BolgeXeber.Com » Müsahibə-Reportaj » “Elə çıxır ki, bizi heç əsgər ölümləri narahat etmir”

“Elə çıxır ki, bizi heç əsgər ölümləri narahat etmir”

14-09-2013, 14:10
Oxunub: 6 079 “Bəzi hallarda bu ölümlərin qarşısını almaq mümkün olmur”

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu son vaxtlar cəbhə xəttində atəşkəsin pozulması və əsgər ölümlərinin artması ilə bağlı “Qafqazinfo”nun suallarını cavablandırıb.

- Son vaxtlar cəbhə xəttində atəşkəsin intensiv pozulması müşahidə olunur. Təbii olaraq, hər iki tərəf yaranmış vəziyyətdə qarşı tərəfi ittiham edir. Ermənistan Müdafiə Nazirliyi isə hər dəfə bu faktı Azərbaycanda seçkiöncəsi proseslərin tərkib hissəsi kimi qiymətləndirməyə çalışır. Sizcə qarşı tərəf bununla nəyə nail olmaq istəyir?

- Atəşkəsin son vaxtlar intensiv şəkildə pozulmasının Azərbaycanda keçirləcək seçkilərlə heç bir əlaqəsi yoxdur. Bu sadəcə olaraq ermənilərin ortaya atdığı növbəti uydurmalardan biridir. Onlar son vaxtlar cəbhə xəttində müşahidə olunan atəşkəs rejiminin pozulması faktını öz üzərlərindən yayındırmağa çalışırlar. Bunun üçün Azərbaycanda nəyi isə axtarmağa cəhd edirlər. Beynəlxalq təşkilatlar vəziyyəti yaxından izləyir və tərəflərdən kimin hansı işlə məşğul olduğunu çox gözəl bilirlər. Ona görə də erməni hiyləgərliyinə əhəmiyyət vermək lazım deyil.

- Orduda xüsusən də son vaxtlar baş verən ölüm hallarının əksəriyyəti xəstəlik, intihar və ehtiyatsızlıqla əlaqələndirilir. Məsələ ilə bağlı cinayət işinin nəticəsini gözləmədən faktı cəmiyyətə bu cür təqdim etmək nə qədər doğrudur? Sizcə cinayət işinin nəticələri, ölümün əsl səbəbləri barədə cəmiyyətə nə dərəcədə dolğun informasiya ötürülür?

- Bir daha qeyd etmək istəyirəm ki, biz heç nəyi gizlətmirik və baş verən hər hansı hadisənin səbəbləri ictimaiyyət və KİV-dən qapalı saxlanılmır. Müdafiə Nazirliyi olaraq hər bir itki bizi ağrıdır və əsgər ölümləri onun qohum əqrabasını, yaxınlarını necə üzürsə, bizi də eyni dərəcədə məyus edir. Ancaq çox təəssüf ki, bəzi hallarda bu ölümlərin qarşısnı almaq mümkün olmur.

Bu kimi ölümlər təkcə bizim orduda baş vermir. Dünyanın bütün ordularında belə faktlar olur və hətta bizdə müşahidə olunandan daha çox. Misallar da gətirə bilərəm. Elə MDB ölkələrinin özünü götürək. Müharibə şəraitində olmayan bu ölkələrin bəzilərində əsgər ölümləri bizim ordumuzdakından qat-qat artıqdır. İndi gəlin baxaq, bəs ölümlər oralarda niyə baş verir? Mən bununla heç də nəyəsə bəraət qazandırmaq istəmirəm. Sadəcə vəziyyətə təsir edən bəzi detallar da var ki, onları kənara atmaq olmaz. 20 ildən çox gedən müharibə şəraitinin əsgərdə yaratmış olduğu psixoloji sarsıntıları, stresi diqqət önünə almaq lazımdır. Min kilometr təmas xəttində səngərdə dayanan Müdafiə Nazirliyinin əsgərləridir. Buna baxmayaraq baş verən hadisələrə həm KİV-in, həm də ictimaiyyətin həssas münasibətini təbii qarşılayırıq. Bu bizim səmimi sözümüzdür. Bizi kəskin tənqid edənləri də başa düşürük. Lakin təəssüf və təəccüb doğuran bir məqam var. Bütün KİV-i bura aid etməsəm də, istisna hal kimi bəzi mətbuat orqanları sanki gözləyirlər, orduda bir xoşagəlməz hadisə yaransın və onu şişirdilmiş, həyəcanlı şəkildə teztap ictimaiyyətə çatdırsınlar. Burada cəmiyyətə Müdafiə Nazirliyinə qarşı mənfi fikir və bir inamsızlıq aşılamaq cəhdini hiss edirik. Elə çıxır ki, bizi heç əsgər ölümləri narahat etmir. Bu necə ola bilər? Bizim bir xahişiniz var. Ölən əsgərin ailəsinin, qohum-əqrabasının hislərinə təsir edəcək bu cür şişirdilmiş və müxtəlifrəngli yazıları dərc edərkən bir az düşünmək lazımdır.

Hər bir ölüm hadisəsi ilə bağlı Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ciddi tədbirlər görülür. Hərbi Prokurorluq da öz növbəsində fakt üzrə cinayət işi qaldıraraq istintaq aparır. Nəticə barədə də ictimiayyətə vaxtaşırı məlumatlar verilir. Tam səmimiyyətlə deyirəm ki, faktı gizlətmək heç kimin marağında deyil. Niyə ört-basdır etməliyik ki? Axı, bu vicdan məsələsidir. Burada üzrəyimizə daş bağlayıb oturmamışıq. Müharibə şəraitini nəzərə almalıyıq. İnsanlarımızı, ictimaiyyəti doğma ordumuz barədə daha mükəməl, daha yaxşı məlumatlarla bilgiləndirməliyik.

- Bəs orduda baş verən ölüm halları ilə bağlı aparılan cinayət işinin nəticəsi olaraq hansısa məsuliyyətli şəxsin cəzalandırılması faktı olubmu indiyə qədər?

- Bununla bağlı bir yox, bir neçə misal gətirmək olar. Heç bir cinayət hadisəsi cəzasız qalmır.

- Son olaraq bu ilin avqustunda bir əsgərimiz leykoz xəstəliyindən dünyasını dəyişdi. Ümumiyyətlə, orduda əsgərin xəstəlikdən ölməsi faktı yeganə deyil. Ağır xəstəlikdən əziyyət çəkən əsgər niyə hərbi xidmətə aparılır?

- Ola bilər ki, göndərilən zaman onda bu xəstəlik olmayıb, orduda baş qaldırıb. Yaxud əksində olsun. Leykoz xəstələri mülkidə də az deyil. Amma cəmiyyətə elə təqdim olundu ki, sanki leykoza tutulan əsgərə qarşı bir biganə münasibət göstərilib. Bu, qətiyyən belə deyil. Müdafiə Nazirliyinin rəhbərliyi xəstənin halını diqqət mərkəzinə alaraq onun Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına göndərilməsi üçün hər tədbiri gördü və beləliklə, xəstə Gülhanəyə yola salındı. Buna baxmayaraq ölüm əsgərimizdən qaçılmaz oldu. Bəzi KİV-lər bunu cəmiyyətə olduqca emosional tərzdə təqdim etdilər ki, sanki əsgərə heç baxılmayıb. Valideynlər də müəyyən mənada həmin yazılara inanaraq Müdafiə Nazirliyini əsaslı-əssassız tənqid etməyə başladılar. Biz yenə də ata-ananı başa düşür və onların bu ağır dərdini bölüşürük.

- Orduda intihar hallarının da sayı artıb. Sentyabrın 4-də və elə bu saatlarda da daha bir əsgərimiz intihar etdi. Bu kimi halları doğuran səbəblər nədir?

- Dediyiniz tarixdə bizdə əsgər ölümü baş verməyib. Mən bir məsələyə toxunmağı vacib sayıram. Bütün qoşun növlərində xidmət edən əsgərlər bizim övladlarımızdır və oradakı ölüm halları da heç kimi sevindirə bilməz. Çünki başımızı qaldırıb yuxarıda Allahımızı görməliyik. Lakin qəribədir ki, bəzi qoşun növlərində həlak olan əsgərləri də nədənsə Müdafiə Nazirliyinin əsgəri kimi təqdim edirlər və qarşı tərəf də buna öz reaksiyasını vermir... Beləliklə də, bütün informasiya məkanı düşür üstümüzə. Biz də müəyyən kriteriyaları gözləmək şərtilə deyə bilmirik ki, bu bizim əsgər deyil, gedin başqa qoşun növündən soruşun.

Müharibə şəraitidir. İtkilər ola bilər. Həm də bayaq dediyim kimi mövcud vəziyyətin əmələ gətirdiyi psixoloji gərginliyi də nəzərdən qaçırmaq lazım deyil. Yeri gəldi-gəlmədi Müdafiə Nazirliyini ittiham obyektinə çevirmək düzgün deyil. Haqsız işimiz varsa tənqid edin, haqlı işimizi isə obyektiv dəyərləndirməyi xahiş edirik.

- Prezident İlham Əliyevi Müdafiə Nazirliyinin Şəmkir hərbi birləşməsində Səfər Əbiyevin müşayiət etməməsi məsələsinə qayıtmaq istəyirəm. Bu barədə mətbuata açıqlama versəniz də nazirin iştirak etməmə səbəbini açıqlamamısınız. Bu, Şəmkir korpusunun komandiri Rövşən Əkbərovla Səfər Əbiyev arasında gəginliklə bağlı mətbuatda gedən xəbərin doğruluğuna əsas verir?

- Bu məsələyə mənim müdaxilə etməyim tamamilə yersizdir. Dövlət başıçısı hara gedir, hansı müəssisəni ziyarət edir, bu onun şəxsi qərarıdır. Buna qarışmağa heç kimin səlahiyyəti yoxdur. Bəzi mətbuat orqanlarının başqa yozumlar ortaya qoyması bir qədər anlaşılmazdır.

- Eldar müəllim bu gün intihar edən əsgərlə bağlı nə deyə bilərsiniz?

- Biz bununla bağlı rəsmi məlumat yayaraq hadisənin hansı şəraitdə baş verdiyini açıqladıq. Hazırda fakt üzrə cinayət işi başlanılıb. Ölümün baş vermə səbəbləri istintaqın yekunundan sonra məlum olacaq.