BolgeXeber.Com » Media » Səfər ƏBiyev istefa verməlidir -MÖVQE

Səfər ƏBiyev istefa verməlidir -MÖVQE

17-08-2012, 01:25
Oxunub: 3 864 “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin həyata keçirdiyi monitorinqin nəticələrinə əsasən 2012-ci ildə təhlükəsizlik və müdafiə sektorunun itkiləri 64 nəfər təşkil edib.

Ötən müddətdə 59 nəfər yaralanıb. Müvafiq dövrdə dünyasını dəyişənlərin 13-ü döyüş (erməni gülləsi), 2-si mina, 1-i əməliyyat, 48-i isə qeyri-döyüş itkiləridir. 6 nəfər bədbəxt hadisədən (dəm qazından və suda boğulma, tok vurma, üzərinə beton düşmə, yıxılma), 7 nəfər yol qəzasından, 1 nəfər naməlum səbəbdən, 7 nəfər ehtiyatsızlıqdan, 8 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 7 nəfər xəstəlikdən ölüb.

12 nəfər intihar edib (güllələnmə). Ölənlərin 58-i Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili Qoşunların, 1-i isə MTN-in hərbi qulluqçularıdır.

Vurğulayaq ki, Azərbaycan ordusunda əsgər ölümləri əhalini narahat edən yeganə neqativ hal deyil. Milli Orduda baş verənlər get-gedə əndazəsindən çıxır. Nizamnamədən kənar münasibətlər, döyülmə, zorlama hallarının baş alıb getməsi ciddi düşünməyə əsas verir. Əsgərlərin Müdafiə Nazirliyi rəhbərliyinin mülklərində qul kimi işlədilməsi, zabitlərin rüşvətxorluğu, müəmmalı şəkildə qətlə yetirilmiş əsgərlərin daxili orqanlarının “yoxa çıxması” orduda baş verən rüsvayçılığın yalnız qısa sadalanmasıdır.

Təəssüf ki, bu cinayətləri mətbuat vasitəsilə tam açıqlamaq mümkün olmur.

Ən acınacaqlısı isə odur ki, az qala hər gün orduda əsgər ölümü, əlil olunması ilə bağlı məlumatlar yayılır. Cəmiyyət isə artıq bu məlumatlara alışdırılıb.

Gənc insanların qeyri-müharibə şəraitində ölümünə artıq cəmiyyət yetərincə etiraz edə bilmir. Sanki elə belə də olmalı imiş.

Onu da qeyd edək ki, Azərbaycan ordusunda baş verənlər ona gətirib çıxarıb ki, artıq zabit anlayışı son zamanlar əsgərlər arasında az qala söyüş kimi işlədilməyə başlanıb. Digər ölkələrdə, məsələn, Türkiyə ordusunda qürur və şərəf simvolu olan zabit Azərbaycanda zalım, əliaçıq dilənçi kimi xarakterizə edilməyə başlayıb. Qarabağ döyüşlərində saysız-hesabsız qəhrəmanlıq nümunələri göstərən Azərbaycan zabitinin belə miskin vəziyyətə salınmasında müstəsna rol oynamış müdafiə naziri Səfər Əbiyev isə özünü zabitdən daha çox oliqarx kimi aparır. Görünən budur ki, onu ordudan daha çox biznes maraqları düşündürür. Sanki baş verən dəhşətin ona heç bir dəxli yoxdur. Mətbuatın bu mövzudakı suallarını ən yaxşı halda S.Əbiyev qulaqardına vurur. Əslində nazir jurnalistlərin nədən bu mövzuda bu qədər əsəbi olmalarını dərk belə eləyə bilmir. 18 yaşlı gənc əsgər ölümü ilə bağlı sualların bir qədər aqressiv mahiyyət kəsb etməsinin səbəbi general-polkovnik poqolarını daşıyan bir şəxsə bəlli deyilsə, bu yenə də zabit şərəfi anlayışından xəbər verir. Özünə hörmət edən generallar adətən belə hallarda tamamilə başqa addım atırlar.

Özünə hörmət edən xalqların ordusunda zabit şərəfi karyera üçün başlıca keyfiyyətdir. Azərbaycanda isə tam fərqlidir. Bu gün ehtiyatda olan zabitlər, hüquq müdafiəçiləri, əsgər valideynləri, ziyalılar, mətbuat, müxalifət, bir sözlə, fəal təbəqələrin hamısı yekdilliklə 6 fevral, 1995-ci ildən bu vəzifədə əyləşən S.Əbiyevin istefasını tələb edirlər. Lakin hansısa əlaqə və “xidmətlərinə” görə müdafiə nazirinin xətrinə dəyən yoxdur.

Bəzi araşdırmaçılar hesab edirlər ki, Müdafiə Nazirliyindəki korrupsiyanın və özbaşınalığın kökünün kəsilməsi üçün müdafiə nazirinin mülki şəxs olması yeganə çıxış yoludur.

Beynəlxalq təşkilatların rəsmi Bakı ilə apardığı danışıqların əsas predmetlərindən biri də məhz bu məsələdir. Qeyd edək ki, yaxın qonşularımız olan Gürcüstan, Rusiya, Türkiyədə də müdafiə nazirləri məhz mülki şəxslərdirlər. Bəllidir ki, NATO standartlarına görə, döyüş taktikalarının planlaşdırılması və bu istiqamətdə addımların həyata keçirilməsi Baş Qərargah tərəfindən icra olunur. Əksər araşdırmaçılar əmindirlər ki, mülki şəxs müdafiə naziri olarsa, orduya vətəndaş nəzarəti mexanizmi daha geniş formada tətbiq oluna bilər.

Vurğulayaq ki, bu məsələ Qərb diplomatları tərəfindən rəsmi Bakı ilə razılaşdırılsa da, son nəticədə “gözəgörünməz əl” S.Əbiyevi növbəti dəfə xilas edə bilib. İstər ölkə daxilindəki, istər xaricindəki əlaqələri general-polkovniki toxunulmaz edib. Bu toxunulmazlıq ordudakı mövcud özbaşınalıqları stimullaşdıran başlıca amildir. Bu isə orduda yerliçiliyin, rüşvətin, “dedovşina”nın, əsgər qətllərinin davam etməsi deməkdir.

Lakin onu da vurğulamaq lazım gəlir ki, artıq S.Əbiyevin ərköyünlük limiti də bitmək üzrədir. Onun kaprizləri siyasi hakimiyyət üçün kifayət qədər problem yaradır. Bu baxımdan, Müdafiə Nazirliyi sistemində aparılan yoxlamalara Səfər Əbiyevi nazir postunda dəyişəcək şəxs kimi adı hallandırılan Prezidentin müşaviri Vahid Əliyevin rəhbərlik etməsi incə məqamlardan xəbər verir.

Şübhə yoxdur ki, MN-dəki təftişlər xeyli kobud qanun pozuntuları üzə çıxaracaq. Əldə olunan faktların mətbuata ötürülə biləcəyi ehtimalı bu dəfə S.Əbiyevi bitirə bilər. Onu da nəzərə alsaq ki, Azərbaycanın ən nüfuzlu yüksək rütbəli zabitləri S.Əbiyev tərəfindən ən müxtəlif təzyiqlərə məruz qalıb, budəfəki “kompromat savaşı”na onların da qoşulacağını ehtimal edə bilərik. Beləliklə, S.Əbiyevə qarşı açılacaq müharibə irimiqyaslı ola bilər. Adətən zabit şərəfini gözləyənlər bunun baş verməməsi üçün özləri istefa verirlər...

Azər RƏŞİDOĞLU