BolgeXeber.Com » Media » TV-lərə qarşı kampaniya başladı – Ekspertlərin cavabı

TV-lərə qarşı kampaniya başladı – Ekspertlərin cavabı

23-10-2018, 10:03
TV-lərə qarşı kampaniya başladı – Ekspertlərin cavabıTeleviziyalar məişət düşüncəsi ilə ictimai düşüncə arasında fərq qoya bilmir

Bu məsələyə inzibati yanaşma olmasa, televiziyadakı biabırçılıqlar davam edəcək. Onlar yenə də insanların zövqlərini korlamaqda, tamaşaçıya hörmətsizlik etməkdə davam edəcəklər.

Bu sözləri Kult.az-a media eksperti Qulu Məhərrəmli televerilişlər haqda sosial şəbəkələrdə yaradılan həştəqlər və müzakirələr haqda danışarkən bildirib. Q.Məhərrəmlinin sözlərinə görə, bu kimi səbəblərdən vətəndaşlar tərəfindən telekanallara qarşı boykot kampaniyasının başladılması arzuedilməzdir:

“İstəməzdim belə bir şərait yaransın ki, vətəndaş öz milli kanallarına qarşı kampaniya başlatsın. Ancaq onu deyim ki, bizim yerli kanalların çoxu onsuz da boykot vəziyyətindədir. Bu gün vətəndaş yerli kanalı izləmir. Burada müxtəlif səbəblər var – tamaşaçının marağını ödəməməsi, etik qaydaları gözləməməsi və sair.

Bu kimi səbəblər ümumilikdə bizim kanallarda böhran olduğunu göstərir. Məlum məsələdir ki, kanallarımızda peşəkarlıqla bağlı ciddi problemlər var. Hesab edirəm ki, bizdə televiziyaların durumu çox ciddi şəkildə təhlil olunmalıdır. Televiziya rəhbərləri nəhayət, qərar verməlidirlər. Dəfələrlə bu problemlər qabardılıb, danışılıb, ancaq ortada bir nəticə yoxdur”.

Ekspert bildirib ki, “xalq bunu istəyir” yanaşması qətiyyən düz deyil. Xalqın adından bu cür sui-istifadə etmək olmaz:

“Televiziyada göstərilən hansısa aşağı səviyyəli, zövqsüz, ictimai əxlaqı zədələyən verilişə xalq baxmır. Belə veriliş ancaq bir qrup insanı cəlb edə bilər ki, o da xalq deyil. Belə insanların zövqünə uyğun televiziya siyasəti yürüdülə bilməz. Televiziya cəmiyyətin, tamaşaçının ardınca sürünə bilməz, əksinə, öndə getməli və cəmiyyəti ardınca aparmalıdır. Televiziya yolu işıqlandırmalı, dəbi müəyyən etməlidir. Əvvəl insanlar saç düzümündən tutmuş geyimlərinə qədər, hər şeyi televiziyadan öyrənirdi.

Bəs indi necə oldu ki, televiziya ən aşağı zövqlü insanların istəyinə uyğun siyasət yürüdür?”

Azərbaycan Dövlət Televiziyasının əməkdaşı, telejurnalist Afaq Vasifqızı isə bildirib ki, xüsusilə özəl kanalların efirə verdiyi aşağı səviyyəli və bayağı verilişlər yalnız reytinq qazanmaq, bu yolla reklam cəlb etmək, son nəticədə pul qazanmaq üçündür:

“Mən artıq uzun illərdir özəl kanallardakı aşağı səviyyəli verilişlərin heç birinə baxmıram və düşünürəm ki, bu da mənim mübarizə üsulumdur.

Xeyli müddətdir özəl telekanallardan uzaqlaşıb dövlət televiziyasında çalışsam belə, özəl kanallarda işləyən həmkarlarımla əlaqələrim itməyib. Yəni əksər kanallarda çalışan dostlarla şəxsi söhbətlərdən yaranmış vəziyyət barədə müəyyən təsəvvürüm var. Bəli, o şit və bayağı verilişlər yalnız reytinq qazanmaq, bu yolla reklam cəlb etmək, son nəticədə pul qazanmaq məqsədi güdür.

Amma çıxış yolu təbii ki, boykot deyil.

Kimdir reklam verən? Reklam verən bizim milli burjuaziyadır. O burjuaziya ki, vaxtilə dərslik çap edirdi, məktəb açırdı və s. İndi həmin milyonçuların xələfləri, min təəssüf ki, babalarından irəli getmək əvəzinə, geri gediblər”.

A.Vasifqızı bildirib ki, bizim cəmiyyətdə hələ ictimai qınaq heç bir təsir qüvvəsinə malik deyil:

“Mənəvi rıçaqlar kömək etmədikdə iqtisadi rıçaqları işə keçirtməkdən başqa yol qalmır. Variant olaraq yerli sahibkarları maraqlandırmaq lazımdır ki, onlar büdcələrindən reklama ayırdıqları pulu milli-mənəvi əhəmiyyəti olan verilişlərə xərcləsinlər”.

Telejurnalistin fikrincə, biabırçı verilişlərin maliyyə mənbələri bağlansa, Azərbaycan tamaşaçısı zorla səviyyəsizləşdirilmək bəlasından xilas ola bilər:

“Ancaq indiki halda tək məsləhətim bu ola bilər ki, özəl kanallardakı biabırçılığa baxmaqdan imtina etsinlər, uşaqların baxmağına ümumiyyətlə mane olsunlar, əvəzində AzTV-yə, “Mədəniyyət” kanalına baxsınlar – özləri də, balaları da. Abır-həyaları əldən getməyəcək, üstəlik maariflənəcəklər”.

Qeyd edək ki, bəzi sosial şəbəkə istifadəçiləri yerli kanalları səviyyəsiz verilişlərə görə boykot etməklə bağlı həştəqlər yaradıblar.