BolgeXeber.Com » Media » Pulyuma mütləqliyi

Pulyuma mütləqliyi

25-08-2010, 17:50
Oxunub: 4 678
Rüfət Əhmədzadə
(esse)

Bu lənətlənmiş dünyada, hər şeyin dərk edilməsi nisbidir. Yəni, birinə yaxşı görünən bir şey, başqasına pis görünə bilər. Məsələn, elə mənim başda yazdığım bu “lənətlənmiş dünya” ifadəsi də, çox nisbi məsələdir. Ola bilər ki, kimsə qarşıma çıxıb desin ki, sən səhv edirsən, əslində, bu dünya məsihdir, yəni Tanrı tərəfindən xeyir-dua qazanmışdır. O öz dəlillərini gətirəcəcək, mən də öz dəlillərimi. Amma, sonda, hesab olacaq heç-heçə. Çünki, hərə bu dünyaya bir “pəncərə”dən baxır.

Fikir olaraq, təkrarçılıq etdim. Çünki, yuxarıda dediklərimi bilməyən yoxdur. Hamı deyir, hamı düşünür... Amma, nə çoxdur öz istədiyini yeritməyə çalışan? Çünki, insan təbiətinin əsas xarakterlərindən biri də iddialı və rəqabətcil olmaqdır. Və ən əsası, insan mütləqliyi sevir və mütləq olmaqdan zövq alır. Həyatı tempə salan da, insan fəaliyyətinə aid bütün sahələrdə inkişafa səbəb olan və cəmiyyətləri dinamik edən də, məhz yuxarıdakı əlamətlərdir. Əgər bir cəmiyyətdə, iddia və rəqabət qıtlığı hökm sürürsə, xüsusən də, bunu reallıq tələb edirsə... Vay halına Azərbaycanın!

“Mütləqlik” və “nisbilik” deyərkən, mənim “xəstə mütləqlik” və “xəstə nisbilik” dediyim hallar da var ki , mən onu, məhz yaşadığım ölkədə hiss edirəm. Əvvəlcədən, fikirlərimin Vətən sevgisinə zidd olmadığı iddiasını da irəli sürərərək, istəyirəm, keçim balaca bir təsviri-izahata. Bu işlətdiyim “xəstə” statusları o zaman irəli keçər ki, o cəmiyyətdə, mütləq hökm “qatıq ağdır” yox, “qatıq qaradır” olar. Polis gücünə dövlətin daxili asayişi qorunar, amma, ərazi bütövlüyünə cavabdeh olan hərbi güc daim axsayar.

Amma, yeri gəlmişkən, mən bilən, asayişi qorumaq yalnız mitinqçi qovmaqdan, tutmaqdan, müxalifətçiləri açıq hava muzeylərində gəzdirmək və kiminsə cibinə nəsə atıb şərləməkdən ibarət deyil. Polis dövlətin və dövlət başçısını adına xələl gətirən cinayətkarları həbs etməyi və cəzalandırmağı da bacarmalıdır. Bu mütləqdir. Çünki, polis haqqında qanun bunu tələb edir.

İnsanların nisbiliyi mənəvi əlamətlərə görə yox, maddi səviyyəyə görə verilər. Və nəticədə, mütləqləşən bir mənəvi böhran əmələ gələr. Maddi sıxıntı üzündən havalanma, oğrulaşma, yaltaqlaşma, pozğunlaşma, qapazaltılaşma... KİV isə, hər gün daha çox intihar və qətl xəbərləri yayımlayar.

Çoxlarından fərqli olaraq, mənim bu intihar məsələsində öz fikrim var:
“İntihar edənlərin çoxu bu cəmiyyətin durumu ilə barışmayanlardır. Yaşayanların çoxu isə, barışanlar. Az hissə qalanlar da var ki, savaşanlardır. İstər mənfi, istər müsbət qüvvələr. Sonda, kimsə kimisə məhv etmək ümidiylə yaşayır və savaşır. Nə barışanlar, nə də savaşan insanlar da ola bilər - onların yaşaması və ya ölməsi isə, heç özlərinə də dəqiq deyil.”

Sözügedən cəmiyyətdə, nə qədər “stalinizm” və ya mütləqçilik hökm sürür-sürsün, nə qədər normativlər təyin olunur-olsun, yenə də, bütün dünya tərəfindən normativ kimi qəbul edilən, konsepsiyalaşdırılmış, maddələşdirilmiş və açıq-aşkar şəkildə mahiyyəti açılmış şeylər, hamı tərəfindən nisbi qəbul edilir. Bi isə, cəmiyyətdə xəstə nisbiliyin hökm sürməsinə dəlalət edir. Çünki, bu cəmiyyəti xəstə mütləqlik idarə etməkdədir.

Bizim onlarla beynəlxalq demokratik birliyə və konvensiyaya qoşulan dövlətimizin yuxarı dairələrindən gəlməklə, aşağı dairələrdə belə, demokratiya, qanun və insan hüquqları məsələlərinə müxtəlif yanaşmalar mövcuddur.

Məsələn, sənin hüquqların tapdanıbsa və işin polis və ya məhkəmə orqanlarına düşübsə, sənin haqqın və düzgünlüyün çox nisbi mahiyyət daşıyır. Əgər, səndə sosial və siyasi problemlər mövcud deyilsə, aşağı təbəqəyə və ya qara siyahıya aid deyilsənsə, həmin proseslərdən üzüağ çıxmağın mütləqdir.

Siyasətçisənsə, gərək, mütləq və mütləq, tez-tez demokratiyadan danışasan ki, çörək də tapasan. Müxalifət ya iqtidar mövqedə oldun fərqi yoxdur. Ya tərifləməlisən, ya da pisləməli. Onsuz da, hər iki tərəfdə böyük pullar yuyulmaqdadır. Amma, hardasa müxalifət (əsasən də, “qrantamyotlar”ı nəzərdə tuturam) tərəfi anlamaq olar, artıq başağrı olmaması naminə, əcnəbilərin pulunu yeyir, 1-2 yolaverdi hesabat hazırlayıb mövsümü ötürür. Verəndə alır, verməyəndə isə, gözləyir.

Amma, iqtidar tərəfdən heç kim heç nə gözləmir. Yeyilən və ya yuyulan pullar isə, elə bu dövlətin, bu xalqın pullarıdır.

Beləcə, göründüyü kimi, bu cəmiyyətdə hakim olan, istiqamət verən və bütün aqibəti də təyin edən bir mütləq ənənə var. “İnstikt” də demək olar, fərqi yoxdur, əsas odur ki, bu zadın adı “pulyuma mütləqliyi”dir. Kim harda başa keçdi, mütləq, pulyuma prosesində iştirak etməlidir. Hətta, mətbuatda da belədir. Yəni, mətbuata ayrılan dövlət yardımlarından jurnalistlər nəsə gördümü?

Yəqin ki, indi oxucum, mənim də bir çoxlarıının mütləqləşdirdiyi “bu xalq düzələn deyil” və ya “rüşvətxorluq bu xalqın qanındadır” və s. kimi prinsiplərə söyləndiyimi düşünür. Amma, səhv edir.

Qanunun möhkəm olduğu Avropa cəmiyyətlərində yaşayan nə qədər soydaşlarımız var ki, onların da arasından yaxşı tanıdıqlarım var. Məsələn, bu yaxında, Almaniyaya bir tanışım köçüb ki, pintinin yekəsi idi, evdə musiqi oxudanda qonşular qulaqlarına tıxmağa pambıq axtarırdı... Nə qanun, nə qayda vecinə deyildi. İndi isə, Münhendə “quzu balası” kimi aparır özünü. Çünki, cərimələrdən qorxur, qonşuların şikayətindən ehtiyatlanır, qanuni cavabdehlikdən qaçmağa da bir bəhanə tapmır.

Bəli, əziz oxucum. Bu nümunə ilə onu demək istəyirəm ki, bizim dəyərlərimiz və ənənələrimiz yalnız özümüzdən asılıdır. Əgər, kefə deyil, qanuna mütləq baxsaq, ədalətli cəmiyyətin də qurulmasına nail ola bilərik. Bilərik! Mütləq, istəməliyik!