BolgeXeber.Com » Media » İran səfirliyi jurnalistlərin müraciətini müsbət cavablandırıb

İran səfirliyi jurnalistlərin müraciətini müsbət cavablandırıb

12-07-2012, 13:20
Oxunub: 4 041 Bir qrup Azərbaycan jurnalisti İrana getməyə hazırlaşır

İranda həbs olunan azərbaycanlı gənc şairlər Fərid Hüseyn və Şəhriyar Del Gerani (Hacızadə) barədə ətraflı məlumat almaq üçün Lent.az-ın İslam Respublikasına jurnalistlərin göndərilməsi ilə bağlı təşəbbüsünə İran səfirliyindən müsbət cavab verilib.

APA-nın məlumatına görə, səfirliyin mətbuat xidmətindən bildirilib ki, səfərə getmək istəyən jurnalistlər “Mətbuat vizasının rəsmiləşdirilməsinə dair forma”nı doldurmalı və sənədi səfirliyə təqdim etməlidirlər. Həmin forma İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi saytında (iranembassy.az) yerləşdirilib.

Saytın “Kommunikasiya və mətbuat” bölməsinə daxil olub formanın surətini əldə etmək olar.

Xatırladaq ki, Lent.az bir neçə gün əvvəl bu il aprelin 29-da poeziya festivalında iştirak üçün xüsusi dəvət əsasında İran İslam Respublikasına səfər edən Fərid Hüseyn və Şəhriyar Del Geraninin (Hacızadə) həbsi ilə bağlı jurnalist araşdırması aparmaq üçün bu ölkəyə getmək barədə İranın Azərbaycandakı səfirliyinə müraciət edib. Müraciətdə bildirilib ki, hadisədən 2 aydan çox keçməsinə, Azərbaycan Xarici İşlər Nazirliyinin İran tərəfinə verdiyi rəsmi notalara, Azərbaycanın Tehrandakı səfirliyinin, Təbrizdəki konsulluğunun gərgin çalışmalarına, Azərbaycan ictimaiyyətinin müxtəlif nümayəndələrinin müraciətlərinə, həbs olunan gənclərin valideynlərinin xahişlərinə baxmayaraq, İran rəsmi qurumları bu müddətdə Azərbaycan tərəfinə konkret məlumat verməyib.

Şairlərin müxtəlif cinayətlərdə suçlandıqları barədə İran dövlət qurumları tərəfindən məlumatlar yayılsa da, konkret və inandırıcı cinayət əməlindən söhbət açılmır.

Bu müddət ərzində gənclər bir neçə dəfə ailələri ilə telefonla əlaqə saxlamaq imkanı əldə ediblər. Amma yenə də hansı səbəbdən həbs olunmalarına tam aydınlıq gəlməyib.

Lent.az eyni zamanda təşəbbüs müəllifi kimi digər KİV-ə və jurnalistlərə müraciət edərək bu təşəbbüsə qoşula biləcəklərini bildirib.

Lent.az-ın təşəbbüsünə müxtəlif KİV-dən dəstək gəlib. Artıq APA İnformasiya Agentliyi, “Salamnews” İnformasiya Agentliyi və “Yeni Müsavat” qəzeti əməkdaşlarını İrana ezam etməyə hazır olduğunu açıqlayıb. Lent.az-dan Səbuhi Məmmədli, APA-dan Ramil Məmmədli, “Salamnews”dan Fərdin İsazadə, “Yeni Müsavat”dan Fərahim İlqaroğlu, “Mərkəz.az” saytından Mahir Məmmədov, habelə müstəqil jurnalist Cəmil Məmmədlidən ibarət jurnalist heyəti İrana getmək üçün səfirliyə müraciət edəcək.