BolgeXeber.Com » Media » Jurnalist rektoru məhkəmə verir

Jurnalist rektoru məhkəmə verir

18-09-2012, 16:15
Oxunub: 3 457 “Yeni-Müsavat” qəzetinin əməkdaşı, gənc jurnalist Elmin Bədəlov qovulduğu universitetin rektorunu məhkəməyə verməyə hazırlaşır. Bu barədə Bolgexeber.com-a açıqlama verən Bədəlov bildirib ki, hər il ali məktəbdən kənarlaşdırılan tələbələrin bərpa üçün yenidən ali məktəbə müraciət etmək hüququ var: “Mən də bu il avqust ayının sonlarında Neft Akademiyasına getdim. Gözətçilər dedilər ki, müəllimlər məzuniyyətdə olduğundan sentyabr ayının əvvəli müraciət edim. Sentyabrın başlanğıcında Neft-mexanika fakultəsinin dekanı ilə görüşdüm. Dekan mənə dedi ki, sentyabr ayının 5-dən sonra ərizə ilə müraciət edim. Sentyabr ayının 5-dən sonra iki dəfə ərizə ilə Neft Akademiyasına yaxınlaşıb ərizəmi təqdim etmək istədim. Lakin gözətçilər məni içəri buraxmadılar”.
Gözətçilər jurnalistə bildiriblər ki, onlar eks tələbəni geri qaytarmaq barədə göstəriş alıblar. Elmin Bədəlov ərizəni təqdim edə bilmədiyindən daha sonra vəkillə məsləhətləşərək ərizəni poçt vasitəsilə göndərməyi qərara alıb: “Bu gün Neft-mexanika fakultəsinin dekanı mənə deyir ki, sizin ərizə sentyabrın 17-də akademiyaya daxil olub, ona görə ərizəyə baxılmayacaq. Halbuki ərizəni qəbul edən şəxslər sentyabrın 14-də məktubun akademiyaya daxil olunması barədə sənədə imza atıblar. Beləliklə, sentyabrın 14-də onlara ərizə daxil olub. Lakin mənim ADNA-ya bərpa məsələmə baxmırlar. Mən bu işdən çox narahatam və məsələnin bu qədər uzanması, mənə qarşı bu qədər qərəzli addımların olması çox pis haldır. Ona görə mən ADNA-nın rektoru Siyavuş Qarayevi yenidən məhkəməyə verəcəyəm. Hətta ADNA qarşısında öz etirazımı bildirən müxtəlif flaşmob tipli etiraz aksiyaları da keçirməyi planlaşdırıram”.