BolgeXeber.Com » Media » Sayt rəhbərləri Novruz bayramından narazıdır:”...Xəbər yoxa çıxıb sanki”

Sayt rəhbərləri Novruz bayramından narazıdır:”...Xəbər yoxa çıxıb sanki”

22-03-2013, 12:05
Oxunub: 3 711 9 günlük bayram tətili xəbər sektoruna da zərbə vurub. Qeyri-bayram günlərində xəbərlərin əlindən “bezar” qalan, onu yerləşdirməkdə çətinlik çəkən xəbər portalları, saytlar... hazırda qıtlıq yaşayır. Oxucu eyni saytı gündə bir neçə dəfə açmağa vaxt tapırsa, orada gözünə çox az sayda yeni xəbər dəyir. Və o zaman istər-istəməz belə bir təəssürat yaranır: cəmiyyəti hərəkətləndirən jurnalistlərdir. Onlar istirahət edəndə proseslər də “dincəlir”. Biz də bu təəssüratı sayt rəhbərləri ilə dəyərləndirdik.
Musavat.com saytının veb redaktoru Xalid Kazımlı bizimlə söhbətində dedi ki, bayram günlərində həqiqətən də xəbər qıtlığı var: ”Bayramdan əvvəl sayta sutkada 100-ə qədər seçmə xəbər yerləşdirirdik. Əslində isə xəbərlər 200-dən də artıq olurdu. Bununla belə, bəzi jurnalistlər var ki, onlar bayramda da jurnalist olaraq qalırlar. Getdikləri yerlərdən reportaj, ovqat yazısı hazırlayıb saytlara yerləşdirə bilirlər”.
Saytı izləyən oxucuların sayına gəlincə, müsahibimiz dedi ki, bəlli səbəblərdən saytı izləyənlərin sayı yarıdan da azdır: ”Ancaq hiss olunur ki, insanların informasiya aclığı bayrama baxmır. Başqa sözlə şəkərbura, paxlava ziyafəti informasiya aclığını aradan qaldırmır. İzləmələr də azalıb. Ancaq indi xəbər çox olmadığından bir xəbərin oxunmasına dair statistika pis deyil. Bu da ona görədir ki, oxucuların xəbər çeşidi içində seçim etmək imkanı məhduddur. Bu üzdən qarşılarına çıxan yeni yazıları oxumağa məcburdurlar”.
Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərud musavat.com-a açıqlamasında bildirdi ki, ümumiyyyətlə, Azərbaycanda xəbərçilik ağır işdir: ”Çünki Azərbaycan xəbər ölkəsi deyil.
Amma bu il xəbər baxımından yaxşı gəlmişdi. Ard-arda gündəm olurdu. Demək olar ki, yanvarın ilk günündən başlayaraq düz fevralın sonuna kimi hər gün gündəm oldu və biz demək olar ki, xəbər korluğu çəkmədik. Ancaq mart girəndən vəziyyət çətinləşib. Xəbər bayramdan qabaq başlayaraq yoxa cıxıb sanki. Bayram günləri çalışırıq ki, bir şey tapaq verək. Adətən saytlar bir-birindən xəbər götürub verir. Dünya saytlarından materillar tərcümələr edib yerləşdiririk. Yəni sayt boş qalmır”.
Müsahibimiz hesab edir ki, 7 gün istirahət gerçəkdən də çoxdur. E.Ərudun fikrincə, buna bir əncam çəkilməlidir: ”Təsəvvür edin ki, 7 gün yeni ildə, 7 gün də novruzda. Bu, artıq iki həftə deməkdir. Siz özünüz düşünün ki, belə vəziyyətdə işləmək olarmı? Yəni, bu çoxlu mənasız istirahət günlərini ləğv eləmək lazımdır”.

musavat.com