BolgeXeber.Com » Müsahibə-Reportaj » Dollar dünyada yenə bahalaşır: Manatın aqibəti necə olacaq?

Dollar dünyada yenə bahalaşır: Manatın aqibəti necə olacaq?

9-06-2022, 15:26
Oxunub: 440 Ötən gün ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) növbəti faiz qərarını açıqlayıb. FED uçot dərəcəsini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb.

FED sədri Cerom Pauell uçot stavkasının növbəti ayda da yenidən artırılacağını istisna etməyib.

Uçot dərəcəsinin bu qədər artırılmasından sonra hər kəsi düşündürən məsələlərdən biri də dolların dünya valyutalarına, eləcə də Azərbaycan manatına necə təsir edəcəyidir.

İqtisadçı ekspert Akif Nəsirli AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, manatın ucuzlaşması və ya bahalaşması Azərbaycan hökümətinin qərarından asılıdır:

"Bu, dünya valyutalarına təsir edəcək. Dolların möhkəmlənməsini müşahidə edəcəyik. Amma Azərbaycanda isə bu, yalnız dollar-manat münasibətinin effektiv məzənnəsinə təsir edə bilər. Hansı ki, bu effektiv məzənnənin Azərbaycan Mərkəzi Bankı müəyyənləşdirə bilir. O ki qaldı Azərbaycan manatının dollara qarşı münasibətinə bu, artıq Azərbaycan hökümətinin qərarından asılıdır. Mən Azərbaycan manatının dollara nisbətdə ucuzlaşacağını gözləmirəm. Çünki Azərbaycan hökümətinin götürdüyü kursa uyğun olaraq bu gün ölkəyə kifayət qədər dollar gəlir. İstədikləri qədər də hərraca dollar çıxara bilərlər”.

Ekspert həmçinin qeyd edib ki, bu dəyişiklik hələ ki, Azərbaycan manatının ucuzlaşmasına səbəb olmayacaq:

"Eyni zamanda Azərbaycan manatının ucuzlaşması hökümətin hazırki iqtisadi kursuna uyğun deyil. Ona görə də, bu dəyişiklik hələ ki, Azərbaycan manatının ucuzlaşmasına səbəb olmayacaq. Bunu bir qədər başqa formada desək, Azərbaycan manatı üzən məzənnə ilə deyil, dövlət tərəfindən tənzimləndiyinə görə, Azərbaycan manatının məzənnəsi hökümətin qərarından asılıdır. Əgər qərar versə ki, Azərbaycan manatı ucuzlaşsın, o zaman ucuzlaşacaq. Amma hətta bahalaşdıra da bilərlər. Dövlət Neft Fondu, misal üçün, ayda hərraca 200-300 milyon yox, 600 milyon dollar valyuta çıxarsa, bu zaman manatın məzənnəsi bahalaşacaq. Yəni, bunlar qərardan asılıdır”.

Deputat, iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə isə, artıq dollar əksər səbət valyutalara nisbətən möhkəmlənib:

"Ötən həftə "özünə gələn” Avropa pulu yenidən dollara qarşı ucuzlaşaraq 1 avro 1.04 dollaradək dəyər itirib. Əksər aparıcı valyutalar dollara nisbətən dəyər itirsələr də ABŞ birjalarında aktivlik müşahidə olunur”.

O, həmçinin qeyd edib ki, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır:

"Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Onu da qeyd edək ki, FED-in uçot dərəcəsini bu qədər artırması 1994-cü ildən bəri ən yüksək artımdır.