BolgeXeber.Com » Media » Ərini ölüm döşəyində qoyub qaçan qadın - KÖŞƏ

Ərini ölüm döşəyində qoyub qaçan qadın - KÖŞƏ

3-08-2012, 22:10
Oxunub: 4 340 Bu günlərdə kəndimizdə baldızının ərinə qoşulub qaçan bir qadının və onun anasız qaldıqları üçün günlərdir ağlayan üç körpəsinin hekayətini dinlədikcə, tüklərim biz-biz oldu.


Çirkli totuq əlləri ilə göz yaşlarını silib, yazıq-yazıq ana deyib ağlayan, heç nə ilə ovunmayan, yalnız analarını istəyən körpələri təsəvvürünüzə gətirin...

O körpələrin anası həyat yoldaşını xəstə yatağında, üç körpəsini də kimsəyə tapşırmadan ortalıqda buraxıb dörd övladı olan baldızının yaşlı ərinə qoşularaq Rusiyaya qaçıb. Bunun adı sevgidirmi, ehtirasın pik həddidirmi, axmaqlıqdırmı, əxlaqsızlıqdırmı, daha nədir? Bu suallara cavab tapmaqda acizəm.

Bildiyim bir şey var ki, sevginin azadlığı bir körpənin göz yaşlarına dəymir. Bir ana hələ dünyanı dərk etməyən, bütün arzularının və qorxularının yanında anasını ona yaxın olan yeganə varlıq və xilaskar kimi görən körpəsi üçün fədakar olmağı bacarmalıdır. Lazımdırsa sevgini içində həbs etməlidir, lazımdırsa körpəsinin tox olması üçün ac qalmağı göz önünə almalıdır, canını fəda etməlidirsə, buna da getməlidir. Məni qadının qoşulub qaçmasından çox uşaqlarına qarşı qəddarlığı dəhşətə gətirdi...

İnsan psixologiyası belədir ki, öz üzərində aqressiyanı hiss edən insanda başqalarına qarşı da analoji hiss yaranır. Biz ailədə uşaqları döyə-döyə potensial aqressorları yetişdiririk. Və buna görə heç bir cəza da almırıq. Bizim kənddə məşuquna qoşulub qaçan ana isə uşaqlarına həm də mənəvi işgəncə verib. Onun qızı da var və bizim cəmiyyətdə qız uşaqlarının əsasən anasına görə qiymətləndirildiyini də (“Anası gəzən ağacı, balası budaq-budaq gəzər” məsəlini xatırlayın. Belə yanaşmanın qəti əleyhinə olduğumu da bilmənizi istəyirəm). yəqin ki, yaxşı bilirdi. O qadın öz qızının gələcəyini də zərbə altında qoymuş oldu.

O, himayəsindəki azyaşlılara qarşı məsuliyyətsizlik elədiyinə, onların həyatını (həm mənəvi-psixoloji, həm də bioloji) risk altında qoyduğuna görə məsuliyyətə cəlb olunmalıdır. Ana həddi-büluğa çatana qədər uşaqları himayə etməyə (əgər uşaq başqasının himayəsinə verilməyibsə) borcludur. Məhkəmə nikahın pozulması zamanı adətən azyaşlı uşaqları qeyd-şərtsiz ananın himayəsinə verir. Birgə nikah zamanı isə azyaşlı uşaqların himayəsi ailənin hər iki üzvünə-ata və anaya bərabər prinsiplər əsasında verilir. Bizim misalda ana uşaqların himayəsini rəsmən ataya həvalə eləmədən qaçıb.

Bu halın tendensiyaya çevrilməməsi üçün təkcə ictimai qınaq yetərli deyil. O qadının dini rituallara uyğun daşqalaq edilməsinə, qaragüruhun əlinə verilməsinə, başının kəsilməsinə ehtiyac yoxdur. Onun məsələsinin namusa, qeyrətə də əsla dəxli yoxdur (namus mənə görə fiziki anlayış deyil və insanın əzalarına, cinsi arzularına şamil edilə bilməz). Sadəcə onun əməlində cinayət tərkibi var, həm də uşaqlara qarşı cinayət...

Kimlərsə insanın hərəkət azadlığı, sevginin azad olması, bu qəbildən də qadının haqlı olduğu barədə mülahizələr yürüdə bilər.Amma insanın hərəkət azadlığını da məhdudlaşdıran qanunlar var. Bir insanın azadlığının sərhədləri başqasının azadlığı başlayan yerdə bitir. Azad sevgi uşaqlara verilən işgəncəyə, göz yaşına adekvat ola bilməz. Hələ özünü dərk etməyən, niyə yaradıldığının, kimin sifarişi ilə dünyaya gəldiyinin fərqində olmayan uşaqlar bir qadınla bir kişinin cinsi ehtiraslarının qurbanına çevrilməməlidir. Uşaqlar olan yerdə eqonu dəfn etmək, ehtirası boğmaq vacibdir.

İnsanın öz hirsini özündən zəif olanların üzərinə tökməsi də, uşaqla canavarın dovşanla etdiyi kimi rəftar etməsi də, uşağa uşaqlığını deyil, göz yaşlarını və boşluqdan (yaxud da, səksəkədən, utancdan) ibarət olan gələcəyi vəd edən qadın da, kişi də həm hüquqi, həm də mənəvi məsuliyyətə cəlb edilməlidir. Məhkəmənin və sosial qınağın obyektinə çevrilməlidir. Nəhayət, azərbaycanlılar uşağa qarşı laqeydliyin, zorakılığın, hörmətsizliyin bədəlini ödəməlidirlər.

Qanunlar işləməlidir. Dövlət uşaqları vecsiz, məsuliyyət hissi olmayan, yumruğunu uşağın başı üstündə hazır saxlayan valideynlərdən xilas etməlidir. Nikah haqqında müqaviləyə (Azərbaycanda bu, nəhayət qəbul olunmalıdır), qadının və ya kişinin ağlına gələn vaxt ərini (arvadını) və uşaqlarını qoyub başqasının yanına qaçmasını, qarşılıqlı zorakılığı əngəlləyən müddəaları da əlavə etmək lazımdır.

Ülkər Abdullayeva
"Gündəlik Teleqraf"