BolgeXeber.Com » Media » Milli Azərbaycan mətbuatının yaranması və inkişafı – UĞURA GEDƏN ALİ YOL

Milli Azərbaycan mətbuatının yaranması və inkişafı – UĞURA GEDƏN ALİ YOL

18-07-2021, 09:49
Oxunub: 2 616 22 iyul 2021-ci il tarixində Azərbaycan milli mətbuatının 146-cı ildönümü tamam olur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə, təsisçi və baş redaktor kimi, Həsən bəy Zərdabi tərəfindən, 22 iyul 1875-ci ildə əsası qoyulan “Əkinçi” qəzetinin nəşrə başladığı gün ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Tarixə nəzər salsaq görərik ki, zəngin ənənələrə malik olan milli mətbuatımız mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmişdir.
Beləliklə, 1875-1877-ci illər ərzində fəaliyyət göstərən “Əkinçi” qəzetin 56 nömrəsi işıq üzü görüb və bütün Qafqazda əks-səda doğurub. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb, lakin Çar Rusiyasının hakim dairələrini narahat edib və iki ilə fəaliyyəti dayandırılıb.
1918-ci ildə müsəlman Şərqində ilk demokratik  və dünyəvi dövlət olan Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması ilə milli mətbuatın inkişafında ikinci mühüm mərhələ başlandı. Cümhuriyyyətin 23 aylıq fəaliyyəti dövründə söz, fikir, mətbuat azadlıqlarının inkişafı istiqamətində müəyyən addımlar atıldı, “Mətbuat haqqında Nizamnamə” qəbul edildi. 1918-ci il iyulun 3-də Azərbaycan Cümhuriyyəti hökuməti “Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri”nin nəşri haqqında qərar qəbul etdi. Həftədə iki dəfə nəşr olunan hökumət xəbərlərində əsasən rəsmi qərarlar, əmrlər, təlimatlar dərc edilirdi.
Azərbaycan mətbuatının üçüncü mühüm dövrü sovet hakimiyyəti illərinə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və Bakıda bolşevik hökumətinin qurulmasından
Sonra Respublikada müstəqil və demokratik mətbuat ənənələrinə, demək olar ki, son qoyuldu, Xalq Komissarlığı Soveti 2 ay ərzində 90-dan çox qəzetin fəaliyyətini dayandırdı və nəticədə ədəbiyyat və nəşriyyat üzərində senzura rolunu oynayan “Qlavlit” yarandı, həmin quruma mətbuatda hərbi və dövlət sirlərini qorumaq səlahiyyəti də verilmişdi.
Nəhayət, Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi vaxtdan etibarən mətbuata ideoloji basqılar azaldı, qəzet və jurnalların müstəqilliyi xeyli dərəcədə təmin olundu. Ulu Öndərin prinsipial və qətiyyətli mövqeyinə istinad edən Respublika mətbuatı
o illərdə müxtəlif sahələrdəki problemlərlə bağlı çox cəsarətli, qətiyyətli yazılar dərc edirdi, cəmiyyətdəki nöqsanlar əksər hallarda kəskinliyi ilə oxucuların diqqətinə çatdırılır, inkişafa mane olan amillər açıq göstərilirdi. Ulu öndər Heydər Əliyev demokratik ruhlu rəhbər kimi mətbuata müsahibəsində cəmiyyətin bu və digər nöqsanlarını açıq qeyd edirdi. Məsələn, 1981-ci ildə “Literaturnaya qazeta”da dərc olunmuş məşhur “Qoy, ədalət zəfər çalsın!” sərlövhəli müsahibəsində Ulu öndər Heydər Əliyev sovet cəmiyyətinin nöqsanlarını, qlobal problemlərini açıb göstərmişdir.
Demək olar ki, jurnalistikamızın inkişafında dördüncü mərhələ ötən əsrin 90-cı illərinin əvvəllərinə – Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrə təsadüf edir. Etiraf etməliyik ki, müstəqilliyin ilk illərində müəyyən obyektiv və subyektiv səbəblər üzündən ölkənin yeni formalaşan mətbuat orqanları ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişdilər.
Həmin dövrdə ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyət, Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır sosial-iqtisadi və psixoloji durum, iqtisadi tənəzzül fikir, söz, mətbuat azadlıqlarının təmin edilməsinə, ciddi maneələr yaradırdı. 1992-ci ildə hərbi senzuranın tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi.
Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə başlandı, Azərbaycanın xilaskarı Heydər Əliyev qayıdışı ilə Azərbaycan üçün ümummilli baxımdan ciddi nəticələr verdi və bu hadisə nəticə etibarilə milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi oldu.
Həmin dövrdən Respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin
maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə şərait yaradıldı.
Ümummilli Lider Heydər Əliyev, demokratik dəyərləri, insan hüquq və azadlıqlarını, sosial
ədalət prinsipini uca tutan rəhbər kimi, kütləvi informasiya vasitələrinin cəmiyyətdəki roluna
hər zaman böyük önəm verirdi. Ümummilli Liderin rəhbərliyi altında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 50-ci maddəsində hər kəsin İnformasiya əldə etmək hüququ təmin edildi. Bu müddəanın Konstitusiyaya daxil edilməsi Azərbaycanın demokratik inkişaf kursu ilə yanaşı, Respublikamızın qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlirdi.
Bütün bunlarla yanaşı, Ümummilli Lider, ölkə mətbuatının qüsurlarını, problemlərini də hər zaman açıq şəkildə bildirir, jurnalistləri milli-mənəvi, etik dəyərlərə riayət etməyə çağırırdı. Ulu Öndər Heydər Əliyev kütləvi dövlətin informasiya vasitələrinin fəaliyyətinin daha da müstəqilləşməsi, demokratikləşməsi istiqamətində apardığı siyasətin hüquq islahatlarının ayrılmaz hissəsi olduğunu vurğulamış, bu sahədə qarşıda duran vəzifələrdən dəfələrlə fikirlərini bildirmişdir.
Bu gün Azərbaycan dünyada dinamik inkişaf edən, müasir, beynəlxalq aləmdə böyük nüfuza malik, demokratik islahatların daha da dərinləşdiyi ölkəyə çevrilmişdir. Mövcud reallıqlar kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qarşısında da bir çox yeni
vəzifələr qoyur.
Prezident İlham Əliyev çıxışlarında qeyd etdiyi kimi, bu gün Azərbaycan mediası müasir
cəmiyyət quruculuğunda, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin inkişafında, milli mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində daha təsirli rol oynamalı, qlobal informasiya məkanının, müasir informasiya – kommunikasiya texnologiyalarının yaratdığı imkanlardan səmərəli istifadə edərək fəaliyyət sahəsini genişləndirməli, beynəlxalq aləmdə tanınmalı və Azərbaycanın haqlı səsini dünya ictimaiyyətinə çatdırmağı bacarmalıdır.
Eyni zamanda, öz tarixi dəyərlərini, jurnalistikada “Əkinçi” ənənələrini yaşadaraq, peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərini rəhbər tutmalıdır.
Ölkəmizin başçısıİlhamƏliyev azadsözün hamisidir: “Doğrudan da böyük əlamətdar bir tarixdir. Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir. Ancaq bu da həqiqətdir ki, müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır. Bu barədə dəfələrlə danışmışıq, xüsusilə 1998-ci ildə Prezident Heydər Əliyevin tarixi Fərmanı ilə senzuranın ləğv olunması mətbuat üçün yeni dövr açdı və Azərbaycan mətbuatı artıq tam şəkildə azad mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır.” Prezidentimiz İlham Əliyev, UluÖndər Heydər Əliyevin əsasını qoyduğuənənələriuğurladavam etdirməklə, mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiymətləndirilməsi istiqamətindəatdığı addımlarla öz mövqeyinitəsdiqedib.
Bugünkü mətbuat, dövlətin iqtisadi imkanlarına və ictimai şüurun yetkinlik səviyyəsinə
uyğun olaraq təkmilləşir, dövrün aktual çağırışlarını düzgün dəyərləndirə bilir. Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi, mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verir, onun müstəqilləşməsi, mövcud problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirir və Prezidentimiz mətbuata qayğısı ilə jurnalistlərin
dostu olduğu halda, Azərbaycan mətbuatı inkişaf yolundadır.
Bütün Azərbaycan jurnalistlərini milli mətbuatımızın 146-cı ildönümü münasibətilə təbrik edir, hər birinizə can sağlığı və yaradıcılıq uğurları arzulayıram!
“Suraxanı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Natavan Rüstəmova