BolgeXeber.Com » Media » Boşanmadan qorxub, ömürlük bədbəxtliyə imza atma, həyatını xilas et!

Boşanmadan qorxub, ömürlük bədbəxtliyə imza atma, həyatını xilas et!

10-09-2012, 13:45
Oxunub: 5 307




Aynur Qurbanqizi





Qadının gücü kişilərlə sosial bərabərliyi əldə etməkdir, təhsil al!

Həyat sənə bir dəfə verilir, bu həyatı hislərinə zorakılıqla yaşama, arzularını xilas et!


Qadın azadlığı kişilərə usyan deyil, şəxsiyyət olaraq özünü təsdiqləmək, əzilməkdən, köləlikdən xilas olmaqdır.



Düşünmə ki, mübarizən atılmaqla nəticələnəcək.


Xeyr! Mübarizə etdikcə səni kölə kimi görən kişi geri çəkiləcək, ətrafdakı bütün qadınların bərabər mübarizəsi onları qorxudacaq, sonunda qadının şəxsiyyət olduğunu bütün kişilər qəbul edəcək! Azadlıq verilmir, alınır!


Bizim mübarizəmiz uzun illər çəkəcək, çətin olacaq, bəlkə də bəziləri üçün xoşbəxtliklə nəticələnməyəcək, amma ən azından Azərbaycan qadınının gələcəyini xilas edəcəyik. Bunun üçün bir missiyanız da dünyaya gətirdiyiniz övladlarınızı, xüsusən də oğlanlarınızı qadına hörmət ruhunda tərbiyə etməkdir. Gələcəkdə bizim qızlarımız «yaxşı at özünə qamçı vurdurmaz» kimi səviyyəsiz düşüncə tərzi ilə üz-üzə qalmayacaq! Kişilərlə bərabər hüquqlu olmağımız sadəcə quru kağızlar üzərində olmayacaq!



Çoxluq hər zaman qalib gəlib!!! Hamımız bir olmalı, qorxmadan bizi əzən cəmiyyətə, milli mentalitet adı altında qadınlarımızı kölə, asıllıq vəziyyətində saxlayan, mənəvi bədbəxtliyə düçar edən yazılmamış qanunlarla mübarizə aparmalıyıq!



Biz daha qaynanaların «süpürgəsi» olmayacağıq!


Bizlə ona görə ailə qurmayacaqlar ki, onların valideynlərinə qulluqçu, evlərinə nökər, nəsillərinə artım lazımdır. Özlərinə həyat dostu bilərək, bir ömrü səninlə keçirmək, yaşamaq üçün ailə quracaqlar!


Sən kişinin şəxsi malı deyilsən!

Heç bir kişiyə haqq verilməyib ki, sənlə əşyası kimi davransın. Səni dünyaya gətirən, boya-başa çatdıran valideynlərinlə görüşməyi qadağan edən, böyük arzularla təhsil alaraq əldə etdiyin diplomu evin bir küncünə atan, səni evində dustaq kimi saxlayan kişilərlə asanlıqla razılaşmayın, hüququnuzu tələb edin.



Sizi 9-cu sinifdən çıxarıb evə atan, təhsil almağa imkan verməyən, həddi-buluğa çatmamış məcburi evliliyə sürükləyən valideynlərinizlə mubarizə aparın.

Onlar sizi sevirlər, cəsarət və inadkarlıqla mübarizəniz qarşısında geri çəkiləcək, sizinlə razılaşacaqlar! Həyatınızı valideynlərinizə belə qurban etməyin! Çünki uğursuz ailə ilə bir ömrü itirəcək, o əzabları siz yaşayacaqsınız. Valideynlərin sonrakı peşmançılığı isə fayda verməyəcək…


«Boşanan qadınlara pis baxılır» şuarını alt-üst et!

Ailədə bədbəxtsənsə və xoşbəxt olmaq üçün iynə ucu boyda ümid yoxdursa, hər günün iztirablarla, acılarla keçirsə cəmiyyətin «boşanan qadınlara pis baxılır» şuarını alt-üst et və ağılla həyatının xilasına çalış.



Kimlərinsə və ya öz ağılsızlığın ücbatından əxlaqsız yola düşmüsən?

Düşünmə ki, artıq geriyə yol yoxdur! Ziyanın yarısından qayıtmaq da xeyirdir. Özünü topla və təmiz həyata geri dön! Bu təmiz həyatda sevmək və xoşbəxt ailə qurmaq şansın var. Keçmişin haqqında kiməsə hesabat verməyə borclu deyilsən. Əxlaqsız yoldan təmiz həyata dönduyun günü dünyaya yeni doğuluş hesab et. Bu çirkabdan çıxmaq çətindirsə, azadqadın.az-a yaz, biz sənə kömək edərik.


Evliliyinizin ilk müqəddəs gecəsində sizi mənəvi zorakılığa məruz qoyan yengələrdən imtina edərək bu gülüş doğuran xurafat adət-ənənəni geridə buraxın! İcazə verməyin ki, sizin intim həyatınıza aid nələrisə «üzağlığı» adı altında utanmaz-utanmaz qohum-əqrabaya nümayiş etdirsinlər. Onlar utanmır, siz utanın!


Aldanmızınız? Bakirəliyiniz pozulub? Hamiliə qalmısınız?

Bunun üçün özünüzü yüksək binalardan atıb, damarlarınızı doğrayıb intahar etməyin. Ananıza başınıza gələnləri danışın. Qorxmayın! Həyatda yeganə varlıq analardır ki, onlar sizi anlayacaq, atmayacaq, dəstək olacaq və sizi bu probleminizlə qəbul edən biriləri nə vaxtsa qarşınıza çıxacaq. İntahar çıxış yolu deyil.


Yaxud, dar duşuncəli, balasından çox, ətrafını düşünən, cəmiyyətin qınağına gəlməkdən qorxan cahil valideynlərlə üz-üzəsinizsə, sizi qəbul etməyib küçəyə atırlarsa, çarəsiz və kimsəsizsinizsə, azadqadın.az-a müraciət edin. Biz sizi xilas edəcək və əxlaqsızlıq çirkabına düşməyə icazə verməyəcəyik!