BolgeXeber.Com » Media » Qəbələ RLS məsələsi bağlandı

Qəbələ RLS məsələsi bağlandı

2-08-2012, 10:25
Oxunub: 4 345 Ərəstun Oruclu: “Rusiya geopolitik mübarizəni uduzduğunu anlayır”

“Azərbaycan və Rusiya Qəbələ RLS-lə bağlı səsləndirilən bəyanatlar, qarşılıqlə təkliflər və tələblər o qədər ziddiyətlidir ki, nəticədə anlaşmanın olmayacağı ehtimalı daha da qətiləşir”.
Bu fikirləri “Üç nöqtə”yə politoloq, “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu adıçəkilən RLS-in ərazisindən rusiyalı zabitlərin ailələrinin köçürülməsi və hərbi şəhərciyin boşaldılması barədə məlumatları şərh edərkən bildirdi.
O qeyd etdi ki, Rusiyanın Qəbələ RLS-i 49 illik icarəyə götürmək arzusu və Azərbaycandan bu stansiyanı öz hesabına modernləşdirməyi tələb etməsi rəsmi Bakı tərəfindən heç də xoş qarşılanmayıb: “Azərbaycan isə yalnız 6-7 illik icarə ilə razılaşır. Ümumiyyətlə sual olunur ki, əgər biz RLS-i uzun müddətə icarəyə veririksə, niyə modernləşdirməliyik? Onu da qeyd etmək yerinə düşər ki, indiki elmi-texniki inkişafı nəzərə alsaq, təxminən 10 ildən sonra bu stansiyanın əhəmiyyətini itirəcəyini deyə bilərik. Bu stansiya gələcəkdə modul stansiyaları ilə rəqabət apara bilməyəcək. Burdan bir nəticəyə gəlmək olar: Rusiya sadəcə Azərbaycana müəyyən bir məqamda təsir edə bilmək üçün ölkəmizdə az da osla kontingent saxlamağa çalışır. Kremlin Qəbələ RLS-dən başqa da bir variantı yoxdur”.
Onun sözlərinə görə, rəsmi Moskva Azərbaycanın da təhlükəsizlik və xarici siyasətdə bu amillə hesablaşacağına ümid edir: “Təbii ki, bu məsələyə sadəlöhvcəsinə yanaşmaq da olmaz. RLS-də yerləşən heyətin içində Azərbaycanın ictimai-siyasi durumuna təsir etməyə çalışan şəxslər, qısası kəşfiyyatçılar da olacaq. Əlbbəttə, bu Azərbaycanın maraqlarına cavab vermir. rusiyanın da Qəbələ RLS-lə bağlı bəyanatları daha çox təhdid və təzyiq xarakteri daşıyır. Sanki Azərbaycandan Qəbələ RLS-i yox, başqa şey tələb olunur”.
Politoloqun fikrincə, Rusiya tərəfinin ikibaşlı bəyanatları daha çox onunla bağlıdır ki, rəsmi Moskva geopolitik mübarizəni uduzduğunu anlayıb, lakin sakit şəkildə geri çəkilmir: “rəsmi Moskva daxildəki imperialist ruhlu qüvvələrə mövzunun hələ davam olunduğunu nümayiş etdirir.
“Alternativ kompromis variantlarından söz gedə bilərmi?” sualına Ərəstun Oruclu belə cavab verdi: “Nə kimi kompromis variantları ola bilər? Deyək ki, Azərbaycan üçün Qəbələ RLS-in 49 illik icarəyə verilməsi məqbul sayılır, amma Rusiya da Qarabağ münaqişəsində konkret mövqe tutur. Amma gəlin məsələyə real yanaşaq. Münaqişəni Rusiya qızışdırıb, indi isə nəzarətdə saxlayır, bununla da həm Azərbaycana, həm də Ermənistana təzyiq vasitəsi kimi istifadə edir. Kreml Dağlıq Qarabağ münaqişəsi kimi “kart”ı Qəbələ RLS-ə görə güzəştə gedərmi? Düşünmürəm. Odur ki, məncə Qəbələ RLS-lə bağlı məsələ qapanmış sayılır”.
O əlavə etdi ki, Qəbələ RLS-dən başq Azərbaycan-Rusiya masasında başqa nüanslar da var: “Açıq olan “Transxəzər” məsələsi var, Sergey Lavrov da Bakıda olarkən bəyan etmişdi ki, Azərbaycanın bu layihəyə qoşulmasına qarşıdır. Həmçinin Qarabağ münaqişəni də qeytd etmək olar. Digər tərəfdən isə geopolitik seçim amili də var ki, Rusiya üçün bu məsələ önəm daşıyır”.
Ə.Oruclu vurğuladı ki, Rusiya tərəfi regionda öz hegemonluğunu itirdiyini və balansın onun ziyanına dəyişdiyini anlayır, amma regiondakı ölkələrin bəzi məqamlarda onunla hesablaşmasını da təmin etməyə və hökumətlərə müəyyən qədər təsir etmək imkanı qazanmağa çalışır: “Rusiyanın Şimali Qafqaz kimi “detonator”u var, hər han bu “detonator” partlaya bilər. Ona görə də, Rusiya önləyici tədbirlər görərək, öz sərhədlərində nisbətən təhlükəsiz şərait yaratmaq istəyir”.

Rüfət