BolgeXeber.Com » Media » Qənimət Zahiddən televiziya layihəsi

Qənimət Zahiddən televiziya layihəsi

4-04-2012, 21:10
Oxunub: 4 154 Yeni layihənin adı "Azərbaycan saatı" adlanacaq

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid Almaniya telekanalı olan "Kanal Avropa"da həftədə iki dəfə 1 saatlıq "Azərbaycan saatı" adlı televiziya layihəsi ilə azərbaycanlı tamaşaçılar üçün proqram hazırlayır.

Proqram ilk dəfə bu həftənin cümə günü, aprelin 6-ı saat 20:00-da efire veriləcək. Azərbaycanlı tamaşaçılar üçün proqramı izləmək olduqca asandır. Belə ki, "Kanal Avropa" "Türksat" üzərindən translyasiya edilir.
Verilişin sonrakı buraxılışları hər həftənin çərşənbə axşamı və şənbə günləri Bakı vaxtı ilə saat 19:00-dan 20:00-a qədər davam edəcək.

Layihə ilə bağlı Qənimət Zahid azadliq.info-ya bunları bildirib: "Azərbaycan əhalisinin ciddi informasiya ehtiyacı var və çox təəssüf ki, ölkədə müstəqil telekanal olmadığına görə bu ehtiyacın təmin olunması mümkün deyil. Ölkədə müstəqil mövqeyi ilə seçilən bir-iki qəzet bu boşluğu doldurmağa çalışir, amma qəzetlərin tirajı və yayım imkanları çox məhdud olduğundan belə bir televiziya proqramının yaradılması olduqca zəruri idi. Biz kanalın rəhbərliyi ilə anlaşıb, Azərbaycan əhalisinin informasiya tələbatını azacıq da olsa qarşılaya biləcək bir verilişin efirə getməsinə nail ola bildik. Yəqin hamıya aydındır ki, bu, ilk təcrübədir və buna görə də ilk verilişlərdə qüsurlarımız bir qədər artıq ola bilər. Bu qüsurlara görə bəri başdan üzr istəyir və hər kəsi əmin edirəm ki, ən qısa müddətdə izləyicilərimiz mükəmməl bir proqramın şahidi olacaqlar. Başlıcası budur ki, alternativ bir informasiya mənbəyini yaratmaq üçün göstərdiyimiz cəhdlər müəyyən nəticə verir. Proqramın təbii ki, "Azadlıq" la hec bir əlaqəsi yoxdur və bu, bir növ müəllif verilişidir. Doğrudur, mənim televiziya təcrübəm yoxdur, amma tədricən hansısa vərdişlərə yiyələnmək çətin olmayacaq. Eyni zamanda, əminəm ki, Azərbaycanda və başqa ölkələrdəki müstəqil jurnalistlərimiz, blogerlərimiz, ayrı-ayrı vətəndaşlarımız mənə yardım edəcəklər. Buna görə də her kəsə öncədən minnətdarlıq edirəm".