BolgeXeber.Com » Xəbərlər » "Eurohome"da süni bahalaşma problemi

"Eurohome"da süni bahalaşma problemi

2-03-2015, 18:37
Oxunub: 9 295 "Eurohome"da süni bahalaşma problemiTikinti materiallarının qiymətində 35 faiz artım müşahidə edilib

Bazarın sahibi Azay Möhnətov buna şərait yaratdığına görə cəzalandırıla bilər

Uzunmüddətli sabitlikdən sonra manatın dollar qarşısında birdən-birə 33 faiz ucuzlaşması milli valyutaların devalvasiyaya məruz qaldığı digər ölkələrdə olduğu kimi, Azərbaycanda da kəskin inflyasiya riski yaradıb.

Qeyd edək ki, Mərkəzi Bank manatın devalvasiyasını elan edən kimi ölkədə bahalaşma ajiotajı yarandı və ərzaq mağazaları və apteklərdən tutmuş avtomobil satışı salonlarına qədər hər kəs satdığı əmtəənin qiymətini öz bildiyi kimi artırmağa başladı. Prezident İlham Əliyev isə süni qiymət artımına yol verənlərə sərt şəkildə xəbərdarlıq edib. O bildirib ki, süni şəkildə qiymət artırımına yol verənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcək: "Son illər əsas ərzaq məhsulları Azərbaycanda istehsal olunur. Belə olan halda bu məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz. Kim qiymətləri süni şəkildə artırırsa, dövlət tərəfindən öz cəzasını alacaq". Ölkə başçısının xəbərdarlığına baxmayaraq, bəzi sahələrdə süni qiymət artımları müşahidə edilməkdədir. Diqqətinizə çatdırmaq istəyirik ki, manatın ucuzlaşması ilə bağlı vüsət alan bahalaşma tikinti materialları bazarında da öz təsirini göstərməyə başlayıb. Bəzi məlumatlara görə, müxtəlif tikinti mallarının qiymətləri bahalaşıb. Xüsusən də, xarici ölkələrdən idxal olunan tikinti materiallarının qiymətlərində kəskin artım müşahidə olunur. Rusiyadan idxal olunan taxta, parket materialları son dövrlərdəki ucuzlaşmadan sonra yenidən bahalaşmağa başlayıb. Əldə etdiyimiz məlumatlara görə, paytaxtın ən böyük tikinti materialları bazarından biri hesab edilən "Eurohome"da da süni qiymət artımı müşahidə edilməkdədir. Bu barədə əməkdaşımızı məlumatlandıran şəxsin sözlərinə görə, bazarda çalışan sahibkarların bir çoxu satdıqları malları xaricdən aldıqları üçün qiymət artımına getməli olublar: "Tikinti materialları bazarında acınacaqlı vəziyyət yaşanmaqdadır. Nisyə götürdüyü materialın pulunu dollarla qaytaracağını bildirən satıcılar hər bir material üzrə 35 faiz artım əlavə edərək dinamikanı saxlamağa çalışırlar. Bazarda taxta 5,7, dikt 9,3, armatur 2,1, dəmir təbəqə 13, şveller 5,3 faiz bahalaşıb. Mişar daşı 6,9, qum 2,9, DSP 4,6, boru 2,7, sink təbəqə 0,6, plastik boru 3, lambirin 1,8, zamaska 2,3, mismar 5, laminat-parket 0,8, otsep 20, şüşə pambıq 13 faiz bahalaşıb. Digər tikinti materiallarının qiymətində də artım müşahidə edilib. Bəzi sahibkarlar isə satdıqları malların qiymətini qəsdən qaldırıblar. Beləliklə, "Eurohome" tikinti materialları bazarında süni qiymət artımı baş verib. Bundan istifadə edən bazarın sahibi Azay Möhnətov isə icarə haqlarını qaldırmağa hazırlaşır. Məsələdən xəbər tutan dükan sahibləri aylıq icarə pullarının artacağı təqdirdə, malların qiymətinə 45 faizə qədər artım tətbiq etməyi planlaşdırırlar". Verilən məlumatda vurğulanır ki, bazarda müşahidə olunan bahalaşma alıcılıq qabiliyyətinə öz təsirini göstərib: "Belə ki, manat devalvasiya edəndən sonra tikinti materialları bazarında alver olduqca zəifləyib. Dollar bahalaşana qədər əgər sahibkarlar gündəlik 3-4 min manat arasında alver edirdilərsə, indi bu rəqəm xeyli aşağı düşüb. Tikinti materiallarının qiymətinin bahalaşması istehlakçılar tərəfindən narazılıqla qarşılanır. Onların fikrincə, bazarın rəhbərliyi və bəzi sahibkarlar manatın ucuzlaşmasını bəhanə gətirməklə qiymətləri süni şəkildə qaldırıblar". Bir daha vurğulamaq istəyirik ki, cənab prezident qiymətləri süni şəkildə artıranların dövlət tərəfindən öz cəzasını alacağını deyib. Bu isə o deməkdir ki, "Eurohome" tikinti materialları bazarının sahibi Azay Möhnətov ölkədə süni bahalaşma yaratmağa cəhd etdiyi üçün dövlət tərəfindən ciddi şəkildə cəzalandırıla bilər. Yəqin ki, əlaqədar dövlət qurumlarının nümayəndələri sözügedən bazarda yaranan süni bahalaşma ilə bağlı yaxın günlərdə lazımi tədbirlər görəcək.

Məsələ ilə bağlı bazar rəhbərliyinin də fikirlərini işıqlandırmağa hazırıq.