BolgeXeber.Com » Media » Tağı Əhmədov Azadlıq qəzetindən 200 min istəyir

Tağı Əhmədov Azadlıq qəzetindən 200 min istəyir

5-06-2012, 14:40
Oxunub: 3 850 Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq” qəzetini defamasiyaya görə məhkəməyə verib.

Bolgexeber. com xəbər verir ki, məhkəmə T.Əhmədovun iddiasını haqlı hesab etsə tənqidçi qəzetin üzərinə 200 000 AZN təzminat ödəmək yükü qoyula bilər.

T.Əhmədov tənqidçi qəzetin 8 aprel 2012-ci il tarixli sayında dərc olunan “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli məqalədən narazı qalıb. Sözügedən yazıda 2012-ci ilin yanvarında metroda gediş haqlarının artırılmasından bəhs olunub. Yasamal Məhkəməsinə təqdim olunan iddia ərizəsində qeyd olunur ki, qəzet yazısında Tağı Əhmədovun fəaliyyətinə qərəzli yanaşılıb. İddiaçı hesab edir ki, yazıdakı “...yanvar ayında metroda gediş haqqı on beş qəpikdən iyirmi qəpiyə qaldırılanda çoxlarının kartında beş qəpiklər qaldı. Bax, metropoliten rəisi həmən pulları mənimsəyib...” cümlələri onun şərəf və ləyaqətini aşağılayıb. İddiaçı qeyd edir ki, məqalədə Bakı Metropoliteninin rəisi kimi vəzifəsindən sui-istifadə etməklə mənimsəmə cinayəti törətməkdə ittiham olunub. “Bu fikirlər jurnalistin uydurmasından, onun qərəzli münasibətindən və məni aşağılamaq, şərəf və ləyaqətimi, uzun illər ərzində dövlətə sədaqətlə xidmət göstərməyimlə, peşəmi, vəzifə borcumu vicdanla yerinə yetirməyimlə topladığım işgüzar nüfuzumu ləkələmək cəhdindən başqa bir şey deyil” iddia ərizəsində vurğulanır. İddiaçı məhkəmədən xahiş edib ki, məqaləni onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab etsin, “Azadlıq” qəzetinin üzərinə təkzib vermək və vurduğu mənəvi zərərə görə 200 000 AZN təzminat ödəmək vəzifəsi qoyan qərar qəbul etsin.

Qəzetin hüquqlarını Media Hüququ İnstitutu müdafiə edir. Yasamal Məhkəməsində hazırlıq iclası keçirilib. MHİ-nin vəkillərindən Fariz Namazlı iddiaya etiraz edib. Etirazda bildirilir ki, sözügedən məqalədə iddiaçının işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən ifadələrə yer verməyib. Yazı milyonlarla insanın istifadə etdiyi metropolitendə gediş haqlarının artırılması kimi ictimai önəmli mövzuya həsr olunub. Gediş qiymətlərinin dəyişməsi ilə ictimaiyyət arasında doğrudan da “beş qəpik” polemikası yaranıb və əksər media qurumları bu mövzuda müzakirələr açıblar. Etirazda həmçinin Bakı Metropoliteninin, xüsusilə də metropolitendə pul vəsaitlərinin xərclənməsi ilə bağlı bilgilərin media üçün qapalı olduğu, bu qapalılığın bəzi ehtimalların irəli sürülməsinə səbəb olduğu vurğulanır. Qəzetin müdafiəçiləri iddianın rədd olunmasını xahiş ediblər.