BolgeXeber.Com » Müsahibə-Reportaj » Rayonlara gedən avtobuslarda da ödəniş KARTLA OLACAQ?

Rayonlara gedən avtobuslarda da ödəniş KARTLA OLACAQ?

20-10-2021, 15:10
Oxunub: 4 832 Bildiyimiz kimi, artıq paytaxtda marşrut xətlərinin çoxu kartla ödəməyə keçib. Nağd şəkildə ödənişlə işləyən avtobusların sayı azdır. Digər tərəfdən, bu yaxınlarda artıq kartın balansını onlayn şəkildə ödəmək imkanı yaradılıb. Bəs rayonlara gedən avtobuslarda da ödənişin kartla həyata keçirilməsi mümkündürmü?

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bunu çox bahalı texnologiya ilə gerçəkləşdirmək olar:

"Bəli, mümkündür, amma bunun üçün çox bahalı texnologiya lazımdır. Hər avtobus üçün ayrıca bir sistem yaradılmalıdır. Çünki hər avtobusun qiyməti fərqlidir. Məsələn, Bakı-Gəncə avtobusu ilə Bakı-Xaçmaz marşrutunun qiyməti eyni deyil. Vahid qiymət olanda onu informasiya mərkəzindən tənzimləmək olur.

Avtovağzaldan çıxan avtobusları tənzimləmək isə fərqlidir. Bəzən avtobus çatışmazlığı yarananda bir avtobus başqa bir xətt üzrə yönləndirilir. Bu zaman cihazı dəyişmək, yenidən onun "beyninə" uyğun qiymət yazmaq bir az fərqlidir. Bu sistem üçün ayrıca kart tətbiq etmək, kiminsə o kartda pul saxlayıb-saxlamaması - bunların hamısı qəliz məsələlərdir.

Mobil tətbiq vasitəsi ilə ödəniş sistemi yaratmaq olar. Bu daha əlverişlidir. Avtovağzalın saytına daxil olub, oradan seçib ödəniş etmək asan olar.

Kart sisteminin tətbiqi isə hələ texnoloji cəhətdən çətin məsələdir. İndiki variant bilet satışıdır və onlayn bilet satışı da mövcuddur".