BolgeXeber.Com » Müsahibə-Reportaj » İntihar edən dindarın sevdiyi qız- “İntiharına inanmıram”

İntihar edən dindarın sevdiyi qız- “İntiharına inanmıram”

3-12-2013, 11:25
Oxunub: 5 543 Noyabrın 16-da itkin düşən, 10 gün sonra cəsədi dənizdən tapılan ictimai fəal Asim Məmmədovun ölümü ilə bağlı müəmmalar davam edir. Dindar bir gəncin intihar edə biləcəyinə şübhə edənlər inananlardan xeyli çoxdur. Asim Məmmədovun ölümünün səbəbilə bağlı bildirilir ki, gənc fəal “facebook”da türkiyəli bir qızla tanış olub, onu sevib, amma sevgisi qarışılıqsız olduğuna görə intihar edib.
Kifayət qədər bəsit versiyadır. “Facebook” üzərindən sevginin nəticələrinə hesablanan versiyanın daxilində çox ciddi və dolaşıq şübhələr var. Bu şübhələrə aydınlıq gətirmək üçün Asim Məmmədovun sevdiyi iddia olunan türkiyəli xanım Gülizar Kılıncla əlaqə saxladıq:

- Gülizar xanım, Asim Məmmədovla tanışlığınız nə zamandan başlayıb?

- Bu il avqust ayının 25-də “facebook”da tanış olduq.

- O sizə müxalif görüşlü birisi olduğunu anlatmışdımı?

- Bəli, o, mənə söyləmişdi ki, Əliyev rejiminə qarşıdır.

- O sizə söyləmişdimi ki, Azərbaycanda hökumətdən özünə qarşı hansısa təpkilər, təzyiqlər olur?

- Bəli, söyləmişdi, hətta həbsə atıldığından da xəbərim var idi.

- Aranızda qarışılıqlı bir sevgi duyğuları vardımı?

- Asim məni sevirdi, amma mən onu bir dostum olaraq sevirdim.

- Sizin onu sevmədiyinizi, sadəcə, bir dost olaraq sevdiyinizi bilincə, çox dərd edirdimi bunu özünə? Sizin də onu sevməyiniz üçün davamlı israr edirdimi?

- Əslində, xüsusi bir dərd yaşadığını söyləyə bilmərəm, “Çox da tələsməyək, zamana buraxaq” deyirdi.

- Bu təktərəfli sevgidən bezdiyi, “məni sevməsən, özümü öldürərəm” dediyi olmuşdumu, heç?

- Son dəfə yazışdığımız gün, sanki Asim deyil, bir başqası yazışırdı. Çox qəzəbli və əsəbi olduğu hiss olunurdu. O zamana qədər intihar barədə heç bəhs etməzdi. Hətta bir dəfə, təqribən 20 gün əvvəl intihar barədə söhbət etdik, intiharın lənət olduğunu söylədi. Bu yazı mənim “inbox”umda qalır.

- Son yazışma deyərkən... yəni, nə zaman?

- 15 noyabrda.

- Amma 16 noyabrda “Qoyun qılım namazımı, Sonra kəsin boğazımı” yazdı. Sizinlə son yazışdığında, bir gün, iki gün, sonra belə bir təhlükənin baş verə biləcəyini yazdımı, heç?

- Qəti olaraq bir şey yazmadı. Sadəcə “anam evdədir, gedəndən sonra özümə bir şeylər yapacağam” söyləmişdi.

- Amma niyə özünə bir şeylər etməli idi ki? Siz ona belə bir şey etmə dedinizmi, israr etdinizmi?

- Etdim. Dəfələrlə israr etdim. “Sevmirəm” dediyimə görə edəcəyini, amma eyni zamanda da gözləyəcəyini söyləmişdi.

- Siz tam olaraq inandınızmı ki, bu kəlmələri yazan Asimdir?

- Inanmadım, indi də inana bilmirəm. Asim çox həyalı birisi idi. Mən deyil, hətta lap kiçik bir uşaqla danışsa belə, ən ötəri şeylərə görə üzr istəyərdi.

- Son yazışma saatlarınızı xatırlaya bilirsinizmi?

- Ən son 16 noyabrda, səhər mesaj atmışdı. Bu mesaj idi: “Asim Mamedov Tamam. Senden başka cevap beklemiyordum zaten. Bütün bunları sadece olarak seni korkutmak için söyledigimi saniyorsunsa, bu gün akşam ve ya yarın Azeri basınına bak. Azerbaycanda ünlü birisi sayılmaktayım, bana bişey olursa televizyonu bilmem, ama gazeteler mutlaka yazacaklar. Örnegin, islamazeri.az, musavat.com ve b. gazetelerin sitelerinden okuya bilirsin. Kendine iyi bak. Elveda. 16 Kasım Mobilden gönderildi”.

- Heç, nə zamansa, anası ilə aralarında problemin olduğu barədə sizə nəsə yazmışdımı?

- Yox, mənə heç zaman anası və ya atası barədə bir şeylər yazmadı. Sadəcə, bir dəfə yazmışdı ki, anası onun məni sevdiyinə inanmır.

- Söylədiniz ki, son yazışmanızda sizinlə danışan Asim olmaya da bilərdi. Bir müddət əvvəl də intihara qarşı olduğunu yazmışdı. Sizinlə 15 noyabrdakı son yazışmasında intiharı nəzərdə tuturdu, ya həbs edilə biləcəyini?

- Intihar dedi. Amma anam evdədir, o getsin, sonra bir şeylər yapacağam söylədi.

- O arada, siz, məsələn, Azərbaycanda onun hər hansı bir dostunu tapmaq, xəbərdar etmək haqqında düşündünüzmü? Yəni, belə bir mümkün təhlükəni adlatmaq üçün nəsə...

- Iki gün oldu, heç bir xəbər çıxmadı və sonra qorxmağa başladım. “Facebook”da yorumlaşdığı arkadaşlarına baxdım. Birinə yazmaq istədim, evli olduğunu gördüm. Həyat yoldaşı anlayar deyə, yazmadım. Sonra El Nur adlı bir arkadaşına yazdım. Bu arada, Asimə də mesaj atdım. Mənim ona atdığım bütün mesajlar görülürdü.

- Bu mesajlar görülürdü, amma heç cavab yazan olurdumu ki, Asim itkin düşüb, ondan soraq yoxdur?

- Kimsə cavab yazmadı. Indi də mesaj yazıram, görülür. Kimsə açır baxır. Deyirlər ki, guya anasıdır, amma o deyil.

- Niyə anası ola bilməz? Sizə də cavab yazmır...

- Anasının durumunu təhlil edək. Asimin itkin xəbəri çıxdıqdan sonra ona mesaj atdım ki, niyə belə edirsən, “haqqım varsa, haram olsun” bilərək yazdım. Asim olsa, cavab versin deyə. O olsa, dayanmazdı, cavab verərdi bu mesaja. Biri gördü bu mesajı, amma cavab yazmadı. Anası deyirlər, amma oğlu itkin düşən bir ana olursa, cavab yazmazmı? Ən azı, əsəbiləşər, ittiham edər, lənət edər. Amma onun “facebook”una girən qadın deyil, kimsə başqasıdır.

- Məntiqlidir, əslində... Amma özünə qarşı hansısa təhdidlərin olduğu barədə 15 noyabra qədərki yazışmalarında sizə bildirdimi?

- Yox, belə bir şey yazmadı. “Facebook”da anası indi də bir şeylər yazır kimi görünür. Əslində, Azərbaycanda da çoxları belə düşünür ki, oğlu ölən qadın “facebook”a girib nəsə yazmaq dərdində olmaz.

- Gülizar xanım, sizdə belə bir duyğu varmı ki, onu öldürüblər və o, intihar etməyib?

- Intihara bu qədər pis yanaşan bir adamın intihar edə biləcəyinə inanmıram. Həm də dindar və mömin birisi bunu heç etməz.

- Intihar edə biləcəyi, özünə bir şeylər edəcəyi barədə son yazını noyabrın 15-də saat neçədə yazdı? Bunu xatırlamanız çox önəmlidir...

- 15 noyabr axşam saatlarında. 16 noyabrda isə günorta mənə 6 dəfə zəng edib.

- Bu söhbətin qəzetdə yayınlanmasına etiraz etməzsiniz ki?

- Etirazım yoxdur. Burada mənə deyirlər ki, bu adamlar çox təhlükəlidir. Amma hər kəs hər şeyi bilməlidir. Hərçənd, mənə elə gəlir ki, onun anası hər şeyi bilir./azadliq.info/