BolgeXeber.Com » Müsahibə-Reportaj » Vüqar Səfərli: “O binadan paylanmayan cəmi bircə ev qalıb ki, o da cənab Prezidentin sərəncamındadır”

Vüqar Səfərli: “O binadan paylanmayan cəmi bircə ev qalıb ki, o da cənab Prezidentin sərəncamındadır”

24-07-2013, 14:55
Oxunub: 7 504 Prezidentin qələm əhlinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə payladığı evlərin ətrafında qalmaqallar səngimir. Məsələ burasındadır ki, son günə qədər mənzillə təmin olunacaq insanların siyahısı gizli tutuldu və mənzil sahibləri müəyyənləşdikdən sonra kifayət qədər də uğultuya səbəb oldu. Evsiz deyilən ev sahibi olanların içində baş redaktorlar, sədr müavinləri, direktor köməkçiləri, jurnalistikaya aid olan və olmayan xeyli insan da var. Onların bəzilərini yaxından oxucularımıza tanıtmağa çalışacağıq.

Cəfərov Ayaz Vəfalı Rza oğlu
1967-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1972), Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984). Dövri mətbuatda şeirləri, tərcümələri və ədəbi-tənqidi məqalələri ilə çıxış edir. "Məhəmməd Füzuli" Beynəlxalq Ədəbi Əlaqələr Fondunun sədridir (1994-cü ildən). Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin (1991) və məclisinin üzvü seçilib (1997).
Cahangirov Cavanşir Muradxan oğlu - Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 iyul tarixli sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini təyin olunub.

Eyvazov Elşad Səməndər oğlu - Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri - “modern.az” saytı.

Sadıq Elcanlı (Qurbanqulu oğlu İbrahimov) - 1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində işləyir, ədəbiyyat və incəsənət redaksiyasında baş redaktordur. "Sirli səsin sorağı", "Əbədi sevginin xatirələri" povest və hekayələr kitabının müəllifi, əməkdar jurnalistdir.

Piriyev Qüdrət Əlövsət oğlu - 2005-ci ildə Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə ölkə başçısı tərəfindən jurnalistikanın inkişafındakı xidmətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adı alıb.

Rəhimzadə Vüqar Gəncəli oğlu - “İki sahil” qəzetinin baş redaktoru. Jurnalistlik fəaliyyətini 1991-ci ildən "İki sahil" qəzetində başlayıb, əvvəlcə məsul katib olub. 1997-2000-ci illər ərzində eyni zamanda «Azərneftyağ» İstehsalat Birliyində Baş direktorun sosial məsələlər üzrə müavini işləyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1994-cü ildə mətbuatda səmərəli fəaliyyətinə görə, "Kamil sənətkar" diplomuna layiq görülüb. "Qızıl qələm" mukafatı laureatıdır. 2000-ci ilin noyabr ayında keçirilən parlament seçkilərində 5 saylı Culfa-Ordubad seçki dairəsindən Azərbacan Respublikası Milli Məclisinin deputatı seçilib. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüdür.

Rəhimzadə Nail Arif oğlu - "İki sahil” qəzetinin bölmə müdiridir.

Abbasov Asəf Əliş oğlu - ATXƏM (Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi) sədrinin İdeoloji məsələlər üzrə müavini. “Azad Azərbaycan” qəzetinin redaktoru vəzifəsində çalışır.

Alışanov İlham Hüseyn oğlu - 2011-ci ildə ölkə başçısı tərəfindən “Əməkdar jurnalist” adına layiq görülüb. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin baş proqram direktorudu.

Dünyamalıyev Elsevər Zeynal oğlu - “İDMAN-Azərbaycan” Telekanalının direktorudu. 2011-ci ildə Prezident İlham Əliyev ona "Əməkdar Jurnalist" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Ələsgərli Müşfiq Məşi oğlu - Jurnalistlərin Həmkarlar İttifaqının sədridi.

Quliyev Aydın Alqulu oğlu - "Bakı xəbər” qəzetinin baş redaktorudu.

Quliyev Bəhruz Vaqif oğlu - 22 iyul 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif edilib. “Səs” qəzetinin baş redaktorudu.

Oğuz Yunus İsaxan oğlu. Bir neçə evi, hətta deyilənlərə görə villası da var. 1994-cü ildən bu günə qədər “Olaylar” İnformasiya Agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır. Yüzlərlə elmi və publisistik məqalələrin müəllifidir. 15 oktyabr 2003-cü ildə keçirilən prezidenti seçkilərində namizədliyi qeydə alınıb.

İsmayılov Dağbəyli Mirzəxan oğlu - "Azərbaycan Dövlət Teleqraf Agentliyi”nin (AzerTAC) baş direktorunun müavinidir.
İsmayılova Bəsdi Şahbaz qızı - "Azərbaycan” Nəşriyyatının baş direktorunun müavinidir.

Seyidov Vüqar Nadir oğlu - 2010-cu ildə ölkə başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib. "Azərbaycan Dövlət Teleqraf Agentliyi”nin siyasi icmalçısı, habelə agentliyin Almaniyadakı xüsusi müxbiridir.

Rəşad Məcid - “525-ci qəzet”in baş redaktoru, Mətbuat Şurasının üzvü, Yazıçılar Birliynin katibidir.

Bu mövzu ətrafında yaranan suallarımızı KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə ünvanladıq. Onun sözlərinə görə, mənzillərin bölgüsü şəffaf həyata keçirilib: “Bölgünü də püşkatma ilə elədik. Yəni, burda artıq bizlik heç nə yoxdur. Jurnalistlərdən də soruşun ki, gedişatdan razı qalıblar ya yox. Biz əziyyətini çəkmişik. Bu, bizim işimiz idi, etməli idik. Hətta bina sentyabra hazır olmalı idi. Ancaq biz işləri sürətləndirib mətbuat gününə çatdırdıq. Bütün bu işlərə isə jurnalistlər qiymət verməlidir”.

Evlərin paylanmasından öncə İctimai Televiziyanın əməkdaşlarına ev verilməyəcəyi bildirilsə də, həmin kanalın işçiləri də mənzillə təmin olundu. V.Səfərli kanaldan gələn müraciətlərin sayının çox olduğunu vurğuladı: “Ancaq sonra ordan çoxlu jurnalistlər müraciət etdi. Hansı ki, onlar İTV-nin tikdiyi ev kampaniyasında iştirak etməyib, ev almayıblar. Biz də fikirləşdik ki, onlar da jurnalistdir də. Onların günahı nədir ki, onları kənarda qoyaq? Bir də ki, bu bizlik məsələ deyil. Adminstrasiyadan belə qərara gəlindi ki, İTV-nin də əməkdaşları müraciət etsinlər”.

Hər telekanaldan bir neçə əməkdaşa ev verilməsinə gəlincə, Fond direktoru belə söz deyilmədiyini dilə gətirdi: “Kriteriyalarda bir nəfər portallar və həftəlik qəzetlərə verilmişdi. Televiziyaların bir ordu işçisi var. Biz necə deyə bilərdik ki, bir nəfər versin namizədliyini? Gündəlik qəzetlər var ki, onların 2-3 əməkdaşına ev verilib. Baxır işçilərin sayına. Nəzərə almaq lazımdır ki, televiziyalarda daha çoxdur işçi. Bircə Azərbaycan Televiziyasının çox əməkdaşına ev verilib. O da ki, 3 televiziyanı nəzərə almışıq. Mədəniyyət, İdman və AZTV. Ona görə çox əməkdaşa verilib ev”.
V.Səfərli ilə söhbətimiz aşağıdakı məcrada davam etdi:

- Əvvəlki şərtlərə görə baş redaktorlara ev verilməyəcəkdi. Ancaq bir çox baş redaktora ev verildi...

- Baş redaktorlar hamısı uzun müddət işləyən baş redaktorlardı. Və onlar heç müraciət də etməmişdilər ev üçün. Sonra baxılandan sonra ölkə başçısı ilə də razılaşdırılmışdı ki, evləri jurnalistlərə veririk, ancaq heç olmasa xidməti olan baş redaktorların da mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onlara da verilsin. Ona görə onlara da verildi.

- Bəs nəşriyyatın direktor müavininin hansı jurnalistlik fəaliyyəti var ki, ona da ev verildi?

- Nəşriyyat da uzun illərdir ki, mətbuatla işləyir. Bildiyimiz kimi, onlar qəzetləri çap edirlər. Ona görə də onları kənarda qoymadıq.

- Rəşad Məcid mərtəbə davası edib sizinlə?

- ANS-də işləyən Qənirə Ataşova yaxınlaşdı ki, ona verilən mərtəbə ilə razı deyil. Ya 4, ya da 5-ci mərtəbə düşmüşdü ona. Bizdə də bir dənə ev qalmışdı qutunun içində. Kimisə çağırmışdıq, eşitməmişdi. Sonradan çağırıb verdik. Rəşad Məcid deyirdi ki, bax gör həmin ev yuxarı mərtəbədirsə Qənirə Ataşovaya düşən mənzillə dəyişək. Mən də dedim ki, eləmərəm. Dedim ki, xanım, mən hamını yığacam söhbət edəcəyik. Ola bilsin ki, kimsə aşağı mərtəbə istəyir. Onda könüllü dəyişərlər sizinlə. Ancaq başqa cür olmaz. Orda kimsə məndən nəsə artıq-əskik nəsə istəyə bilməzdi. Mən də dedim ki, mən bu günə qədər bu qədər şəffaf iş aparmışam. Xırda bir şeyə görə bu işimə kölgə düşürə bilmərəm.

- 156-cı mənzil kimə veriləcək?

- Həmin o ev ehtiyyatdadır. Prezidentin ehtiyat fondundadır. Onu nə vaxt kimə verəcək, özü bilər. Cəmi bircə ev qalıb ki, o da prezidentin sərəncamındadır.