BolgeXeber.Com » Müsahibə-Reportaj » Şəmsəddin Əliyev: "Azərbaycan polisi pandemiya şəraitində üzərinə düşən vəzifələri canla-başla yerinə yetirir"

Şəmsəddin Əliyev: "Azərbaycan polisi pandemiya şəraitində üzərinə düşən vəzifələri canla-başla yerinə yetirir"

16-01-2021, 10:22
Oxunub: 4 875 Azərbaycanda koronavirus testi verən insanlar arasında yoluxma faizi xeyli azalıb.
 Bolgexeber.com-un məlumatına görə, dekabrın 14-dən Azərbaycanda sərt karantin rejimi tətbiq edildikdən sonra koronavirusa yoluxmanın faizində azalma müşahidə olunmağa başladı.
Koronavirusun ən pik yayıldığı ötən ilin dekabr ayında yoluxma 20 faizdən artıq olurdu,3-4 min təşkil edirdi. 
Amma son statistik məlumatlara görə yoluxmanın faizinin xeyli aşağı endiyinin şahidi oluruq.
Azərbaycanda pandemiyanın yayılmasının qarşısını almaq üçün polis orqanları gecə-gündüz xidmət edir.
Koronavirusla  mübarizədə uğurlu nəticələr əldə etməyimizdə polisin rolu nə qədərdir? Bu sualla  biz “Polisə Dəstək” İctimai Birliyinin sədri, tanınmış hüquqşünas-publisist, ehtiyatda olan polkovniki Şəmsəddin Əliyevə müraciət etdik. 
Şəmsəddin Əliyev Bolgexeber.com-a açıqlamasında bildirdi ki, ötən ilin mart ayından bu günə qədər  pandemiya təkcə Azərbaycanda yox, bütün dünyada sosial-iqtisadi vəziyyəti gərginləşdirən həddə çatdırıb:  
 
“Azərbaycanda bu istiqamətdə aparılan mübarizə tədbirləri Operativ Qərargahın qəbul etdiyi müvafiq akt üzrə tənzimlənir. İlk vaxtlar hökumət  tərəfindən inzibati məsuluyyətlə bağlı bəzi  addımlar atıldı , amma sonradan yoluxanların sayında ciddi artma müşahidə olundu və vəziyyəti stimullaşdırmaq, tənzimləmək mümkün olmadığından dövlət karantin qaydalarını pozanlara qarşı cinayət məsuliyyəti də tədbiq etməyə məcbur oldu.
Əslində cəzaların sərtləşməsində qeyri-adi bir şey yoxdur.Bu xəstəliyiə yoluxduğunu bilə-bilə  küçədə sərbəst gəzən , dükanlara gedən , ictimai nəqliyytdan istifadə edərək onu yayan insanlar təbii ki, məsuliyyətə cəlb olunmalıdırlar. Koronavirusla mübarizədə  ölkədə görülən sərt tədbirlərdə əsas məqsəd odur ki,onlar vətəndaşların həyat və sağlamlıqlarının qorunması  üçün öz səmərəsini versin. 
Bu Konstitusiyanın 12-ci maddəsində də özünü ehtiva edir.Vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi   bu maddədə Azərbaycan dövlətinin   ali məqsədi kimi öz əksini tapıb.

Ona görə düşünürəm ki, bir çox dövlət qurumlarının , əsasən də DİN və Səhiyyə Nazirliyinin əməkdaşları birlikdə prinsipiallıq göstərərək gecə-gündüz əziyyətə qatlaşaraq səngimədən pandemiyaya qarşı mübarizə apardılar. Düzdür, bəzi vətəndaşlar bu mübarizəyə kölgə salmağa çalışırlar. Amma düşünmək lazımdır ki, Azərbaycan polisi son bir il ərzində həm cinayətkarlıqla mübarizə aparır, həm asayişi qoruyur, parallel olaraq həm də pandemiyanın vəziyyətini nəzarətdə saxlayır, xəstəliyin yayımasına qarşı mübarizə aparır. Bundan başqa Azərbaycan polisi ön cəbhədə xidmət aparır, vuruşub. Bütün bunlar hamısı bir qurum üçün heç də asan deyil,böyük yükdür.
Bu baxımdan düşünürəm ki, Daxili İşlər Nazirliyi  və onu kollegiyası öz işlərini kifayət qədər səmərəli qura , Operativ Qərargahın qərarlarının icrasına nail ola bildilər. Və bunun canlı  təzahürüdür ki, yoluxmada statistik rəqəmlərin azalması müşahidə olunur.Bu da çox qürurverici haldır.
Bəzən vətəndaşlar karantin qaydalarına laqeyd, səhlənkar  yanaşır, hisslərə qapılaraq məhdudiyyətlərə narazılığını bildirir.
Amma nəzərə almaq lazımdır ki, bütün bunlar məhz onların sağlamlığı naminə edilir.
Karantin postlarında  təkcə cənub bölgəsindən hər gün 2000 minə yaxın nəqliyyat vasitəsi geri qaytarılır. Polislərin bu zaman nə qədər gərgin şəraitdə işlədiyini təsəvvür edin. Əlbəttə bu vəziyyətdə tığaclar da yarana bilir. Çünki nə qədər texniki vasitələr olsa da sənədlərin yoxlanılması istər-istəməz vaxt aparır.

Amma buna baxmayaraq bəzi vətəndaşlar səbirsizlik , itaətsizlik nümayiş etdirirlər. Hətta bəzən postlarda birlikdə siqnal verərək etiraz edirlər ki, bununla da polisin qanuni fəaliyyətinə mane olurlar. Bu bəzi insanların səhv düşüncəsinin məhsuludur.
Axı polis öz xidməti fəaliyyətini həyata keçirir. Əgər polis bunu etməsə nəyin baş verəcəyinin fərqində olmaq lazımdır.
Çünki polisə mane olmaq nəzarəti də zəiflədir və bu da sonda pis nəticələrə gətirib çıxara bilər. Vətəndaş  başa düşməlidir ki,polis bu tədbirləri arzulamır, amma bunlar zəruridir.
Ona görə də düşünürəm ki, nə qədər sərt qaydalar olsa o qədər də həm özümüzü , həm də ətrafımızı, doğmalarımızı xəstəlikdən qoruya bilərik. Qədim yunaların belə bir deyimi var: ”Biz qaydalara riayət etməklə, onu qorumaqla , qaydalar da bizi qoruyur”. 
Ona görə də qoyulan qaydalara riayət etmək lazımdır. Azərbaycan polisi pandemiya şəraitində üzərinə düşən vəzifələri canla-başla yerinə yetirir. 
Sonda maraqlı bir faktı deyim. Avropada, məsələn, Polşada bəzən sürücü avtomobili saxlayaraq yol polisinə təzim edərək xidmət apardığına görə ona  təşəkkürünü bildirir. Bu ictimai mükafatdır və polisə də müsbət stimul verir”.
Bolgexeber.com