BolgeXeber.Com » Media » Ziya Məmmədovun malikanəsi ilə bağlı son durum

Ziya Məmmədovun malikanəsi ilə bağlı son durum

28-09-2015, 11:35
Oxunub: 2 455 Ziya Məmmədovun malikanəsi ilə bağlı son durumProkuror və icra başçısının planı

Nəqliyyat naziri Ziya Məmmədovun Göyçaydakı malikanəsinin olduğu torpaq sahəsi ilə bağlı böyük narazılıq yaranması haqda məlumat vermişdik.

50-yə yaxın Göyçayın Hüngütlü qəsəbəsinin sakini onlardan torpaq sahələrinin su qiymətinə alınaraq hasarlanmasına etiraz edirdilər.

Sakinlərdən biri Niyaz Rzayevin nümayəndəsi Vidadi İsgəndərlinin sözlərinə görə, məsələnin ört-basdır olunmasına cəhd göstərilir: "Göyçay prokuroru Emin Muxtarov Niyaz Rzayevin atası Qiyas Rzayevi yanına çağıraraq deyib ki, yuxarıdan tapşırıq var, şikayət araşdırılmalı, məsələ həll olunmalıdır. Prokuror deyib ki, şikayətiniz əsasında Göyçaya Ədliyyə Nazirliyindən nümayəndə gələcək, onunla görüşməyin. Vidadi İsgəndərlidən də nümayəndə kimi imtina edin. Beləliklə, Ədliyyə Nazirliyindən gələn nümayəndəyə Niyaz Rzayevdən izahat almağa imkan vermədilər. Məndən də imtina etmələri haqda ərizə aldılar. Bundan sonra Emin Muxtarov əvvəllər Göyçayın icra başçısı olan Mansur Məmmədovu çağırıb söhbət edib”.

V.İsgəndərlinin sözlərinə görə, bundan sonra M.Məmmədov və işdə adı keçən digər şəxs Hüngütlü icra nümayəndəsi Nizami Vəliyev Niyaz Rzayevin evinə yollayıblar. Ona şikayətini geri götürməsi müqabilində pul təklif ediblər: "Nizami Vəliyev deyib ki, Mansur Məmmədov 10 min manat təklif edir ki, şikayət etməyin. Onun dediklərini təsdiq edən yazılışlar da əlimizdə var. Prokuror Muxtar Eminov vəd edib ki, Ziya Məmmədov və onun qardaşı oğlu Namiq Məmmədov mane olmasa, məsələni həll edəcəklər. Ədliyyə Nazirliyinin əməkdaşları Göyçaya gəlib akt tərtib etdilər ki, şikayətçini tapa bilmədiyimizdən geri qayıdırıq. Məsələ həll edilirdi, lakin son anda işə Ziya və qardaşı oğlu Namiq Məmmədovlar qarışdı. Dedilər ki, əgər 1 nəfərin pulunu ödəsək, qalanları da ayağa qalxacaq. Beləcə, Niyaz Rzayevin pulunu vermədilər”.

V.İsgəndərli deyir ki, bundan sonra işin ört-basdır olunmasına cəhdlər edilib: "Cinayət Prossesual Məcəlləyə görə vəzifəli şəxsin hər hansı bir cinayəti haqda şikayət varsa, şikayəti prokurorluq araşdırmalıdır. Bildiyimiz kimi Ziya Məmmədov, onun əmisi oğlu Mansur Məmmədov və işdə adı keçən digər şəxslər vəzifə daşıyıcılarıdır. Prokuror Muxtar Eminov bunları bilə-bilə şikayəti qanunsuz olaraq polisin təhqiqatına göndərib. Təhqiqat xırda qonşu mübahisələrini araşdırmalıdır. Ziya Məmmədov hakimiyyətdən gizlin olaraq Mansur Məmmədovun və icranın hüquqşünasının cinayətlərini ört-basdır etmək üçün təhqiqatçıya yazdırmağa çalışırlar ki, şikayət mülki xarakterlidir, ona görə də şikayətçi məhkəməyə müraciət etməlidir”. V.İsgəndərli deyib ki, Niyaz Rzayev şikayətinin araşdırılması üçün Milli Təhlükəsizlik Nazirliyinə, Baş Prokurorluğa və Prezident Administrasiyasına müraciətlər edib. Müraciətlərində Göyçay prokurorunun ondan rüşvət istəməsi barədə də yazıb.

Qeyd edək ki, nəqliyyat naziri Ziya Məmmədovun Göyçaydakı malikanəsinin olduğu torpaq sahəsi ilə bağlı böyük narazılıq yaranıb. 50-yə yaxın Göyçayın Hüngütlü qəsəbəsinin sakini onlardan torpaq sahələrinin su qiymətinə alınaraq hasarlanmasına, alınan torpağa görə pullarının verilməməsinə etiraz edirlər. Nazirə məxsus olan və ərazisində vertolyot meydançası, gölü, tennis kortu və bir çox başqa istirahət guşələri olan dəbdəbəli malikanə rayonun Hüngütlü qəsəbəsi ərazisində yerləşir(Musavat.com).

Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.
Bolgexeber.com