BolgeXeber.Com » Müsahibə-Reportaj » “Babək erməni arvadını götürüb Bəzz qalasından qaçdı...”

“Babək erməni arvadını götürüb Bəzz qalasından qaçdı...”

1-07-2013, 21:15
Oxunub: 7 365 Sərdar Cəlaloğlu: “Dəvə südünün babasilə xeyri..., Zəlimxan Yaqubun şerlərində isə YAP-ın ideologiyası var”

Siyasətçilər adətən öz siyasi fikirləri ilə gündəmdə olurlar. Ancaq onlar da hamı kimidirlər axı. Bəzən çılğın, bəzən romantik olurlar. Hər birinin tarixə, ədəbiyyata, həyata özünəməxsus baxışları, fərqli ədəbi zövqləri və düşüncə tərzləri var. Bu dəfə onların bu keyfiyyətlərini açıb göstərməyə çalışacağıq. Beləliklə, ilk qonağımız ADP sədri Sərdar Cəlaloğludur.

- Sərdar bəy, siz özünüz həkimsiniz. Amma niyə özünüzü siyasətdə göstərdiniz? Buna səbəb nə idi?

- Mən belə deməzdim. Həkim kimi mənim çox uğurlarım olub. 17 il həkim işləmişəm. İşlədiyim dövrdə nəzəriyyələrim də olub. Onlardan biri insan öldükdən sonra meyitin qıc olmasının səbəbləri barədədir. Amma çox təəssüf ki, mən o nəzəriyyəni başa çatdıra bilmədim. Bunun üçün elmi laboratoriya lazım idi. Hətta xərçəng xəstəliyi ilə də bağlı nəzəriyyəm var idi.

- Bu, hansı nəzəriyyə idi?

- Ümumi xərçəng xəstəliyinin nəzəriyyəsi idi. Mən həkim işlədiyim dövrdə Azərbaycan üzrə mənim sahəmdə olan həkimlərdən öndə gedirdim. Yəni sənin düşündüyün kimi deyil.

- Sadəcə sizi çoxları siyasətçi kimi tanıyırlar...

- Bu, əksər jurnalistlərin savadının zəif olmasından irəli gəlir. Siyasətçilərdən ancaq siyasi məsələlərə görə açıqlama və müsahibə alırlar. Məsələn, “Eldar Namazov niyə Moskvaya getdi?”, “Rüstəm İbrahimbəyov vahid namizədlikdən niyə imtina etdi?”, “Barak Obama Putinə niyə zəng etdi?” və s.

- Yəni deyirsiniz ki, jurnlistlərin çoxu siyasətçiləri gündəmə uyğun mövzularla bağlı yada salırlar...

- Bəli.

- Sərdar bəy, həkimlikdən siyasətə hansı yolla gəldiniz bəs?

- Mən xalq hərəkatına həkim kimi qoşulmuşdum. Onda Ermənistandan ilk azərbaycanlıları köçürürdülər. Onlara yardım etmək lazım idi. Və mən də həkim kimi yardım edirdim. Zaman keçdikcə bir də gördüm ki, artıq hərəkatın içindəyəm. Bundan sonra həkimlikdən uzaqlaşıb siyasətlə məşğul oldum. Axı bir əldə iki qarpız götürə bilməzdim. Hərəkatı vacib bildim, bir siyasətçi kimi xalqın yanında oldum. Mənim elmi iş görməyə də gücüm çatırdı. Elm və siyasətlə bağlı kitablar yazmışam. Dinin təsdiq etdiyini bəzən fəlsəfə təsdiq etmir, fəlsəfənin təsdiq etdiyini elm təsdiq etmir, elmin təsdiq etdiyini isə din təsdiq etmir. Amma mütləq nəsə olmalıdır. Mən yeni elmi kitabımda buna aydınlıq gətirməyə çalışmışam. Sizə bir misal deyim. Dəvə südünün babasilə xeyri var. Dəvə də ancaq dəvətikanı yeyir. Dəvətikanında babasili müalicə edən maddə var. O da dəvənin südünə keçir. Və bu südü içəndə babasil sağalır. Gördünüzmü, mütləq bir-birini tamamladı. Mənim təzə elmimdə mütləq elmidir. Yadına gəlirsə, biz vədələşəndə danışdıq ki, ədəbiyyat söhbəti olacaq. Amma sən də bəzi jurnalistlər kimi həkimlikdən başladın, siyasətdə bitirdin.

- Yaxşı, gələk ədəbiyyata, sözə. Sizcə, “Koroğlu” dastanının qəhrəmanını niyə bu qədər əfsanələşdirdilər?

- Hər bir dövlət, hər bir cəmiyyət insanları tərbiyələndirmək üçün dastanlardan və qəhrəmanlardan istifadə edib. Koroğlu özü kimdir? Cəlarilərdən olub. Hülakilərə məğlub olub. Şeyx Fəti Azərbaycan imperiyası yaradıb. Hülakilər mütəmadi olaraq Səfəvilərə qarşı hücuma keçiblər. Koroğlunun 12 variantı var. 11 variantdakı Səvfəvilərə qarşı mübarizə aparan Koroğludur. Bir variantı erməni variantıdır. Həmin erməni variantını bizə bizim Koroğlumuz kimi sırımaq istəyirlər. Koroğlunun Azərbaycan variantı yoxdur. Sual oluna bilər: niyə yoxdur? Qırğız, türkmən, özbək və s. variantları var. Həmin variantlar bizə qarşı olan simvolik koroğlulardır. Axı biz özümüz-özümüzə necə qarşı çıxa bilərik? Erməni variantını 1921-ci ildə Təbrizyan soyadlı biri yazıb. O yazır ki, kəndli üsyanlarından birinin başçısı Koroğludur. Özü də cəlaridir. Erməni yazarı burada biclik edərək Səfəvilərə qarşı deyil, Bolu bəyə qarşı simvolik qəhrəman yaradıb. Sizə maraqlı fakt deyim. Gürcü variantında belə Koroğlu birinci Şah Abbasa qarşıdır. Gəlin “Koroğlu” dastanına baxaq. Həmin dastanda qəhrəman arvadını qoltuğuna vurur, gedir təsərrüfatla məşğul olur. Amma qəhrəman ya ölməlidir, ya da qeybə çəkilməlidir.

- Deyirsiniz ki, burada dastanlarımızı da saxtalaşdırıblar...

- Baxın, Azərbaycanda 4 qadın simvolu var - Əsli, Şirin, Nigar, Həcər. Əsli erməni qızıdır. Həcər kürddür, Nəbidən sonra erməniyə ərə gedib. Nigarın milliyyəti bilinmir. Şirinsə fars qızıdır. Yəni bu 4 qadın Azərbaycan qadınının simvolları ola bilməz. Babəkin 3 arvadı olub. Arvadlarının biri erməni qızı olub. Babək son günlərində xəlifədən əfv istəyib, amma xəlifə onu əfv etməyib. Belə olanda Babək erməni arvadını da götürərək Bəzz qalasını gecə ilə tərk edib. Qoşunu başsız qoyaraq gedib. Və xəlifənin qoşunları da Bəzz qalasına daxil olaraq qoşunu qırıb. Babək erməni knyazı Səhl Sumbatın yanına gedib. Erməni knyazı Babəkin erməni arvadının qohumu idi. Səhl Sumbat görür ki, Babəkin qoşunu yanında deyil, onu elə gecə ilə də 2 milyon dirhəmə ərəb xəlifəsinə satır. Amma görürsünüz ki, Babək də qaçır. Bu adam necə Azərbaycanın qəhrəman simvolu ola bilər? Sovet dövründə yaranan qəhrəman simvolları sinfi qəhrəmanlar idi. Guya kasıbların haqlarını qoruyan və xalqının varlıları ilə döyüşən saxta “qəhrəman”lar idi.

- Bir ara Səməd Vurğun haqdakı fikirlərinizə görə Vaqif Səmədoğlu ilə soyuq münasibətiniz olmuşdu...

- Mənim nə vaxt isti münasibətim olub ki? Mən Səməd Vurğunun iki əsəri haqda fikrimi bildirmişdim. Demişdim ki, “Vaqif” dramı və “26-lar” poeması qadağan olunmalıdır. Çünki hər iki əsər milli maraqlarımıza ziddir. Mən hələ Səməd Vurğunun kimlərin üzünə durub tutdurmasından, kimlərin əleyhinə yazmağından, “Komsomol” poemasından danışmıram. Məni maraqlandıran odur ki, 31 mart soyqrımını genosid kimi tanımışıqsa, tarixdə o soyqrımı hadisəsinə haqq qazandıran, onu vəsf edən bütün hər şeyi qadağan etməliyik. Səməd Vurğun isə 31 mart soyqrımını törədən ermənilərin hərəkətini faktiki olaraq xalqımızın azadlıq hərəkatı, Şaumyanı da xilaskarı kimi təqdim edib. Halbuki bütün bu cinayətlərin başında Şaumyan dayanırdı. Bir azərbaycanlı kimi tərəzinin bir gözünə qırğına məruz qalmış 100 min azərbaycanlını qoyuram, bir gözünə də Səməd Vurğunu. Mənə desələr ki bunun hansının müdafiəsi vacibdir, öldürülən, qətl edilən 100 minə qədər azərbaycanlının vacib olduğunu deyərəm. Mən öz baxışlarımı deyirəm. Bu fikirlərimə görə hərəsi bir tərəfdən üstümə düşmüşdülər. Çox adam mənə zəng edib dəstəkləyiblər, haqlı olduğumu deyiblər.

- Ədəbiyyatçı siyasətlə məşğul ola bilərmi?

- Ramiz Rövşən böyük şairdir. Nə olsun ki, Müsavatın üzvüdür?! Amma o, şerlərində Müsavatı tərənnüm etmir.

- Zəlimxan Yaqubun şerlərini oxumusunuzmu?

- Zəlimxan Yaqubun şerlərində YAP-ın ideologiyası var.

- Belə bir sual vermək istəyirəm. Siz Siyavuş Novruzovla dayıoğlu-bibioğlusunuz. Siyasi baxışlarınız qohumluq əlaqələrinizə mane olurmu, bu əlaqələr kəsilibmi?

- Onun nənəsi atamın bibisi qızı sayılırdı. Yaxın qohumluğumuz yox idi.

- Siyavuş bəylə bağlı sualı təsadüfən vermədim. Deyirlər ki, Siyavuş bəy sizi guya YAP-a üzv olmağa dəvət edib...

- Nə? Mənim Siyavuş Novruzovla sıx qohumluq əlaqələrim yoxdur. Vallah, millətin işi-gücü yoxdur. Nə əcəb deməyiblər ki, guya mən demişəm “mən elə YAP-çıyam”? Bu millət bu sözü də çıxardar...

Tural Balabəyli