BolgeXeber.Com » Media » Zülmətdə işıq axtaranlar...

Zülmətdə işıq axtaranlar...

5-05-2012, 14:05
Oxunub: 4 473

Yazıçı Ejen İonesko müsahibələrinin birində deyir: “Yadımdadı, bədbin bir dostum bizə qonaq gəlmişdi. O vaxt Klod Terrasda birinci mərtəbədə yaşayırdım. Bir müddət əvvəl qızım dünyaya gəlmişdi. Evimiz darısqal idi, uşağın əskilərini elə otaqdaca qurudurduq. Deməli, dostum gəldi və həyatın dəhşətlərindən dünyanın miskinlik və rəzilliklə, bitib-tükənməz qəm-qüssəylə dolu olduğundan, evimizin darıxdırıcılığından və narahatlığından danışdı. Mənsə dedim: “Məncə, bura çox gözəldir, otağın ortasından asılmış əskilər belə göz oxşayır.” Dostum təəccübqarışıq nifrətlə üzümə baxırdı. Sözümə davam etdim: “Bəli, gözəldir. Baxmağı bacarsan görərsən ki, dünya başdan-başa möcüzə, ilahi bir təntənədir.” O an doğrudan da mənə elə gəlirdi ki, zivədəki paltarlar işıq saçır. Elə bil dünyaya rəssam gözüylə baxmış ən dəyərsiz əşyanın belə şəfəq saçdığını görmüşdüm. “Məsələn, üzbəüzdəki üçkünc pəncərəli, eybəcər evi götürək. O evə məhəbbətlə və ya mənfi fikirlərdən arınıb baxsan, görərsən, necə şölə saçır.” Hamının həyatında belə anlar olur. Məişət-əsl həyatın qənirsiz gözəlliyini öz arxasında gizlədən boz örtüyə bənzəyir. Gündəlik qayğıların və vərdişlərin ucbatından insanın görmə qabiliyyəti, diqqəti zəifləyib, heyrət hissi yoxa çıxıb, yaddaşı silinib...”

Yaradıcı adamlar həmişə belə olub. Həyatın eybəcərlikləri arasında da gözəllik, işıq axtarmağa çalışıb. Tapa bilməyəndə aza qane olub, onu öz gözlərində gözəlləşdiriblər. Bu, bir həqiqətdir ki, həyatın eybəcərliklrinə şair, yazıçı, rəssam gözü ilə baxmaq lazımdır...

Zehni, düşüncəsi, gözünün nuru ilə cəmiyyəti maarifləndirən, insanların bəsirət gözünü açan yazı-pozu adamları həmişə maddi çətinliklər, ehtiyac içərisində yaşayıb. Söhbət hüseynbalamirələmovlardan, zəlimxanyaqublardan getmir-yazıçını oxutduran həm də onun şəxsiyyətidir... Yuxarıda göstərdiyim E. İoneskonın həyat tərzi bizim bugünkü əksər yazarların həyatının təsviridir. Şounun geniş vüsət aldığı, insanların manqurtlaşdırıldığı indiki dövrdə az-çox cəmiyyətə xidmət göstərənlər elə söz adamlarıdır, eyni zamanda zülm içərisində yaşayanlar da onlardır. Məşəqqətli həyat tərzi bizim yazıçıların-həqiqi istedad sahiblərinin alın yazısıdır.

Bu gün Azərbaycan yazıçısı ən dəyərsiz dövrünü yaşayır. 50 il bundan öncəki Leninə, partiyaya, çay dərənə, pambıq yığana poema yazanların uşaqları indi Əliyevlər ailəsini vəsf edir. Budur, necə ki, onların ataları indi oxunmur, qəbul olunmur, eləcə də gələcəkdə onlar ataları kimi tarixin zibil yeşiyinə atılacaqlar. Yerdə qalanlar isə həyatlarını qaranlıqda işıq axtarmağa həsr etməklə keçirəcək...

Azərbaycan yazıçısı bu gün 250 ml araqla, bir dişlək kolbasa ilə dolanır, yatmağa, yazıb-yaratmağa yer tapmır... Azərbaycanın büdcəsini sümürən Yazıçılar Birliyi adlı qurum isə ütülü-kraxmallı “qələm əhlinə” hər cür qayğı göstərir, evi olana dübarə ev verir, təqaüd alana təkrar təqaüd ənam edir... Qarşılığında isə heç bir yaradıcılıq

nümunəsi görmədən, tələb etmədən... Heç olmasa, bundan da utanmırlar, öz-özlərinə sual etmirlər ki, bütün bunları kimlər üçün edirik?!

Biz bu gün Yazıçılar Birliyinə müqəddəs ruhların dolaşdığı məbədgah kimi baxırıq. Gələcək nəsillər isə... Nə bilmək olar, bəlkə də supermarket kimi baxdılar... hələlikdə isə bizə yalnız öz yoxsul həyat tərzimizə baxıb ondan zövq almaq qalır...

Xuraman Hüseynzadə