BolgeXeber.Com » Müsahibə-Reportaj » Bəzi nazirliklər, məmurlar ictimai şuralara təzyiq göstərir - Sədrlə MÜSAHİBƏ

Bəzi nazirliklər, məmurlar ictimai şuralara təzyiq göstərir - Sədrlə MÜSAHİBƏ

28-04-2022, 18:14
Oxunub: 5 568 Bu gündən etibarən nazirliklər yanında ictimai şura üzvlərilə silsilə müsahibələrə başlayırıq. İlk müsahibimiz Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyevdir. Onunla birlikdə təmsil etdiyi qurumun fəaliyyəti, eləcə də ölkədə baş verən kriminal hadisələrlə bağlı suallara cavab tapmağa çalışdıq. Ə.Nuriyevlə müsahibəni təqdim edirik:
- Əliməmməd müəllim, bir müddətdir ki, Daxili İşlər Nazirliyi yanında İctimai Şura yaradılıb. İndiyə kimi Şura tərəfindən görülən işlərlə bağlı məlumat verərdiniz?
- Bir neçə aydan sonra bizim fəaliyyətimizin 1 ili tamam olur. 2021-ci ilin iyul ayında İctimai Şuraya seçki oldu və DİN yanında İctimai Şura formalaşdırıldı. İctimai Şuraya seçkilərdə güclü rəqabət var idi. 40-dan çox şəxs müraciət etmişdi. Eyni zamanda, 200-dən çox qeyri-hökumət təşkilatı seçkilərdə iştirak etdi. Seçkilər tam şəffaf şəkildə həyata keçirildi. Birinci turda iki nəfər seçildi. Çünki qanunvericiliyin tələbinə görə İctimai Şuraya bütün seçicilərin yarıdan çoxunun səsini toplamış şəxs seçilə bilərdi. O zaman 190 nəfərdən 135 nəfər mənə səs verdi. Eyni zamanda, Mehriban Zeynalova 119 səs toplamışdı. 3 gün sonra seçkilərdə ikinci tur oldu. Daha 13 nəfər bu zaman seçildi. Azərbaycanda kifayət qədər tanınmış şəxslər var. Onlar özləri müxtəlif layihələr, fəaliyyətlər həyata keçirirlər.
İlkin olaraq fəaliyyətimizi tənzimləyən daxili tənzimləmə sənədlərini qəbul etdik. Çox mühüm sənədlərdən biri də ondan ibarətdir ki, İctimai Şuranın üzvləri öhdəlik götürdü ki, maraqlar toqquşmasının qarşısını almaq məqsədilə heç bir halda DİN tenderlərində və ehtimal olunan qrant layihələrində iştirak etməyəcəklər. Bu çox əhəmiyyətli və digər ictimai şuralara da nümunə olacaq bir məsələdir. Çünki İcimai Şuranın üzvlərinin yanında yaradıldığı qurumdan asılı olması, yaxud belə bir təəssürat yaradacaq hərəkət, heç şübhəsiz onun fəaliyyətinə və müstəqilliyinə kölgə sala bilər. Digər yandan İctimai Şuranın etik davranış qaydaları ilə bağlı   qaydalar qəbul etdik. Fəaliyyət planı ilə bağlı işçi qrupu yaradıldı. Artıq biz müxtəlif istiqamətlər üzrə monitorinq qrupları yaratmışıq. Monitorinq qrupları artıq fəaliyyətə başlayacaqlar. Bu monitorinq qruplarına şikayətlərə baxılması üzrə, Dövlət Yol Polisinin fəaliyyəti ilə bağlı monitorinq qrupu, ictimai rəyin öyrənilməsi ilə bağlı monitorinq qrupu və digər bir istiqamət müvəqqəti saxlama yerində saxlanan şəxslərin saxlanma şəraiti ilə bağlı monitorinq qrupu yaradıldı. Ötən müddət ərzində bizim ilk fəaliyyətimiz əsasən DİN-in müxtəlif strukturları ilə kommunikasiyanın qurulması idi. Bu gün demək olar ki, kommunikasiyanın formalaşması prosesi başa çatıb. Əlbəttə müəyyən çətinliklərimiz də var. Bu ilk il idi. Həm də DİN fərqli bir rejimdə çalışan qurumdur. Orada tabeçilik münasibətləri çox sərtdir. Başqa qurumlarda təşəbbüs, fəallıq, ictimai  təşəbbüs və digər məsələlər qurumun ayrı-ayrı stukturları tərəfindən həyata keçirilirsə, burada ancaq təkbaşına qərar vermədir. Bu da zəruridir. Başqa cür ümumiyyətlə DİN kimi fəaliyyət göstərən qurum öz işini görə bilməz. Din həm də çoxsaylı səlahiyyətlərə, yəni ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə, ailə-məişət zorakılığı, insan alverinin qarşısının alınması kimi məsələlərdə səlahiyyətlidir. Ona görə də biz DİN-in bütün fəaliyyət istiqamətlərilə bağlı məsələləri dəqiq yerində öyrənməyə, eyni zamanda, məsələlərə töhfə verməyə çalışırıq. Ötən dövr ərzində bir sıra məsələlər qaldırılıb. Bəzi problemlər həllini tapıb, bəziləri yox. Bəzi məsələlərdə çətinliklər də olub. Amma vacib məsələ ondan ibarətdir ki, biz DİN-in  İctimai Şura ilə daha yaxından işləmək istəyini gördük. Bunun aydın əlamətləri var. Bu müddət ərzində DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini İsmət Əliyevlə görüşlərimiz oldu. Bu yaxınlarda nazir Vilayət Eyvazovla görüşdük. İctimai Şuranın fəaliyyəti, bütövlükdə problemlərin həlli ilə bağlı hansı töhfələrin verilə biləcəyi barədə danışdıq.
 

- Maraqlıdır, hazırda sizə, şura üzvlərinə cəmiyyət tərəfindən daha çox hansı məsələlərlə bağlı müraciətlər daxil olur?
- Bu gün Azərbaycan cəmiyyətini daha çox narkotiklə mübarizə maraqlandırır. Bu bizi çox narahat edir. Bu məsələdə DİN-i tək buraxmaq olmaz, problemin həllinə İctimai Şuranın və cəmiyyətin dəstəyi olmalıdır. Ona görə də, bizim aparıcı istiqamətlərimizdən biri narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı DİN-ə dəstək verməkdir. Burada vətəndaşlardan dəstək alınması vacibdir. Çünki çoxlu təşviqat və təbliğat olarsa, onda narkotik vasitələrin qanunsuz dövriyyəsinin, narkomaniyanın geniş vüsət almasının qarşısıının alınması asanlaşacaq. Vətəndaş cəmiyyəti dəstək olmayacaqsa, ayrı-ayrı fatklarla bağlı əldə etdiyi məlumatlarla bağlı xəbər verməyəcəksə, təkcə DİN tərəfindən bu məsələnin qarşısını almaq mümkün olmayacaq. Azərbaycan elə bir coğrafiyada yerləşir ki, buradan narkotik vasitələrin trafikindən maksimum şəkildə istifadə etmək istəyirlər. Torpaqlarımız işğal altında olanda bu ərazilərdən rahatca narkoticarət üçün istifadə edirdilər. İndi şükürlər olsun, cənab Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edilib. Beləliklə narkotacirlərin yolları bağlanıb. Ancaq son zamanlar süni narkotiklərin dövriyyəsi artıb və bu daha çox fəsadlara səbəb olur. Mən düşünürəm ki, narkotacirlərə qarşı qanunvericilikdə də dəyişiklik edilməlidir. Onlara daha da ağır cəzalar tətbiq edilməlidir. Çünki onlar bizim gələcəyimizi, bu günümüzü məhv edirlər. Bu gün insanları narahat edən məsələlərdən biri də insan alveridir. Yeri gəlmişkən bu yaxınlarda narkomaniya, insan alveri və məişət zorakılığı ilə bağlı  ictimai dinləmə həyata keçirmək istəyirik. Cənab nazir də buna dəstək verir. Biz burada həm dövlət orqanlarının bu istiqamətdə fəaliyyətləri ilə bağlı məlumat alacağıq, həm də vətəndaş cəmiyyəti alternativ məruzə ilə çıxış edəcək. Bu çox yaxşı formatdır. Biz artıq yeni yanaşmanın tətbiq edilməsi ilə bağlı məsələni gündəmə gətirəcəyik.
Daha necə edək ki, bu iki bəlaya qarşı mübarizəni daha effektiv edə bilək. Çünki ailələrdə zorakılıqların şahidi oluruq. Bu, cəmiyyətimizi ciddi şəkildə narahat edir. Ailənin əsaslarını dağıtmağa yönələn xarici, daxili faktorlar var. Bunu nəzərə almalıyıq. Bu istiqamətdə İctimai Şura fəaliyyətini səmərəli qurmalıdır. Oğurluq və xırda talama ilə bağlı məsələlər, dələduzluqla bağlı insanlardan müraciətlər gəlir. Təssüflər olsun ki, vətəndaşlar bir çox hallarda bu işbazların güdazına gedirlər. Çox sayda vəsaitlərini itirdikdən, əlacsız qaldıqdan sonra, ən son anda hüquq-mühafizə orqanlarına müraciət edirlər. Hesab edirəm ki, bu istiqamətdə də geniş maarifçilik, təşviqat işi aparılmalıdır Müraciətlərə baxılması ilə əlaqədar daha geniş kommunikasiyalara ehtiyac var, biz bu kommunikasiyanı DİN ilə müəyyən mənada qurmuşuq. Düzdür, bu zaman da müəyyən bürokratiya olur, bəzən cavab almaq olmur. Ancaq düşünürəm ki, hörmətli nazirlə danışıqdan sonra bu məsələlərin aradan qalxması prosesi olacaq. Biz beynəlxalq təşkilatlarla əlaqələr qurmağı planlaşdırırıq. Düşünürən ki, problemlərin həllində bu öz töhfələrini verəcək. Xüsusilə də insan alveri və və məişət zorakılığı ilə bağlı məsələdə bunun effekti olacaq.
- Vətəndaşlar arasında İctimai Şuralara inam azdır, hətta yox səviyyəsindədir. Düşünürlər ki, bu şuaralar ancaq Nazirliyin sözçüsü kimi çıxış edirlər, buna münasibətiniz necədir?
- Yanlış yanaşmadır, yanlış təsəvvürdür. Birincisi, İctimai Şuralar yeni yaradılmış qurumlardır. Bəzi mərkəzi icra hakimiyyət orqanları yanında belə qurumlar yaradılmışdı. Amma əksər ictimai şuralar yenidir. Bu hələ yeni təcrübədir. Baxmayaraq ki, qanun 2014-cü ildən qüvvədədir. Yalnız Prezident Adminstrasiyasının müdaxiləsindən, Prezidentin köməkçisi Hikmət Hacıyevin müzakirələrindən sonra ictimai şuraların yaradılması prosesi genişlənməyə başladı. İndi təsadüfi deyil ki, Azərbaycan Prezidentinin 4 aprel 2021-ci il tarixli korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı sərəncamında da bu ictimai şuraların yaradılması işinin daha da dərinləşdirilməsinin, onların fəaliyyətlərinin səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı tədbirlər nəzərdə tutub. Əlbəttə ki, ictimai şuraların vəzifəsi qurumların işinə nəzarət etməkdir. Bütövlükdə həmin qurumlar necə çalışır, qərarlar necə verilir, qərarların verilməsində bütün inklüzivlik təmin olunurmu, digər maraqlı şəxslər bu məsələyə cəlb edilirmi, bütövlükdə qaldırılan məsələlər nə qədər öz həllini tapır. Bu da zamana bağlı məsələlərdir.

Ümumilikdə ictimai şuraların müstəqilliyinin gücləndirilməsinə ehtiyac var. Hazırda bizim Konstitusiya Araşdırmalar Fondu tərəfindən “İctimai iştirakçılar haqqında” Qanuna dəyişikliklər hazırlanır. Eyni zamanda, ictimai şuralara böyük bir təzyiq də var. İctimai şuralara seçkilər böyük ajiotaj yaratmışdı. Burada gözləntilər böyükdür. İnsanların bu sahədən böyük gözləntiləri var. Bu baxımdan işlərin rasionallığını, səmərəliliyini artırmaq üçün qarşıda çox böyük vəzifələr var. Burada özəl sektorun önəmi var, dövlət səviyyəsində yetəri qədər donorlar var. Ancaq burada yerli özəl sektorun iştirakı vacibdir. Vətəndaşlarda inamın artması üçün daha çox onlarla ünsiyyətdə olmaq lazımdır. Bəzi ictimai şuralara təzyiq var. Yanında fəaliyyət göstərdikləri nazirliklərin, qurumların özləri onlara təzyiq göstərir. Bu təzyiqlərə bəziləri dözüm gətirir, amma dözüm gətirməyənlər də var. Hazırda ictimai şuralarla bağlı elə şərait yaradılır ki, onlar daha çox müstəqil olmağa can atırlar. Bəzi məmurlar ictimai şuaraların inkişafını ümumiyyətlə istəmirlər. Onlar müqavimət göstərirlər. Bəzi hallarda onlarla bağlı xoşa gəlməyən məlumatlar verməyə çalışırlar. Bir çox qurumlarda ictimai iştirakçılığın genişlənməsi onlara sərf etmir. Çünki bu, şəffaflıqdır, hesabatla bağlı məsələdir, bütövlükdə həmin qurumun fəaliyyətinə işıq salmaqla bağlı məsələdir. Bir şeyi də başa düşmək lazımdır ki, ictimai şuralar qərar vermək səlahiyyətində deyil, yəni qərarı qəbul edib göndərir, ancaq onun qəbul olunub-olunmaması artıq qurumluqdur. Vətəndaşlar bəzən müraciətlərində əsassız olsa da, onun həll edilməsini, istənilən müraciətin pozitiv nəticələnməsini istəyirlər. Təəssüf ki, vətəndaşlarımız hüquq və vəzifələri ilə bağlı çox məlumatlı olmurlar. Onların hüquqlarının harada bitdiyini bilmirlər. Hətta bəzən onlar dövlət orqanlarından tələb etmədikləri şeyləri ictimai şuralardan istəyirlər. Bu yükə necə tab gətirmək olar? Mən ictimai şuraların öz etimadlarını gücləndirmək üçün ortaya bir iş qoymaları gərəkdiyini düşünürəm. İki il sonra onlar hesabat verəcəklər və ortada bir şey olmadıqda yenidən seçilə bilməyəcəklər.
- Əliməmməd müəllim, sədr olaraq, DİN-in media ilə əlaqələrini necə dəyərləndirirsiniz?
- DİN-in daxili strukturlarının media ilə əlaqələri çox yüksək səviyyədədir. DİN-in icimaiyyətlə əlaqələr şöbəsinin hətta sosial mediada da hesabları açılıb ki, bu da çox yaxşı haldır. DİN rəsmiləri media nümayəndələrilə operativ əlaqəyə girə bilirlər. Bu baxımdan kommunikasiya ilə bağlı məsələnin çox yaxşı qurulduğunu düşünürəm. İndi DİN yanında İctimai Şuranın da media ilə əlaqələrinin qurulması üzrə işlər gedir. Bununla bağlı Nazirliyin rəhbərliyi tərəfindən konkret tapşırıqlar da var. Bununla bağlı müvafiq qurumlar iş görürlər. Ancaq bunu daha da genişləndirməyə ehtiyac var. Bu yol iktərəfli yoldur. İctimai Şura ilə DİN bir-birinə tərəf getməli, bununla da səmərəli kommunikasiya sistemi  başa çatmalıdır. Hesab edirəm ki, İctimai Şura olaraq mətbuatla işləməsək, hər hansı məsələni gündəmə çıxara, problemlərin həllinə çalışa bilmərik. Biz həm də yanında yaradılmış olduğumuz qurumla sıx əlaqədə olmalıyıq, yəni məlumatları ötürməli, çatdırmalıyıq, müzakirələr aparmalıyıq. Bunun üçün mühitin olması çox vacibdir. Eyni zamanda, media ilə əlaqələr genişlənməlidir. Çünki bizim istehsal etdiyimiz məhsulun təqdimetmə vasitəsi mediadır. Sosial şəbəkələr də bu mənada böyük rol oynayır. Yetəri qədər resurslar olduqda PR elementlərini genişləndirə bilərik. Bütün hallarda ictimai şuralara inam və etimadın yaranmasının, inkişaf etməsinin əsas institutu mediadır.
- Ölkə gündəmini silkələyən hadisələrə də münasibət bildirmənizi istərdik. Bu yaxınlarda müstəntiqin nişanlısını öldürməsi xəbəri böyük rezonans doğurdu.  Çünki asayiş keşikçisinin cinayətə əl atması təbii olaraq normal qarşılanmır…
- Biz onu bilməliyik ki, polis cəmiyyətin bir üzvüdür. Cəmiyyətdə cinayət varsa, bunu törədən polis də ola bilər. Biz bunu istisna etəməməliyik. Biz bəzən deyirik ki, polis heç kimə çəp baxa bilməz. Ümumiyyətlə qəbul edilmiş formada polisin ideal olması lazımdır. Bu bizim gözləntimizdir. Amma polis də bu cəmiyyətin yetirməsidir. Yəni cəmiyyətdə gedən proseslər polisin də həyatına təsir edir. İstər pozitiv, istərsə də neqativ şəkildə heç kim bundan sığorta oluna bilməz. Amma bütövlükdə bunların qarşısının alınması üçün mexanizmlər yaradılmalıdır. Bu mexanizmlər yaradılır və mən bildiyim qədər daha da gücləndirilməsi ilə bağlı DİN tərəfindən addımlar atılır və atılmağa davam edəcək. Xüsusilə bu intizamın gücləndirilməsi, eyni zamanda silahla davranmaq məsələsi ilə bağlı addımlar atılacaq. Ancaq bizim bir ictimai, bir də şəxsi həyatımız var. İkinci həyatımız qapalı məsələdir. Bu məqamda psixoloqlar institutunun gücləndirilməsi məsələsi də gündəmə gələ bilər. Çünki polis ağır yüklə işləyir. Ona görə də bu yüklərin boşaldıması vacibdir. Dünyada bunun üçün böyük psixoloqlar dəstəsi fəaliyyət göstərir. Bu belə halların qarşısının alınmasına kömək edə bilər. Onu da demək lazımdır ki, polisi nüfuzdan salmaq istəyən qüvvələr də var. Ümumiyyətlə ölkədə gərginik yaratmaq isəyən qüvvələr var və müvafiq qurumlar daim onlarla mübarizədədir.
 

- Daha bir tendensiya qadın cinayətlərinin artmasıdır. Boşanan, boşanmaqda olan cütlüklər arasında gərginlik pik həddə çatanda kişi əvvəlcə aravadını, daha sonra özünü öldürür. Nəticədə ailə faciəsi yaşanır. Təəssüf doğursa da, aprel ayında 6 belə hadisənin şahidi olduq. Ailənin özülünü silkələyən səbəblər nədir sizcə?
- Cinayətlərin artmasının sosial səbəbləri var. Eyni zamanda, işsizlik də burada öz təsirini göstərir. Həmçinin, digər bir səbəb qadının rolunun düzgün başa düşülməməsi ilə əlaqdardır. Çünki bu gün fərqli yanaşma var. Gender bərabərliyi mütləq qurulmalıdır. Qadınlar bizim övladlarımızı böyüdür. Qadınlara elə şərait yaradılmalıdır ki, onlar ictimai həyata çıxışla bağlı heç bir problem yaşamasınlar, iqtisadi azadlıqları təmin edilsin. Qadınlara sosial-psixoloji faktorlar təsir göstərir, bunların aradan qaldırılması vacibdir. Stereotiplərdən qurtulmalıyıq. Biz bilməliyik ki, qadın bizimlə bərabər hüquqa malikdir. Onlara eyni imkanlar yaradılmalıdır. Bu baxımdan da Mehriban xanım Əliyevanın qadınların ictimai-siyasi həyatda səlahiyyətləndirilməsi ilə bağlı çoxsaylı təklifləri var. Bu gün artıq cəsarətlə demək mümkündür ki, Azərbaycan idarəetmə sistemini, bütövlükdə iqtisadiyyatını qadınlarsız təsəvvür etmək mümkün deyil. Onlar üzərlərinə düşən fəaliyyətləri yüksək peşəkarlıqla həyata keçirirlər. Burada yenə də deyirəm streotiplər var. Eyni zamanda, kənar təsirlər də müaşhidə edilir. Ailə Azərbaycan cəmiyyətinin ən müqəddəs bağlarından biridir. Ailə həm də bizim dövlətimizin əsasıdır. Bəzi hallarda biz xaricdən gələn təsirləri də görürük, hansı ki, bu, ailə innstitutunun dağılmasına gətirib çıxaran amillərdir.
Hazırda boşanmaların sayı kifayət qədər artıb. Bu bizi narahat edir. Yeni ailə strategiyası hazırlanır. Ümid edirəm ki, bu sənədlər o imkanı verəcək ki, bu stereotiplərdən uzaqlaşaq. Eyni zamanda, məişət zorakılığı ilə bağlı cinayətlərin miqyası azaldılmalıdır. Ona görə də burada da vətəndaş cəmiyyətinin üzərinə böyük işlər düşür. Bu tip olayların aradan mümkün qədər çıxması üçün təbliğat, təşviqat aparılması vacibdir. Qadın və kişi arasında əmək haqqı fərqlərinin azalması ilə bağlı həm konstitusional, həm də institusional addımlar atılmalıdır.
Əlbəttə ki, qadınlara qarşı zorakılıq hallarının olması tək Azərbaycanda baş vermir. Bütün dünyada belə problem var. Ümid edirəm ki, bu istiqamətdə vətəndaş cəmiyyəti ilə dövlət orqanları birgə fəaliyyət göstərərək uğurlu nəticə əldə edəcək.