bolgexeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. İlkin olaraq dövlət ittihamçısı Arzu Kazımova qarşı irəli sürülmüş ittihamın nəticəvi hissəsini elan edib. İttihama görə, Arzu Kazımov dövlət qurumlarında çox sayda yüksək vəzifəli tanışının olduğunu deyərək, itkin düşmüş qardaşı Mahir Abdullayevin tapılması ilə bağlı görülən işlərin intensivləşdirilməsi və hüquq-mühafizə orqanlarında işləyən şəxslərdə stimul yaratmaq adı ilə 2003-cü ildə Elşad Abdullayevdən ümumilikdə 1.5 milyon dollar alıb. Həmin pulları isə səlahiyyəti olmadığı halda "İnşaat-servis 2002" şirkətinin adından ev satmaq adı ilə saxta müqavilərələr imzalayıb və 1.5 milyon dolları dələduzluq yolu ilə mənimsəyib.
Hakimin sualına cavabında Arzu Kazımov ittihamı qəbul etmədiyini bildirib. Prokuror ilkin olaraq təqsirləndirilən şəxsin dinlənilməsini təklif etdi. Arzu Kazımovun vəkili Ramiz Zeynalov isə əvvəlcə şahidlərin dindirilməsini istəsə də, hakim Arzu Kazımovun ifadə verməsini məqbul saydı.

Azru Kazımov istintaqa həm şahid, həm də təqsirləndirilən şəxs qismində ifadə verib və ifadələrini təsdiq edir. O, ilkin olaraq tikinti şirkəti iklə bağlı saxta müqavilə imzalaması barədə ittihama aydınlıq gətirib. "Elşad Abdullayevlə bağlılığım kommersiya əlaqələri olub. İttiham aktından belə məlum oldu ki, mənim şirkətə heç bir aidiyyatım yoxdur və səlahiyyətim olmadığı halda müqavilələr imzalamışam. Şahidlər də var, bütün Azərbaycan bilir ki, o binanı mən tikmişəm. Əgər səlahiyyətim olmasaydı mən 24 mənzilə orderi necə verə bilərdim? Guya mən ondan milyon yarım almışam, bunlar da istəməyiblər. Gec-tez hamı biləcək kim haqlıdır. Hər şey ortaya çıxacaq. Vaqif Hüseyni Kİprdə tutdurub pullarını aldılar, Gülər Əhmədovanın oğlunu "razborkaya" çağırdılar, guya mənə gücləri çatmadı? Borcum olsaydı, elə həmin vaxt alardılar da, necə oldu ki, 6-7 ildən sonra Elşad Abdullayevin yadına düşdü. Elşadın bütün dedikləri kimi bu məsələ də yalandır. O binanı mənim tikdiyimi ölkə başçısından tutmuş hamı bilirdi. Sadəcə rəsmi sənədlərdə mənim adım olmayıb. Bəzən 10 nəfər pul qoyub bina tikir, iş görür, amma onların hamısının adı rəsmiləşmir, çoxlarının öz adına deyil. Bu gün yoxlansa, Azərbaycanda bütün görülən işləedə bu hal var".

Arzu Kazımov daha sonra qeyd etdi ki, Elşad Abdullayev birinci dəfə ondan 500 min dollara sahəsi 411 kv.m olan mənzil alıb. "Deyirdi ki, bu mənzili Təhsil Nazirliyində yüksək vəzifəli şəxslərdən birinin qızına hədiyyə edəcək ki, rektor olduğu universitetə lisenziya məsələsi düzəlsin. Mən də dedim ki, adamı gətir adına sənədləşdirək. Onu da dedi ki, qardaşı tapılarsa, pul lazım ola bilər və bu 500 minə ehtiyacı olacaq. Mən də dedim ki, qardaşın tapılsa və təcili pul lazım olsa 500 min dolları da qaytaracam, sənə kömək kimi 2 milyon da pul verəcəm. O da özü müqavilə hazırlayaraq gətirdi ki, bunu imzalayaq. Neçə ay gözlədim ki, evi aldığı adamın sənədini gətirsin sənədləşdirək, ancaq gəlib çıxmadı. Sonra da dedi ki, lisenziya işi düzəlmədi".

Arzu Kazımov Mahir Abdullayevin tapılması üçün vəzifəli şəxslərdən xahiş etməsi ilə bağlı məsələlərə də toxunub: "Mənim Daxili işlər nazirinin sabiq müavini, dünyasını dəyişmiş Zahid Dünyamalıyevlə yaxın münasibətim olub. Mahirin işi ilə bağlı dəfələrlə ondan və digər vəzifəli şəxslərdən xahiş etmişəm. Ancaq bu xahişlər üçün Elşaddan pul almamışam. Elşad deyir ki, guya mən onu qardaşı Mahirlə danışdırmışam və Mahir ona işgəncə verildiyini deyəndən sonra mənə pul verib ki, qardaşını qurtarım. Hansı videoda mən demişəm ki, Elşad mənə pul verib qardaşı üçün. Bizim pul söhbətlərimiz yalnız biznes sahəsində olub. Elşad Abdullayev oturub xaricdə ağzına gələni yazır, buna görə mən neçə vaxtdır içəridəyəm. Qoy bir özü gəlsin burada desin ki, nə baş verib. Özü yoxdur, amma məni ittiham edirlər, bu necə məhkəmədir?"

Kazımovun sonuncu sualına hakim reaksiya verdi:
- Kazımov, məhkəməyə nə iradınız varsa, özünüz və ya vəkiliniz qanunvericilik qaydasında şikayət edə bilərsiniz.

A.Kazımov: İradım Elşad Abdullayevədir. Onun nağılları ilə məni həbs edirlər. Qoy gəlib dediklərini sübut etsin. Hakbuki özü mənə Mahir haqqında deyib ki, "qardaşım bizi yaman günə qoydu, 10 milyon pulumu, brilliantlarımı götürüb aradan çıxıb.
Arzu Kazımov Elşad Abdullayevin ona 500 min dollardan başqa 1 milyon dollar verməsini də təsdiqləyib. O bildirib ki, Elşad bu pulu ona biznes məqsədi ilə faizlə verib və müqavilədə də yazıb ki, 30 faiz sələm yalnız ona çatır. Sonra pulun əvəzində ona mənzil və universitet üçün bina tikməyə torpaq sahəsi vermişəm. Bunların da hamısı müqavilədə əksini tapıb. İndi şikayətində bildirdiyi kimi əgər bu pulu qaytarmaq üçün verirdisə, niyə bu barədə müqavilədə heç nə qeyd etmirdi. Halbuki bütün müqavilələri Elşadın özü hazırlamışdı. Bundan başqa, həmin torpaq sahəsinə dərhal Elşadın qaynatası Hüseyn Əhmədovun adına kupça alınıb".

Elşad Abdullayev daha sonra Mahir Abdullayevi qayınatası Şahməmmədovla söhbətin videosuna toxunub.

"Elşad mənə dedi ki, Şamil müəllimin vəziyyəti pisdir, az ömrü qalıb, gedək ona ürək-dirək verək. Elə görüşən kimi Şamil müəllim mənə dedi ki, Mahirin tapılması üçün pul almısan, niyə qaytarmırsan? Mən də dedim ki, mən Mahirin tapılması üçün Elşaddan pul almammışam. Elşaddan soruşdu ki, bəs deyirsən Arzuya pul vermişəm, kimə vermisən pulu? Elşad söhbəti qatdı və sualdan yayındı. Şamil müəlli sonra dedi ki, mən lazım olsa prezidentə deyərəm, bu məsələni həll edər. Dedim ki, əgər deyə bilrsinizsə, demək lazımdır. Sonradan məlum oldu ki, guya qaynatası bağını satıb, o pulu da Elşad mənə Zahid Dünyamalıyevə vermək üçün verib. Halbuki Elşad Mahir haqda mənə elə sözlər deyib ki... Deyirdi ki, Mahir pulları aparıb arvadına, qaynatasına verib. Mahirə nə edibsə Elşadgil - öz qardaşları edib. Ona hardasa bağ evində saxlayırdılar. Bir dəfə qardaşı Mübariz mənə dedi ki, Zahid Dünyamalıyevdən soruş gör, Mahiri üzə çıxarsaq bizi qoruya bilər. Mən də həmin vaxt Zahid müəllimlə əlaqə saxlaya bilmədim, Arzu Daşdəmirova dedim ki, belə deyirlər, problem olmaz ki onlara? O da dedi ki, əlbəttə problem olacaq. Bir neçə gün sonra Zahid Dünyamalıyevlə əlaqə saxladım, dedi ki, gətirsinlər Mahiri, heç nə olmayacaq. Onda da dedilər ki, daha gecdir..."

Arzu Kazımov ifadəsində qeyd edib ki, Mahir Abdullayevin qardaşları tərəfindən «yox edilməsi» ilə bağlı əsaslar var. "Bir dəfə çörək yeyəndə Elşaddan soruşdum ki, deyirsən ki, qardaşımı vəzifəli şəxslər oğurlayıb, səbəb nədir, qardaşını niyə oğurlamalıdılar? Cavab verdi ki, o səbəbi desəm, mən və qardaşlarımın heç biri olmayacaq. 6 qardaş olmamaqdansa, 1 qardaşın olmaması yaxşıdır. Mən də Zahid müəllimə deyəndə cavab verdi ki, qardaşlarını özləri yox ediblər. Etdikləri hər şey də alibi üçün, ört-basdır etmək üçün idi. 6 nəfər vəzifəli şəxslərin adını vermişdi ki, Mahiri bu adamlar saxlayır, onların evlərindən birindədir. Mən də danışdım və müvafiq araşdırmalar aparıldı, məlum oldu ki, bunların heç biri həqiqətə uyğun deyil. Bəzən sui-istifadə də edirdi. Bir dəfə əməliyyatçılara zəng edib ki, Mahirdən xəbər var. Əməliyyatçılar gələndə deyib ki, evin üstünə qarğa qonub - Mahirdən xəbər gətirib. Əgər Mahirlə bağlı elə bir problem var idisə, nəyə görə 2009-cu iləd Beynəlxalq Universitetlə bağlı korrupsiyya araşdırmaları başlayanda bu məsələni qabartdılar? Hər şeyi də qoydular Mahirin üstünə. Digər qardaşları Elsəvər mənə demişdi ki, Mahir universitet məsələsi ilə bağlı ağlaya-ağlaya Elşada deyib ki "zibilinə yiyə dur, mənlik deyil". Yəni Mahirin yoxa çıxması bunların öz işləridir, indi gəlib mənimlə pul davası edirlər. Borc vardısa, 8 ildir hardaydılar?"

Daha sonra dövlət ittihamçısı Arzu Kazımova suallar verib. Dialoqun maraqlı hissələrini təqdim edirik:

Prokurur: - Elşad Abdullayevlə nə vaxt tanış olmusunuz?

Arzu Kazımov: - 2003-cü ilin oktyabr ayında.

- Kimin vasitəsilə?

- Rövşanə Əliyevanın.

- Nə əlaqəniz yarandı?

- Rövşanə dedi ki, Elşadgil bina, məscid, uşaq bağçası tikirlər, işləri yarımçıqıdr. Tikinti işi ilə məşğul olduğuma görə, kömək etməyimi istədi. Bir dəfə Elşad zəng etdi, görüşdük, dedi belə tikinti işlərimiz var, sözarası da qardaşı ilə bağlı problem olduğunu dedi. Bundan sonra yaxın əlaqələrimiz yarandı və həftədə 2-3 dəfə görüşürdük.

- DİN-in vəzifəli şəxsləri Arzu Daşdəmirov, Elxan Həsənovu tanıyırsız?

- Bəli.

- Onlarla Elşad Abdullayevi görüşdürmüsünüz?

- Bəli görüşlər olub.

- Bəs Zahid Dünyamalıyevlə Elşad Abdullayev birlikdə sizinlə görüşüblər?

- Zahid Dünyamalıyev tez-tez mənim ofisimə gəlirdi. Elşad da həmin vaxtlar ofisimə gəlib gedirdi. İstisna deyil ki, hər iksinin gəlişi eyni vaxta düşüb. Ancaq birgə gəlməkləri dəqiq olmayıb. Bu mümkün deyildi. Çünki Zahid Dünyamalıyevin Elşaddan zəhləsi gedirdi və qəbul etmirdi. Ona görə Elşad məndən xahiş edirdi ki, Zahidlə onu görüşdürüm.

- Ümumilikdə nə qədər pul almısınız Elşaddan?

- 1.5 milyon.

- Kimin vasitəsilə?

- Birbaşa özüm almışam.

- Pullar nəyə sərf edilib?

- Tikintiyə.

- Bəs sonra necə oldu ki, pulunu geri istədi?

- Elşad 1 milyonu verəndə demişdi ki, bu puldan qardaşlarımın xəbəri olmasın, 450 min də faiz verirdim. Bir gün qardaşları Elsəvərlə İsmayıl gəldi ki, Elşad sənə pul verib. Mən də dedim ki, yox. Onlar da bir az vaxt istədilər Elşadla əlaqə saxlamaq üçün. Bir az sonra Elşad mənə zəng etdi ki, qardaşlarım yenə sənin yanına gələcəklər, deyərsən ki, bu pulu Mahiri qurtarmaq üçün vəzifəli şəxslərə verməyə görə almışam. Mən də dedim ki, mən ona görə pul almadığım üçün deyə bilmərəm. Elsəvərgil yenidən yanıma gələndə Elşadla müqaviləmi qoydum ortaya ki, 1 milyon pul verib iş üçün, 450 min də faiz verirəm. İkisi də Elşadı söydülər. Sonra gəldilər ki, pulu ver. Mən də Eılşada dedim ki, müqavilədə nəzərdə tutulub ki, vaxtından əvvəl istəsən fazi verilməyəcək və qaytarılması üçün 10 gün vaxt verilməlidir. Dedilər ki, yox, 2 günə pul lazımdır. Mən də onlara təklif etdim ki, tikdiyimiz binada evlər verə bilərəm. Zəng etdim gedib baxdılar, 24 mənzili götürməyə razılaşdılar. Bundan başqa torpaq sahəm də var idi, onun da götürdülər ki, burada universitet üçün bina tikəcəyik. Bununla bağlı da müqaviləmiz olub.

- Elşad Abdullayev qardaşı ilə bağlı vəzifəli şəxslərədən xahiş etmək üçün sizə müraciət edib?

- Dəfələrlə deyib ki, Z.Dünyamalıyevə de məni qəbul etsin.

Daha sonra vəkil Ramiz Zeynalov müdafiə etdiyi şəxsə suallar verib. Vəkilin sullarını cavablandıran Arzu Kazımov bildirib ki, "İnşaat-servis 2002" şirkətinin Əhməd Cavad küçəsi 195 ünvanında tikdiyi binadakı mənzillərin 45 faizi ona məxsus olub. Binanın aşağı mərtəbələrində yerləşən 4200 m/kv qeyri yaşayış sahəsinin də 51 faizi onun olub. Kazımov qeyd etdi ki, qeyri-yaşayış sahələri adını çəkmək istəmədiyi vəzifəli şəxs tərəfindən istənilib və ona pulsuz verilib. Binanın 45 faiz mənzillərin ona məxsus olması isə maliyyə araşdırması ilə sübut edilib. Həmçinin bildirib ki, "İnşaat-servis 2002"-nin Rəşid Behbudov 54 ünvanında tikdiyi binaya da şərik olub.

Arzu Kazımov vəkilni sualına əsasən onu da bildirib ki, Elşad Abdullayevlə münasibətləri 2005-ci ildə pozulub. Buna səbəb isə "6 qardaşın olmamasındansa 1 qardaşın olmaması yaxşıdır" deməsini Zahid Dünyamalıyevə çatdırması olub.

Daha sonra Arzu Kazımov hakimin suallarını cavablandırıb. 2 iyul saat 14.00-dək prosesə fasilə verilib.

Qeyd edək ki, Kazımov Arzu Firudin oğlunun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilir.

Baş prokurorluğun məlumatına görə, istintaqla Arzu Kazımovun törətdiyi cinayətdə hər hansı digər şəxsin, o cümlədən Daxili İşlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, bu hissədə cinayət təqibinə xitam verilmişdir.

Eyni zamanda həmin cinayət işinin materiallarından Elşad Abdullayevin 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitinin rüşvət verməyə cəhdi faktı üzrə başqa cinayət işi ayrılaraq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilmişdir.