BolgeXeber.Com » Media » Professor "Azadlıq"ı müdafiə etdi

Professor "Azadlıq"ı müdafiə etdi

5-12-2012, 12:20
Oxunub: 4 019 Hazırda Türkiyədə yaşayıb-çalışan görkəmli ziyalılarımızdan biri, professor Kamil Vəli Nərimanoğlu "Azadlıq"a müraciət göndərib.

Müraciətdə deyilir:
Hörmətli redaksiya!

Qəzetinizin son saylarında böyük alimimiz Cəmil Həsənlinin yazısını oxuyandan sonra sizə ürək sözlərimi yazmaq istədim. Bu sözlər yalnız Cəmil müəllimin müsahibəsi ilə bağlı deyil, həm də “Azadlıq” qəzetinin apardığı çox ağır və ciddi mücadilə ilə bağlıdır.

Son dövrlərdə “Azadlıq”a təzyiqlər özünün zirvəsinə çatıb. Həqiqəti açıq yazan bu qəzet üçün görülən tədbirlər ən yuxarı dairədən gəlir. Burada Anar Məmmədov kimilərin adının olması iqtidarın düşdüyü ağır vəziyyətin göstəricisidir. Azərbaycanda Milli Azadlıq Hərəkatının salnaməsi olan Elçibəyin, Nəcəf Nəcəfovun əziz xatirəsini şərəflə yaşadan bu qəzetə qarşı törədilən təxribatlar seriyası iqtidarın azad mediaya münasibətinin, əslində, münasibətsizliyinin açıq ifadəsidir.

Mən Azərbaycanın çağdaş jurnalist nəslinin ya müəllimi olmuşam, ya da dostu, yoldaşı. Və bundan qürur duyuram. Əlbəttə, mənim tələbələrimin içində əqidəsini, qələmini satanlar da olub, başını girləyənlər də az deyil. Ancaq “Azadlıq” qəzeti bu nəslin siması olaraq öz əqidəsini qoruyub saxlayıb, hər cür çətinliyə sinə gərməyi bacarıb. Bu jurnalistlərdən Qənimət Zahidin də, Şahvələd Çobanoğlunun da, Elnur Astanbəylinin də, Pərvizin də, “Azadlıq”ın əski yazarı Zamin Hacının da əzmini, ləyaqətini və əlbəttə ki, jurnalist, yazıçı sənətkarlığını vurğulamaq istəyirəm.

Ən ağır şəraitdə, maddi və mənəvi imtahanlar qarşısında böyük qələm mücadiləsi ilə tarix üçün yazılmış əsərlərin əbədi olacağına inanıram. Bu məktəbin layiqli davamçılarına can sağlığı arzulamağı özümə borc bilirəm. Inanıram ki, gələcək jurnalist nəsli bu sənətin bu ağır tarixdəki örnəklərini dərslik kimi öyrənəcəklər.

Yaddaş heç vaxt ölmür. Dostum Cəmil Həsənlinin dünya miqyasındakı elmi fəaliyyəti mənə çox yaxşı məlumdur. Onun görkəmli ziyalımız Rüstəm Ibrahimbəyovun rəhbərlik etdiyi Ziyalılar Birliyindəki fəaliyyəti bugünkü tariximiz üçün olduqca qiymətlidir.
Doğrudan da yaradıcılığın müxtəlif sahələrində birinci olan Rafiq Əliyevlə, Ramiz Rövşənlə, Əkrəm Əylisli ilə çiyin-çiyinə bu dəhşətli rejimə qarşı üzbəüz aparılan mücadilə yalnız xeyirlə şərin, diktatura ilə demokratiyanın, azad fikirlə köləlik düşüncəsinin mücadiləsi deyil. Bu, çoxluqla azlığın da mücadiləsi deyil. Çünki həqiqət olan yerdə kəmiyyət önəmli deyil. Bu mübarizə inzibati güclə, polis dəyənəyi ilə azad qələmin və azad düşüncənin mücadiləsidir.

Cəmil müəllimin vurğuladığı kimi, bu korrupsiya hökuməti torpağımızı işğal altında saxlayan ermənilərlə deyil, azad fikirlə, demokratik düşüncə ilə vuruşur. Öldürülən, həbs edilən jurnalistlər, azadlıqdan məhrum edilən gənclər, öz ölkəsində siyasi əsir vəziyyətində tutulan, az qala ev dustağına çevrilən siyasi liderlər...

Bu iqtidarın işğal olunmuş torpaqlarımız məsələsində heç bir konsepsiyası yoxdur və olmayacaq. Qanun və ədalət olmayan dövlət özü-özünü intihara məhkum etmiş canlını xatırladır. Bu canlının nə qədər canlı olmasını hər kəs görür. Birinci növbədə demokratik dünya bu yaramazlığın şahididir.

Mən Cəmil müəllimin söylədiyi fikirlərin hamısıyla ürəkdən razıyam. Və yaxın olduğum ziyalıların da o mövqedə olduğunu bilirəm. Artıq tunelin sonu görünməkdədir. Baş verəcək hadisələrin hamısı bu iqtidarın əleyhinə olacaq. Minlərlə insanı öz yurdundan didərgin salan, insanların halal qazanc yolunu bağlayan, azad fikri zəncirləyən zorbalıq və qaba güc hər zaman və hər yerdə uğurlu ola bilməz. Təəssüflər olsun ki, iqtidar ziyalı təşkilatının uyarılarını düşmənçilik kimi qəbul etdi və azad fikrə qarşı fətva verməklə məsələni həll etdiyinə inandı.

Bu basqı və zülm heç vaxt yerdə qalmaz.
Mən Cəmil müəllimin fikirlərini şərh etmək istəmirəm. Ramiz Rövşənin də son şeirlərindən sitat gətirmək istəmirəm. Həqiqətin bir dili və bir üzü var. Onu maskalamaq mümkün olmadığı kimi, bəzəməyə də ehtiyac yoxdur.

Mən inanıram ki, əlacsız duruma salınan Azərbaycan xalqı bu dözülməz vəziyyətin çarəsini tapacaq. Yalan vədlərlə, boş hay-küylə, ikiüzlülüklə, riyakarlıqla nəinki uzağa, heç yaxına da gedilməyəcək.

Həqiqəti bilmək həqiqət uğrunda mübarizə aparmağın təməlidir. Mən inanıram ki, Azərbaycan xalqı bu həqiqəti artıq bilir. Mən “Azadlıq” qəzetinə, onun fədakar yazarlarına, Cəmil Həsənli dostumuza can sağlığı və uğurlar diləyirəm. Inanıram ki, haqq uğrunda mücadilə öz məqsədinə çatacaq!