BolgeXeber.Com » Müsahibə-Reportaj » “Bələdiyyələrin böyük əksəriyyəti icra başçılarından tam asılı vəziyyətdədir“ - Çingiz Qənizadə

“Bələdiyyələrin böyük əksəriyyəti icra başçılarından tam asılı vəziyyətdədir“ - Çingiz Qənizadə

4-12-2021, 14:03
Oxunub: 4 792 İcra hakimiyyətlərinin ləğvi ilə bağlı xəbərlər intensivləşib. Ölkə başçısının Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncamı ölkədə yeni idarəetmə modelinə keçid məsələsini gündəmə gətirib. İcra hakimiyyətlərinin ləğv olunacağı, ölkədə 14 iqtisadi rayonun yaradılacağı, icra hakimiyyətlərinin səlahiyyətləri isə bələdiyyələrə veriləcəyi qeyd olunur.
Azərbaycan yeni idarəetmə modelinə keçir?
İcra hakimiyyətlərinin ləğvi nə dərəcə də realdır, bələdiyyələr icra hakimiyyətlərinin funksiyasını yerinə yetirə bilərmi?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı Yenisabah.az-a danışıb. O, ölkədə referendum keçirilməli olduğunu qeyd edib:
“Prezidentin sərəncamı ilə Qarabağ İqtisadi Rayonunun yaradılması və bura bir neçə rayonun daxil edilməsi ehtimalın həqiqətə daha yaxın olduğunu ehtiva edir. Hesab edirəm ki, şanlı və müqəddəs qələbəmizdən sonra ölkədə idarəçilik üsul-idarəsində müəyyən dəyişikliklər olmalıdır. Sovet dövründən qalan və yaxud da sovet dövründən sonra bəzi dövlətlərdə olan idarəçilik formalarından əl çəkərək yeni idarəçilik formasına keçməliyik.
Hazırda idarəçilik forması üç hakimiyyət vasitəsi ilə həyata keçirilir. İcra, qanunverici və məhkəmə hakimiyyəti.
İcra hakimiyyətlərinin fəaliyyət formlarının dəyişdirilməsi ilə bağlı müzakirələr gedir. Bununla bağlı ölkədə referendum keçirilməlidir. Çünki biz ayrı-ayrı nazirliklərin regional idarələrini yaratmışıq. Bu artıq idarəçiliyin “mini” forması hesab olunur.
Ölkə üzrə 14 iqtisadi rayon təsdiq edilib və bunların idarəçiliyində yeni qaydalara istinad olunmalıdır.
Qanunverici hakimiyyətdə majoritar və proporsional seçki sisteminə keçmək vacibdir. Şərq Tərəfdaşlıq Təşkilatı (ŞTT), Avropa İttifaqı (Aİ), Avropa Şurası (AŞ) uzun müddətdir Azərbaycandan bunu tələb edir. Cənubi Qafqazda Ermənistan və Gürcüstan artıq bu formadan istifadə edir.
Bu proseslərlə yanaşı, parlamentin də say tərkibi artırılmalıdır. 1995-ci il Konsitutsiyasında parlamentdə 125 deputat müəyyən olunmuşdu. Həmin vaxt Azərbaycanın 7 milyon əhalisi var idi. İndi isə Azərbaycanın əhalisi 10 milyonun üzərindədir. 40 min seçiciyə 1 millət vəkilinin olması həddən artıqdır. Millət vəkillərinin 40 min praktik seçici ilə işləmək imkanı məhduddur. Buna görə Milli Məclisin deputatlarına sağdan-soldan müəyyən zərbələr gəlməkdədir. Xüsusilə, seçicilərlə işləmək məsələsində daha ciddi tənqidlərə məruz qalırlar”.
Çingiz Qənizadə məhkəmə hakimiyyəti haqqında da fikirlərini bildirib:
“Məhkəmə hakimiyyəti üç pilləli sistemdə fəaliyyət göstərir. 2019-cu il aprelin 4-də islahatlarla bağlı verilmiş fərmana uyğun olaraq deyə bilərəm ki, məhkəmə sistemində hələ ki kifayət qədər islahatlar aparılmayıb. Xalq məhkəmələrə inanmır, böyük narazılıqlar var. Hesab edirəm ki, məhkəmə hakimiyyətində də ciddi qaydaların tətbiqinə ehtiyac var. Hakimlərin cəzalandırılması, telefon zəngləri ilə qərarların qəbul edilməsi, sədrlərə məruzə etdikdən sonra qərarların qəbul edilməsi bunların hər birinə yenidən baxılmalıdır. Yolverilməz halların qarşısı qəti şəkildə alınmalı, hakimlərin cəzalandırılması institutu çevik və operativ olmalıdır. Xalqın hakimiyyətin bütün qollarına inamı var güclə bərpa edilməlidir”.
Hüquqşünas icra hakimiyyətlərinin səlahiyyətlərinin bələdiyyələrə verilməsi məsələsinə də aydınlıq gətirib:
“İcra hakimiyyətlərinin səlahiyyətlərinin bələdiyələrə verilməsi və bələdiyyələrin bu işlərin öhdəsindən gələ bilməsi inandırıcı görünmür. Bələdiyyələr yerli idarə etmə orqanlarıdır. Əgər referendum olsa bələdiyyələrdə də islahatlar aparılmalıdır. Bakı bələdiyyəsi yaradılmalı, bələdiyyələrin hüquq və statusları tam müəyyən olunmalıdır. Bu gün bələdiyyələrin böyük əksəriyyəti icra başçılarından tam asılı vəziyyətdədir”.
Mehri QURBAN