BolgeXeber.Com » Müsahibə-Reportaj » Malik Həsənov: "Azərbaycanın qarşısında yeni imkanlar açılır"

Malik Həsənov: "Azərbaycanın qarşısında yeni imkanlar açılır"

12-01-2021, 16:39
Oxunub: 7 010 “44 gün davam edən Vətən müharibəsində  möhtəşəm  Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan yeni tarix yazdı.  Xalqımız ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək işğala son qoydu, qarşıdaki illər üçün hədəflərin müəyyənləşdirilməsinə, Azərbaycanın regionda və dünyada  yeni reallıqlar yaratmasına yol açdı. Dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə videoformatda keçirilən 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə ölkə Prezidenti Zəfərimizi şərtləndirən amillərə diqqət yönəltməklə yanaşı, Qələbəmizi  həzm edə bilməyən “sapı özümüzdən olan baltalara” tarixi unutmamağa dair  sərt mesajlarını çatdırdı.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
 M.Həsənov qeyd edib ki, Zəfərimiz harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarında böyük qürur hissi yaratdı: “Çünki bu Qələbə milli qürurumuzu özünə qaytardı. Azərbaycan xalqı nə qədər məgrur, yenilməz xalq olduğunu dünyaya nümayiş etdirdi. “Düşmən dəyirmanına su tökməyi” fəaliyyətlərinin əsas istiqaməti kimi qəbul edən antimilli ünsürlər  Zəfəri böyük qısqanclıqla qarşılamaqla bir daha ermənipərəst mövqelərini  ortaya qoydular. İllərdir ictimai fikri çaşdırmaq, hakimiyyətə qarşı inamsızlıq yaratmaq üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bir vasitə kimi istifadə edən radikal qüvvələrə  gələcəyə keçmişləri ilə addımladıqlarını xatırlatmaq istərdik. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyətləri dövründə ölkəni hansı duruma saldıqları, torpaqlarımızın işğalına geniş imkanlar yaratdıqları tariximizin qara səhifəsi kimi yaddaşlardadır. Düşünürük ki, torpaqlarımızın işğal olunmasının  səbəbkarları bu  Qələbədən   daha çox sevinməli və Müzəffər Ali Baş Komandana, güclü, qüdrətli Ordumuza  minnətdar olmalıdırlar. Artıq  üzərilərində illərdir qara ləkə kimi qalan  Dağlıq Qarabağ problemi öz müsbət həllini tapdı. Dövlət, Vətən, xalq anlayışlarını dərk etməyən, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan daxili bədxahlarımız  üçün  Zəfərin sevinc deyil, kədər hissi yaratması başadüşüləndir. Xain, satqın ünsürlər  daim ermənilər üçün göz yaşı tökür, onları “yazıq, məzlum” obrazda təqdim edirlər.”
 “200 illik tarixi vərəqləməyə ehtiyac yoxdur” söyləyən millət vəkili bildirib ki, antimilli ünsürlərin çox da uzaq olmayan tarixdə, 44 günlük Vətən müharibəsi dövründə  Ermənistan silahlı qüvvələrinin  döyüş meydanında məğlubiyyətlərini həzm edə bilmədikləri üçün üç dəfə atəşkəsi pozaraq mülki əhalinin həlak olmasına, yaralanmasına,  böyük dağıntılara səbəb olan terror aktlarını törətməsini  yada salması kifayətdir. Belə  faşizm, terrorçu siyasət həyata keçirən bir ölkəni, xalqı müdafiə etməyin özü vəhşilik, insanlıqdan uzaq olmaqdır.
 “İkinci Qarabağ müharibəsində müxalifətli-iqtidarlı 50-dən çox siyasi partiya bu müqəddəs yolda dövlətimizin başçısı, Ali Baş Komandanın yanında oldu, həyata keçirdiyi siyasəti dəstəklədi, Azərbaycana qazandırdığı Zəfər münasibətilə təşəkkürlərini bildirdilər: “Tariximizin hər bir səhifəsi gənc nəslə çatdırılmalıdır. Azərbaycan gəncliyi bu gün Azərbaycanın Qələbəsinə kölgə salmağa çalışanların yazdıqları  biabırçı tarix haqqında dolğun məlumata malik olmalıdırlar. Tarix heç zaman unudulmur. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, gənc nəsil Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri satanları, fərarilik edənləri, torpaqlarımızın itirilməsinə imkan yaradanları tanımalıdır”,- deyə M.Həsənov bildirib.
Millət vəkili vurğulayıb ki, qalib ölkənin və  Ordunun Müzəffər Ali Baş Komandanı İlham Əliyev videoformat şəklində keçirilən müşavirədə tarixi paralellər fonunda hər bir dövrün reallıqlarını, eyni zamanda, Vətən müharibəsində Azərbaycanın Qələbəsini qəbul etməyən  ünsürlərin narahatlıq səbəblərini açıqladı. Ümumi fikir budur ki, Azərbaycan 30 il öncəki Azərbaycan deyil. Torpaqlarımız  azad edilib,  Böyük qayıdış, davamlı inkişaf prosesləri başlayır.  Azərbaycanın qarşısında yeni imkanlar açılır.  Bu reallıqlarımız “sapı özümüzdən olan baltalar”ın cəhdlərinə tutarlı cavabdır. Belələrindən nə gözləmək olar?