BolgeXeber.Com » Müsahibə-Reportaj » “Ermənistan normal qonşuluq münasibətlərinin qurulmasına mane olmamalıdır" - Musa Qasımlı

“Ermənistan normal qonşuluq münasibətlərinin qurulmasına mane olmamalıdır" - Musa Qasımlı

27-12-2021, 18:19
Oxunub: 6 160 "Tarix boyu dövləti və dövlətçiliyi olmadığı üçün erməni cəmiyyəti normal dövlət xadimi yetişdirə bilməyib”
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı AzNews.az analitik-informasiya portalına müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Musa bəy, ölkə başçısının iştirakı ilə keçirilən Soçi və Brüssel görüşləri Azərbaycanın diplomatik qələbəsi kimi yadda qaldı. Siz bu görüşlərin Azərbaycan üçün perspektivlərini necə dəyərləndirirsiniz?
- Həm Soçi, həm də Brüssel görüşləri Azərbaycan diplomatiyasının uğurudur. Soçi görüşü Prezident Vladimir Putinin təşəbbüsü ilə keçirilsə də, əslində müzakirələrin mövzu gündəliyini Azərbaycanın təklif etdiyi məsələlər təşkil edirdi. Yəni Vladimir Putin, İlham Əliyev və baş nazir Nikol Paşinyanın müzakirə etdiyi məsələlər - kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, düşmənçiliyə son qoyulması, əməkdaşlıq edilməsi və.s. Bunlar Azərbaycanın müharibədən sonrakı siyasətinin mühüm elementləridir. Görüşdən sonra verilən üçtərəfli bəyanat da eyni mahiyyəti daşıyırdı.
Prezident İlham Əliyevin Brüsselə səfəri, keçirdiyi görüşlər, müzakirə edilən məsələlər, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində nitqi, Sammitdən sonra qəbul edilən birgə bəyanat mahiyyətinə görə, Azərbaycanın 44 günlük müharibədə qələbəsinin dünyanın ikinci iqtisadi güc mərkəzi olan Avropa İttifaqı tərəfindən qəbul edilməsidir.
Dövlət başçımızın NATO qərargahında baş katib ilə görüşü, aparılan müzakirələr, birgə mətbuat konfransında səsləndirilən fikirlər müharibədə Azərbaycanın qazandığı qələbənin, bütövlükdə müharibənin nəticələrinin və yeni reallıqların ABŞ və Kanadanın da daxil olduğu bu təşkilat tərəfindən qəbul edilməsidir. Ona görə də həm Soçi görüşünü, həm də Brüssel səfəri Azərbaycanın uğurudur.
Yeni reallıqda, beynəlxalq müstəvidə Azərbaycana qarşı olan yanaşmaları necə şərh etmək olar?
- Müharibədə qalib gələn Azərbaycan haqq-ədaləti və beynəlxalq hüququ bərpa edərək regionda yeni reallıqlar yaradıb. Hərb meydanında olduğu kimi, indi siyasi, diplomatik sahədə də ölkəmiz üstün mövqedədir. Bu üstünlüklər özünü konkret nədə göstərir?
İşğala son qoyulub, Ermənistan darmadağın edilib, azad edilən ərazilərdə nəhəng dirçəliş işləri görülür. Regionun həyatında dinc dövr başlayıb. Bu dövrün hökm edən, şərti kəsən dövləti Azərbaycandır. Müharibə başlamazdan əvvəlki illərdə Avropa İttifaqı və ABŞ daim Azərbaycana Ermənistanla nəqliyyat kommunikasiyalarını açmağı təklif edirdilər. Azərbaycan tərəfi isə ərazilərinin işğal faktını əsas gətirərək bu təklifləri rədd edir, təqdim edilən beynəlxalq sənədləri belə bir qeyd-şərtlə imzalayırdı ki, “işğal altında olan ərazilər azad edildikdən sonra” nəqliyyat kommunikasiyaları açıla bilər. Artıq Azərbaycan öz ərazilərini “sərt güc”ü ilə azad edərək yeni reallıqlar yaradıb. İndi Azərbaycanın nəqliyyat kommunikasiyalarının açılmasına münasibətdə mövqeyi Avropa İttifaqı və ABŞ-la üst-üstə düşür. Bu, Türkiyə və Rusiyanın da istəyidir. Azərbaycan döyüş meydanında əzici hərbi, masa arxasında isə diplomatik-siyasi qələbə qazanıb. İrəli sürdüyü təkliflər də hamının maraqlarına uyğun olduğundan Azərbaycan bir neçə addım öndədir. Gündəliyi Azərbaycan formalaşdırır. Regionun gələcəyi qarşıdurmada, düşmənçilikdə deyil, əməkdaşlıqdadır. Ermənilər başa düşməlidirlər ki, Cənubi Qafqazda onlara məxsus etnomədəni ərazi yoxdur, bəlli zamanlarda çarizm və sovet dövləti tərəfindən gətirilib, azərbaycanlılara məxsus torpaqlara yerləşdiriliblər, onlara dövlət yaradılıb. Onlar burada qurucu, birləşdirici olmayıblar və deyillər. Onu da bilməlidirlər ki, azərbaycanlılar və ermənilər köçüb ayda yaşamayacaqlar. Ermənistan və xaricdəki ermənilər normal qonşuluq münasibətlərinin qurulmasına mane olmamalı, başlatdığı düşmənçilikdən əl çəkməlidir.
Ölkə başçısı İlham Əliyev Ermənistana çağırış etdi. Bildirdi ki, "Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq?"
- Prezidentin Zəngəzur dəhlizinin, nəqliyyat kommunikasiyalarının açılması barədə çağırışı 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsaslanır. Ermənistanın bu yolu açmaqdan başqa bir çarəsi yoxdur, müharibə zamanı olduğu kimi, indi də dalana dirənib, yenidən müharibə etməyə imkanı və potensialı yoxdur. Ölkədə təxminən 3 milyon nəfərə yaxın əhali var. Onun da beşdə biri köçüb gedir. Doğum və ölümün nisbəti bərabərdir. Müharibə etmək istəyərsə, demoqrafik böhranın hər il daha da dərinləşdiyi bu ölkə ordusunun cərgələrini necə dolduracaq? Ermənistanın maliyyə imkanları yoxdur, xarici borc içində boğulur, ordusu və müdafiə sənayesi bərbad gündədir. Bu ölkənin rəhbərliyi özü düşünməlidir ki, ermənilərin qurama olsa da dövlət kimi mövcudiyyəti Azərbaycan və Türkiyəyə qarşı düşmənçiliyə son qoymaqdan, əməkdaşlıqdan keçir.
Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan yox region üçün də böyük əhəmiyyətə malikdir. Zəngəzur dəhlizi bölgəyə nə verəcək?
- Zəngəzur dəhlizi bütün ölkələrin faydasınadır. Birincisi, Azərbaycan tarixi ərazisi olan, lakin indi Ermənistanda olan Qərbi Zəngəzurdan keçərək Naxçıvana, oradan Türkiyə ərazisindən keçərək ikinci dəmiryolu ilə Avropaya, İran ərazisindən keçərək Fars körfəzinə və Hind okeanının isti sularına çıxa biləcək. İkincisi, Rusiya Azərbaycan ərazilərindən keçərək İran vasitəsi ilə Fars körfəzinə, Hind okeanına çıxacaq, Türkiyə vasitəsi ilə isə Avropaya çıxmaq üçün əlavə imkan qazanacaq. Rusiyanın Ukrayna və Baltikyanı ölkələr, Belarusun isə Polşa ilə münasibətlərinin səviyyəsini nəzərdən qaçırmasaq, bu yolun Rusiya üçün əhəmiyyəti aydın olar. Üçüncüsü, Türkiyə İqdırdan Azərbaycana (Naxçıvan) gələn dəmiryolu ilə Fars körfəzinə, Hind okeanına çıxmaqda əlavə yol əldə edəcək. Eyni zamanda Azərbaycan və Xəzər dənizi vasitəsilə türk dünyası və Mərkəzi Asiya ilə əlaqə quracaq. Dördüncüsü, Ermənistan Azərbaycan ərazisindən keçməklə Rusiya ilə əlaqə saxlaya, eyni zamanda Fars körfəzinə və Hind okeanına çıxa biləcək. Yəni Ermənistanın nicatı yenə də Azərbaycanın əlindədir. Beşincisi, Avropa İttifaqı da Türkiyə, Azərbaycan (Naxçıvan), İran ərazilərindən keçməklə Fars körfəzinə və Hindistana çıxacaq. Göründüyü kimi, Azərbaycan dünyanın mühüm nəqliyyat-kommunikasiya qovşağına çevriləcək, dünya siyasətində yeri möhkəmlənəcək və birləşdirici güc dövləti kimi rolu daha da artacaq. Bundan regionun bütün ölkələri və xalqları
fayda götürəcəkdir.

-Azərbaycan Zəngəzur dəhlizi hədəfinə çata biləcəkmi?
- Əlbəttə, çatacaq. Bunun həm diplomatik-siyasi, həm də digər yolları mövcuddur. Azərbaycan öz istəyinə ya siyasi-diplomatik yollarla nail olacaq, ya da “sərt güc”ünü tətbiq etməklə. “Sərt güc”ün tətbiqində heç bir dövlət maraqlı olmadığı üçün məsələnin siyasi-diplomatik yollarla həllindən ötrü Ermənistana təzyiqlər artacaq.
-Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesində ilk addımlar atılmağa başlayıb. Bu prosesdən gözləntiniz nədir?
- Türkiyə Cənubi Qafqazın bütün dövlətləri – Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və həmçinin İran ilə sərhədi olan tək dövlətdir. Azərbaycan da eyni mövqedədir. Cənubi Qafqaz dövləti olan Türkiyəsiz regionda sülh, sabitlik, əməkdaşlıq qurmaq çox çətindir və ya mümkün deyildir. Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər bu gün mövcud olmasa da, normallaşma üçün ilk addımlar atılır. Normallaşmanı, mehriban qonşuluq münasibətlərinin qurulmasını Türkiyə daim istəyib və indi də buna çalışır. Türkiyənin digər dövlətlərlə münasibətlərin normallaşdırılması məsələsində zəngin təcrübəsi var. Artıq proses başlayıb. Tərəflər nümayəndələrini təyin ediblər. İlk növbədə, daha çox Ermənistanın faydasına olan bu işin uğurla nəticələnəcəyini proqnozlaşdırıram.
Türkiyə-Ermənistan münasibətlərinin tarixinə nəzər yetirərkən nələr müşahidə etmək olar?
- Ən mötəbər tarixi mənbələr sübut edir ki, bu gün Ermənistan adlı bir dövlət Cənubi Qafqaz xəritəsində yer aldığına görə, ilk növbədə, Osmanlı dövlətinə və Azərbaycana minnətdar olmalıdır. Regionda aborigen olmayan, gəlmə ermənilər üçün türk torpaqlarında Ararat Respublikası yaradılıb, sonralar özlərinə məxsus olmayan torpaqları tutaraq daim genişləniblər. Azərbaycan İrəvanı paytaxt olaraq güzəştə gedib. Bəzi güclər düşmənçilik toxumu səpərək, erməni-türk münasibətlərini daim istismar ediblər. Münasibətlərdəki problemlərin səbəbi Türkiyə tərəfində deyil, ermənilərin əsassız iddialarındadır.
Necə düşünürsünüz, Ermənistan Türkiyə və Azərbaycana qarşı ərazi iddiasından, təxribatlardan əl çəkib, münasibətləri qaydaya sala bilərmi?
- Türkiyəyə qarşı əsassız ərazi iddiaları Ermənistanın konstitusiyasında, gerbində də əksini tapıb. Əgər Ermənistanda şəraiti düzgün qiymətləndirən normal idarəçilər olarsa və bu ölkə müstəqil siyasət yürüdərsə, münasibətlərin qaydaya salınması mümkündür. Amma bəllidir ki, tarix boyu dövləti və dövlətçiliyi olmadığı üçün erməni cəmiyyəti normal dövlət xadimi yetişdirə bilməyib və bilmir. Xristianlıq dininə daim ləkə gətirən erməni kilsəsi və terror-siyasi təşkilatları da erməni cəmiyyətini qonşularına qarşı nifrət, kin-küdurət hissləri ilə zəhərləyirlər. Ermənistanın bədbəxtliyinin başlıca səbəbi regionda yaşayan xalqlarla dil tapıb keçinməkdə deyil, üçüncü qüvvəni buraya gətirməkdədir. Xarici dövlətlərin maraqlarının toqquşması amilinin təsirini də unutmaq olmaz.
Bir neçə illər əvvəl ABŞ və Avropa İttifaqı Türkiyə və Ermənistan arasında 1993-cü ildə Kəlbəcərin işğalından sonra türk tərəfinin bağladığı quru sərhədinin açılmasını təklif edirdilər. Türkiyə hətta addım ataraq Ermənistana yardımlar da etmiş, elektrik enerjisi, aclıqdan əziyyət çəkən əhaliyə taxıl da vermişdi. Lakin bu xeyirxahlığı düzgün anlamayan təcavüzkar ölkə nəinki yumşalmamış, əksinə daha da şirnikləşmişdi. İndi artıq işğal faktı aradan qalxıb. Münasibətlərin normallaşdırılmasında Türkiyə tərəfindən problem yoxdur. Ermənistan normal dövlətə çevrilib qonşularla münasibətlərini qaydaya salmalıdır. Bu gün Ermənistanın və ya bəzi erməni təşkilatlarının Azərbaycana, Türkiyəyə, Gürcüstana, hətta Rusiyanın Qara dəniz sahilləri ərazilərinə əsassız iddiaları var. Ermənistan Türkiyəyə qarşı əsassız ərazi, uydurma “soyqırımı” tanıma və təzminat tələblərindən imtina etməyincə, qonşuları ilə normal münasibətləri qurmayınca bir dövlət kimi formalaşa bilməyəcək, uğursuzluqlar zolağında boğulacaq.
Şəbnəm Zahir