BolgeXeber.Com » Media » Keşiş İslamı qəbul etdi: ölkə qarışdı

Keşiş İslamı qəbul etdi: ölkə qarışdı

10-12-2012, 00:05
Oxunub: 3 983 Bolqarıstanda 20 il kilsədə xidmət edən keşiş İslam dinini qəbul edib. Bolgexeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, keşişin bu addımı ölkədə ciddi qarışıqlıq yaradıb.

İslamı seçən keşiş müsəlmanlarla ortodoks xristianlar arasında 200 ildən bəri davam edən ortaq Aşura gününün qeyd olunmasına zərbə vurub. Sofyadaki “Svet İvan Rilski” ruhanilər məktəbində Plovdiv Mitropoliti Nikolay ilə eyni sinifdə oxuyan Atanas Mixaylov Sofyada 20 il il keşiş olub. Bir müddət əvvəl ruhanilikdən uzaqlaşan Mixaylov dinini dəyişdirərək müsəlmanlığı seçib.

Sofiya müftisi Mustafa İzbiştali noyabrın 27-də Sofiya Banya Başı məscidində əsr namazından sonra elan edib ki, Atanas Mixaylov özünə Abdullah adını seçib və İslam dinini qəbul edib. Abdullah adını alan Mixaylov dinini dəyişdirməsini belə izah edib: “Məlumat və həqiqəti axtaran biri idim, bu axtarış məni İslam dinini qəbul etməyə apardı”.

Müfti dinini dəyişdirən keşişə İslamı qəbul etdiyinə dair təsdiqnamə təqdim edib. Onun fotoşəkili müftiliyin internet saytına qoyub. Ancaq “Keşiş İslamı seçdi. Ya Rəbb, bizə doğru yol göstərən rəhbər olduğun üçün sənə dua edirik. Bizi sapmışların yoluna düşməkdən qoru” ifadəsinin internetə yerləşdirməsi ölkəni qarışdırıb.

Bolqarıstanın Ortodoks Kilsəsi Mixaylovun bolqar kilsəsi ilə əlaqələrini kəsdiyini bəyan edib. Bundan başqa, kilsə müftiliyin bəyanatının həqiqəti əks etdirmədiyini və xristianlara təhqir ehtiva etdiyini bildirib.

Bolqarıstan mətbuatı isə yazıb ki, keşiş müsəlman qadına aşiq olduğu üçün dinini dəyişdirib.

Reaksiyalardan sonra müftiliyin saytındakı açıqlamanın başlığı “Keçmiş keşiş müsəlman oldu” kimi dəyişdirilib və Qurandan sitat gətirilən ayə mətndən çıxarılıb. Lakin müftiliyin bu düzəlişi də təzyiqi yüngülləşdirməyib.

Vidin şəhərinin yepiskopu Sioniy keşinin bu qərarını belə qiymətləndirib: “Vidin xristianları olaraq İslam inancına indiyə qədər sevgiylə yanaşdıq. Aşura günü ilə bağlı mərasimlərə qatılmağımız bunun göstəricisi idi. Lakin son yaşananlardan sonra şəhərdəki bütün xristian ortodoksları Aşura gününə qatılmayacağını bəyan edirlər".